Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

пятница, 15 марта 2013 г.

Heydər Əliyev Bakıda Novruz Bayramı şənliklərində

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda Novruz Bayramı şənliklərində iştirak edərkən nitqi - 21 mart 2000-ci il


Hörmətli qonaqlar, dostlar!
Mən sizin hamınızı əziz bayramımız Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm və hər birinizə, hər bir Azərbaycan vətəndaşına cansağlığı, səadət və xoşbəxtlik arzulayıram.
Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır.
Novruz bayramının qədim tarixi vardır. Bizim tarixçilərimiz bunu indiyə qədər araşdırırlar. Amma nə qədər araşdırsalar da, onun o qədər dərin kökləri olduğunu aşkar edirlər. Məlumdur ki, Novruz bayramı bütün bayramlardan ona görə seçilir ki, bu, təbiətdən, elmi əsaslardan meydana gəlmiş bayramdır.
Dünən biz gecənin-gündüzün bərabərləşdiyini müşahidə etdik. Məhz bu dəqiqələrdə, bu gündə Novruz bayramı başlayıb və bir bayram kimi qeyd edilir. Yəni bu bayramın, yenə də deyirəm, bəlkə də dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu, təbiətlə, kainatla əlaqədardır, bunun elmi əsasları var. Bu bayram min illər boyu bizim xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir.
Vaxt var idi ki, bu bayram bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq həmin onillikləri biz hamımız bir yerdə yaşamışıq və hamımız da bilirik ki, heç kim bu qadağaya fikir verməyibdir və öz bayramını edibdir. Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaraq hər bir insan - zəngin adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan insan da onu bayram edir. O illər ki, bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütləq səməni də, rənglənmiş yumurtalar da, plov da var idi. Ən azı bu idi, hər kəs bunu edə bilirdi. Amma kimlər isə bundan çox edə bilirdi - şəkərbura, əlbəttə ki, paxlava, başqa şirniyyatlar... kimsə bundan çox edə bilsəydi də, elə ailə tapmaq olmazdı ki, bu bayramın əlamətlərindən o günlər istifadə etməsinlər və bayramı qeyd etməsinlər.
Ona görə bu, azərbaycanlıların, Azərbaycan xalqının qəlbinin bayramıdır. Bu bayramı heç kəs əmrlə yaratmayıbdır. Onu da demək istəyirəm ki, zorla, əmrlə insanları hansısa bayramı keçirməyə məcbur etmək çətindir. Təbii ki, olubdur - bəzən xüsusi, siyasi məqsədlərlə - hamı bunu bayram edib. Amma Novruz bayramımın fərqi ondan ibarətdir ki, bunun nə siyasi, nə də iqtisadi mənası var. Bu, ancaq bahar bayramıdır, təbiətin bizə bəxş etdiyi bayramdır, elmi əsaslardan irəliyə gələn bayramdır. Bu, azərbaycanlıların bayramıdır.
Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.
Bu bayram həmişə arzular bayramıdır. İnsan bu bayramı keçirərkən arzu edib. Bahar gəlir, yeni il gəlir, Novruz bayramıdır, hər kəsin arzusu var, hər insanın öz arzusu var. Eyni zamanda bizim xalqımızın, millətimizin arzusu vardır.
Mən bu bayram günü hamının öz arzularına, niyyətlərinə çatmasını istəyirəm. Arzu edirəm ki, hər bir insanın, hər bir Azərbaycan vətəndaşının arzusu bu il yerinə yetsin. Amma eyni zamanda, bizim hamımızın ümummilli, ümumxalq arzumuz vardır. Bu arzu ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin, inkişaf etsin.
Biz səkkiz ildir ki, bu bayramı bir müstəqil dövlət kimi, azad xalq kimi qeyd edirik. Ona görə də hamımızın ümumi arzumuz odur ki, bizim bu milli azadlığımız, bizim dövlət müstəqilliyimiz daimi olsun, əbədi olsun. Biz hamımız bu arzularla yaşayırıq və tam əminəm ki, bu arzularımıza ilbəil nail olacağıq.
Novruz bayramında adətən insanlar istəyirlər ki, dərddən-qəmdən xilas olsunlar, dərddən-qəmdən uzaqlaşsınlar, ya da bundan sonra dərd-qəm olmasın. Hamıya arzu edirəm ki, bu il, bu bayramdan sonra heç kəsin dərdi-qəmi olmasın. Olsa da elə olsun ki, insanlar o dərdi-qəmi, kədəri keçirə bilsinlər.
Amma yenə də xalqımızın, millətimizin ümummilli, ümumxalq dərdi, qəmi vardır. O da Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın böyük bir qisminin işğal olunmasıdır, işğal edilmiş torpaqlardan bir milyondan artıq soydaşlarımızın didərgin düşməsi və ağır vəziyyətdə yaşamasıdır. Bu, bizim ümumi qəmimiz, dərdimiz, kədərimizdir. Ancaq bu dərdi çəkərək biz heç də sınmırıq, ağlamırıq, inildəmirik. Biz bu dərdi mərdliklə, dəyanətlə çəkirik. Eyni zamanda çalışırıq və çalışacağıq ki, bu dərddən-qəmdən xilas olaq. Əminəm ki, biz bundan xilas olacağıq.
Ancaq indi bu bayramı çadırlarda keçirənlər də vardır. Evini-eşiyini itirmiş, ayrı-ayrı yerlərdə əlverişsiz şəraitdə yaşayanlar da vardır. Mən şübhə etmirəm ki, - bu da bayramın xüsusiyyətidir, - hər bir çadırda bu gecə şam yandırılıbdır, bayram yeməyi bişirilib, bayram keçirilibdir. Əvvəl mən bunu dedim ki, xalqımız ən ağır zamanlarda, ən ağır yaşayış şəraitində bu bayramı edibdir. İnanıram ki, bu gün qaçqınların və köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərində də belə bayram əhval-ruhiyyəsi vardır.
Onlar da sizin kimi, hamımız kimi çalırlar, oynayırlar, bayram edirlər. Çünki bu, bizim millətimizin xüsusiyyətidir - sınmamaq, əyilməmək, dərdə dözümlü olmaq. Bəli, bizim millətimiz məğrur, cəsur, qəhrəman millətdir. Bizim millətimiz eyni zamanda çox dərdə dözümlü millətdir. Bunların hamısı ilə birlikdə, bizim millətimiz öz iradəsinə inanan və öz məqsədlərinə nail olmağa inanan millətdir. Bunları deyərək, bunları hər gün hiss edərək mən sizə və bütün Azərbaycan vətəndaşlarına deyirəm ki, bu günlər çadır şəhərciklərində yaşayan insanlar da bayram edirlər.
Mən sizin hamınızı təbrik edirəm. Ancaq o soydaşlarımızı xüsusi təbrik edirəm. Onlara bir daha bildirirəm ki, bizim apardığımız işlər, həyata keçirdiyimiz tədbirlər, - bu işləri ardıcıl aparırıq, - Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını, respublikamızın ərazi bütövlüyünü təmin edəcək, işğal olunmuş torpaqlardan didərgin düşmüş insanlar öz elinə-obasına qayıdacaq və o gün gələcəkdir ki, o yerlərdə bayram tonqalı yandıracaqdır, bayram şənlikləri, yığıncaqları keçiriləcəkdir. O yerlərdə hər kəs öz evində bayram axşamı plov, paxlava bişirəcəkdir, bayramı öz evində edəcəkdir.
Əziz dostlar, əziz bacılar və qardaşlar!
Bizim həyatımızın son illər çox müsbət cəhətləri də var, ancaq eyni zamanda bizi narahat edən cəhətləri də vardır. Biz bunların hamısını ədalətli qiymətləndiririk. Çatışmazlıqları, nöqsanları heç vaxt gizlətmirik. Amma nailiyyətləri də qeyd edirik və onlarla fəxr edirik. Çətinliklərə, nöqsanlara baxmayaraq indi, bu gün Bakıda da, Azərbaycanın hər bir yerində də insanlar bayram əhval-ruhiyyəsindədirlər. Buraya toplaşanların hamısı, təkcə burada deyil, mən bilirəm ki, indi Bakının bütün meydançalarında, küçələrində insanlar bayram şənlikləri keçirirlər, bayram əhval-ruhiyyəsindədirlər.
Bu günlər, axşamlar fişəng partlamasının səsindən qulaq batır. Bizim hüquq-mühafizə orqanları bundan qorxurlar və onu qadağan edirlər. Amma indi təsəvvür edin, bizdə fişəng istehsal olunmur. Bunu insanlar hansısa ölkələrdən alırlar, gətirib burada satır, pul qazanırlar. İnsanların imkanları vardır ki, gedirlər, həmin o fişəngə pul verirlər, alırlar və onu bir saat, iki saat içərisində partladırlar. Kimsə bundan narahat olur. Bəlkə, deyək ki, bu, onun əhval-ruhiyyəsinə təsir edir. Amma məsələn, mən narahat olmuram. Bu, bizim xalqımızın keçmiş adət-ənənəsidir. Amma o vaxtlar heç də bu qədər fişəng olmayıbdır. Kim ki bir-iki fişəng qayıra bilirdisə, o bunu edirdi. Amma indi Bakının küçələrində, orada-burada nə qədər fişəng səsləri eşidirik. Bu, nəyi göstərir? Deməli, insanların əksəriyyəti elə yaşayırlar ki, hətta onların fişəng almağa və çox fişəng atmağa da imkanları vardır. Demək istəmirəm ki, onların hər şeyi vardır. Yox. Amma bu bayram elə bayramdır ki, kimsə bəlkə ona lazım olan başqa şeydən imtina edir, onu almır, yəni, neçə deyərlər, boğazından kəsir, amma o fişəngi alır, bu bayramı qeyd edir. Bax, budur bizim Novruz bayramımız.
Ona görə də bu bayram əhval-ruhiyyəsi, təbiidir ki, bizim hamımıza nikbinlik verir, hamımızda nikbin əhval-ruhiyyə yaradır. Mən sizi əmin edirəm ki, bu nikbinliyə haqqımız var, əsasımız vardır. Çünki apardığımız iqtisadi siyasət, daxili və xarici siyasət Azərbaycanın həyatını gündən-günə yaxşılaşdıracaq, Azərbaycan yüksələcək və respublikamızda hər bir vətəndaş öz hüququndan istifadə edib rahat yaşayacaqdır.
Mən sizin hamınızı bir də təbrik edirəm, sizə cansağlığı arzu edirəm ki, həmişə belə gözəl əhval-ruhiyyədə olasınız!
Çox sağ olun.

понедельник, 4 марта 2013 г.

8 Mart - Beynəlxalq Qadınlar bayramı

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar bayramına həsr olunmuş təntənəli mərasimdə nitqi - "Gülüstan" sarayı, 7 mart 2000-ci il


Hörmətli xanımlar, analar, bacılar!
Sevimli qadınlar!
Sizi 8 Mart - Beynəlxalq qadınlar günü, qadın bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu gün bu salon həmişəkindən daha da gözəldir. Çünki salonun əksəriyyətini təşkil edən qadınlardır. Qadın gözəlliyi bu salona daha da çox işıq verir və salondakı kişilərə, o cümlədən mənə də ilham verir.
Zəhra xanım dedi ki, siz bu bayramı həmişə səbirsizliklə gözləyirsiniz. Amma bilin ki, biz kişilər də bu bayramı səbirsizliklə gözləyirik. Ona görə ki, bu bayramda kişilər qadınlara həmişə xüsusi diqqət göstərirlər, öz kişiliyini, yəni qadına olan hörmətli münasibətini daha da nümayiş etdirmək istəyirlər. Qadınlara mütləq hədiyyə bəxş edirlər, güllər verirlər. Onları bəlkə də əvvəlki vaxtlardan çox öpürlər.
Amma təkcə buna görə yox. Bu bayram doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadınların rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur. Qadınsız həyat yoxdur. Bu, həmişə belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.
Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır. XX əsr dünyada qadınların emansipasiyası əsri olmuşdur. Bu gün böyük iftixar hissi ilə qeyd etmək olar ki, Azərbaycan qadınları bu imkanlardan çox səmərəli istifadə edib, dərhal cəmiyyətdə öz hüquqlarının bərpa olunmasına çalışıb və onlar üçün yaranmış imkanlardan çox yaxşı bəhrələniblər. Beləliklə, demək olar ki, XX əsrin əvvəllərindən və xüsusən 20-ci ildən sonra Azərbaycanda qadınların azadlığa çıxması, tam müstəqil olması, qadınlarla kişilərin hüquqlarının bərabərləşməsi üçün və qadınlara cəmiyyətdə öz istedadlarını nümayiş etdirmək üçün, həyatın müxtəlif sahələrində çalışmaq, zəhmət çəkmək üçün və beləliklə də qadının nəyə qadir olduğunu bir daha nümayiş etdirmək üçün imkanlar yaranıbdır.
Bu gün Azərbaycanda bu problem artıq yoxdur. Çünki Azərbaycan qadını hələ 30-cu illərin əvvəllərində çadranı atdı, öz azadlığını elan etdi, öz hüquqlarının sahibi olduğunu bəyan etdi və tarixi nöqteyi-nəzərdən qısa bir zamanda Azərbaycanda qadınlar cəmiyyətdə, həyatın bütün sahələrində özlərinə məxsus olan yeri tutdular.
Biz fəxr edirik ki, Azərbaycan qadınları həm elmdə, mədəniyyətdə, təhsildə, səhiyyədə, həm də iqtisadiyyatın bütün sahələrində - sənayedə, kənd təsərrüfatında, ticarətdə, hər sahədə özlərini göstərdilər və ölkəmizin, millətimizin inkişafına öz töhfələrini verdilər. Məhz qadınların bu cür geniş fəaliyyəti nəticəsində Azərbaycanda qısa müddətdə təhsil inkişaf etdi, insanlar savadlandı və Azərbaycan təhsili belə yüksək səviyyəyə qalxdı. Qadınların fədakar zəhməti nəticəsində Azərbaycanın səhiyyəsi belə yüksəklərə qalxdı. Mən bu sahələri ona görə xüsusi qeyd edirəm ki, bildiyiniz kimi, Azərbaycanda qadınlar bu sahələrdə işləyənlərin 60 faizini, bəlkə də çoxunu təşkil edir.
Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar, onlar bizim nəslimizi artırırlar. Qadınlarla kişilərin bərabərliyinə gəldikdə, açıq demək lazımdır ki, qadınlar həmişə kişilərdən çox zəhmət çəkiblər. Qədim zamanlardan belə təsəvvür var ki, kişi işləyir, pul qazanır, ailəni saxlayır, qadın isə ev işi görür. Bu, belə olubdur. Amma indi belə deyildir. İndi kişi də işləyir, qadın da işləyir, kişi də qazanır, qadın da qazanır.
Demək olar ki,

"Azərbaycan qadını naminə"

 "Azərbaycan qadını naminə"


"Azərbaycan qadını naminə" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşridir. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasında Qadın Siyasəti haqqında" Fərmanının imzalanmasının 10 illiyinə həsr olunur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadın siyasətini ən müxtəlif cəhətlərdən açıqlayan çoxsaylı çıxış və müraciətləri var. Bu kitabda həmin sənədlərin əksər hissəsi yer almışdır.
Kitaba Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin qadınların ali məclislərindəki çıxışları, qadın bayramları ilə əlaqədar təbrikləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Qadınlar Günü və müxtəlif tədbirlərlə bağlı Azərbaycan qadınlarına təbrik məktubları daxil edilmişdir. Kitaba həmçinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çıxışları və "Bakı" jurnalına müsahibəsi daxil edilmişdir. "Azərbaycan Respublikasında Qadın Siyasəti haqqında" Fərmanın "Gender bərabərliyi haqqında" Qanunun mətni də kitaba daxil edilən sənədlərdəndir.

Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında

      Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında
         AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI


Azərbaycan qadını öz idarəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələnən gözəl qadın obrazlarının bədii təsviri verilmişdir. Mənəviyyatımızın təməl kitabı olan "Kitabi-Dədə Qorqud"un qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.
Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaratmışdır. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı xalqımızın qadına göstərdiyi ehtiram parlaq təcəssümüdür.
Azərbaycan mədəniyyətinin və elminin inkişafında mühüm mərhələ olan orta əsrlər dövründə Azərbaycan qadınının fəaliyyəti xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşdirilməsinə xidmət etmişdir. XII əsr poeziyasının görkəmli nümayəndələrindən olan Məhsəti Gəncəvinin şer məclisləri Azərbaycan qadınının adını uzaq ellərdə tanıtdı.
Orta əsrlər tariximizdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimlərinin adları hörmətlə yad edilir.
XIX əsr Azərbaycanın həyatında qadınların fəallığı və böyük yaradıcılıq uğurları ilə səciyyələnir. Bu mənada Xurşid banu Nətəvanın, Ağa Bəyim Ağa Ağabacının, Gönçəbəyimin, Fatma xanım Kəminənin, Şahnigar xanımın, Qəmərbəyim Şeyda Qarabağinin və başqalarının yaradıcılığı diqqəti cəlb edir. Həmin əsrdən Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınların maariflənməsi və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan verdi.
Dünyəvi teatrın, demokratik mətbuatın, anadilli məktəbin, qız məktəblərinin və qadın gimnaziyalarının yaradılması Azərbaycan qadınlarının hərtərəfli inkişafı üçün yeni üfüqlər açdı. Bu dövrdə cəmiyyətdə maarifçiliklə yanaşı xeyriyyəçilik də mühüm yer tuturdu. Gövhər xanım Qəcar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya, Məsmə xanım Talışinskaya, Səltənət xanım Əhmədova və digərlərinin yaratdıqları daqın xeyriyyə cəmiyyətləri böyük iş aparırdı. O dövrün möhtəşəm abidəsi olan Təzə-pir məscidi də həmin xeyriyyə tədbirlərindən biri kimi Nabat xanım Aşurbəyli-Rzayeva tərəfindən tikdirilmişdir. Bütün bu işlərin məntiqi nəticəsi olaraq tariximizdə il dəfə olaraq qadınlara seçib-seçilmək hüquq verildi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı. Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir. Qadın emansipasiyası, qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqları malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir.
1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi. Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi. 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında mühüm rol oynadı. 1923-cü ildə "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu.
İkinci Dünya Müharibəsi qadınların əməyə daha geniş surətdə cəlb edilməsinə təkan verdi. Bir çox sahələrdə cəbhəyə gedən kişiləri qadınlar əvəz etdi. Həmin dövrdə Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva kimi təyyarəçi, Şövkət Səlimova kimi qadın gəmi kapitanı yetişmişdi. Müharibə dövründə qadınlarımız ön cəbhədə mərdliklə döyüşmüş, arxa cəbhədə əmək rəşadəti, fədakarlıq nümayiş etdirmişlər. Bütün bunlar Azərbaycanda qadın hərəkatı tarixinin unudulmuş səhifələridir.
Azərbaycan qadınlarının sovet hakimiyyəti illərində elm və mədəniyyət sahələrində əldə etdikləri nailiyyətlər onların böyük istedad və əməksevərliyinə dəlalət edən tutarlı sübutdur. Teatr səhnəsinin mahir ustaları Mərziyyə Davudova, Fatma Qədri, Hökumə Qurbanova, Münəvvər Kələntərli, Barat Şәkinskaya, Leyla Bədirbəyli, Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Amalya Pənəhova, Azərbaycan baletinin ulduzları Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, sevimli müğənnilərimiz Şövkət Məmmədova, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Sarpa Qədimova , Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Zeynəb Xanlarova, görkəmli bəstəkarlarımız Ağabacı Rzayeva, Şəfiqə Axundova, Firəngiz Əlizadə, böyük qadın rəssamlarımız Vәcihә Səmədova, Reyhan Topçubaşova, Güllü Mustafayeva, Elmira Şaxtanxtinskaya, Maral Rəhmanzadə milli mədəniyyətimizin inkişafına öz layiqli töhfələrini vermişlər. Azərbaycanın qadın şair və yazıçıları - Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün, Hökumə Billuri, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli də Azərbaycan ədəbiyyatının inkişafı tarixində silinməz izlər qoymuşlar.
Sovet hakimiyyəti dövründə Azərbaycan qadınlarının 1957, 1967 və 1972-ci illərdə keçirilmiş qurultayları da Azərbaycanda qadın hərəkatının inkişafında, onun daha mütəşəkkil forma almasında mühüm rol oynadı.
Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçmişdir. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş vermişdir.
Əldə edilmiş nailiyyətlərlə yanaşı sovet dövründə formalaşan stereotiplər milli və ənənəvi xüsusiyyətləri, sırf qadına məxsus cəhətləri bəzən nəzərə almırdı. Qadın məsələlərinin həlli və qadın inkişafı haqqında sovet konsepsiyasında bir çox amillər diqqətdən kənarda qalırdı. Məşğulluğun forması, göstəriciləri qabardılır, əməyin keyfiyyətli, qadının daxili tələbatı ilə bu əməyin uyğunluğu və qadının əməkdə öz potensialını ifadə etmək imkanları unudulurdu.
Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər.1990-cı il yanvarın 19-20-də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciənin qurbanları arasında qadınlar da var idi. Azərbaycanın milli qəhrəmanları - Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi oldular. Erməni qəsbkarlarının Azərbaycanın ərazisinin 20%-ni işğal etməsi nəticəsində öz doğma ev-eşiyindən didərgin düşmüş bir milyona qədər Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxdur. Qarabağ müharibəsinin nəticələrindən doğan əsas problemlərin, o cümlədən qaçqınlıq və köçkünlük həyatının ağırlığı başlıca olaraq qadınların - anaların, bacıların, qız-gəlinlərin üzərinə düşdü. Həmişə sülhün, əmin-amanlığın çarçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı.
Qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaratdılar. Ümummilli miqyasda fəaliyyət göstərən qadın təşkilatları öz əsas məqsədi kimi Azərbaycanda qadının vəziyyətinin yaxşılaşdırılmasını, onun sosial-iqtisadi problemlərinin həllini və sair məsələləri qeyd edirlər. Bu gün də yeni yeni qadın təşkilatları formalaşır, mövcud təşkilatlar isə öz şəbəkəsini, fəaliyyət dairəsini genişləndirir.
1995-ci ildə Pekində keçirilən IV Ümumdünya Qadınlar konfransına hazırlıq dövründə Azərbaycanda fəaliyyət göstərən Qadınların Milli Komitəsi Pekin konfransına ümummilli məruzəni hazırlayıb təqdim etmişdir. Konfransdan sonra ümummilli fəaliyyət platformasına aid müzakirələr və konfranslar keçirilmişdir. Azərbaycan Respublikası 1995-ci iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.
Pekin konfransından keçən beş il ərzində onun sənədlərində qeyd olunmuş prinsip və tövsiyələrin həyata keçirilməsi istiqamətində çox işlər görülmüş və Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarına bu barədə hesabatlar təqdim edilmişdir.
Respublikada qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli, Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı və Nazirlər Kabinetinə ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə müvafiq təkliflər işləyib hazırlamaq tapşırıldı.
Fərmanın yerinə yetirilməsi ilə əlaqədar respublika həyatının müxtəlif sahələrində, ayrı-ayrı nazirlik, idarə və şirkətlərdə, ümumiyyətlə dövlət idarəçiliyi sistemində qadınların təmsil olunmasına dair əldə edilmiş statistik məlumat göstərdi ki, respublikanın 80-dən çox şəhər və rayon icra başçısından yalnız 5-i qadındır və hətta əksər işçiləri qadınlardan ibarət olan dövlət qurumlarında və müxtəlif peşə sahələrində qərar qəbul etmə mövqelərində qadınlar çox zəif təmsil olunurlar. Şəhər və rayonlarda işçilərinin böyük əksəriyyətini qadınların təşkil etdiyi təhsil şöbələrinin 5-nə, səhiyyə şöbələrinin isə 8-nə qadınlar rəhbərlik edir.
Respublikada müxtəlif səviyyələrdə qəbul olunan qanunvericilik aktları, qərar və qətnamələr, xüsusilə Nazirlər Kabineti, ayrı-ayrı nazirlik və idarələrdə qəbul olunan qərarlar çox vaxt gender siyasətinin tələbləri baxımından ekspertiza olunmur.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr qadınların qarşısında yeni məqsəd və vəzifələr qoydu. Bazar iqtisadiyyatının təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını tələb edir. Bu baxımdan qeyd edilməlidir ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir.
Qadın problemlərinin həlli zərurəti Azərbaycan qadınlarının 1998-ci il sentyabrın 25-də keçirilmiş ilk qurultayında qeyd olundu. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultay göstərdi ki, cəmiyyətdə qadınların rolunun artırılması yolunda hələ çox iş görülməlidir.
Qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilsin.
2. Dövlət Statistika Komitəsi Qadınların Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə respublikada qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumat hazırlasın.
3. Nazirlər Kabinetinə tapşırılsın ki:
ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılmasını təmin etsin;
qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədilə onların münasib işlə təmin edilməsi proqramı hazırlayıb həyata keçirsin;
qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında müvafiq dəyişikliklər və əlavələr edilməsi məqsədilə mövcud qanunvericiliyi təhlil edib təkliflər versin;
hər il martın 1-nə qədər bu Fərmanın yerinə yetirilməsinin gedişi haqqında Azərbaycan Respublikasının Prezidentinə məruzə təqdim etsin;
Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 6 mart 2000-ci il
                 № 289

Müstəqil Azərbaycanda qadın siyasəti

Müstəqillik hər bir xalqın ən böyük sərvətidir. Bunu əldə etmək nə qədər çətindirsə, qoruyub saxlamaq ondan da qat-qat çətindir. Bütün təsisatları ilə tam şəkildə formalaşana qədər müstəqillik qazanan ölkələrə qarşı daim təhdidlər, təzyiqlər olur. Müstəqilliyimizi əldə etməyimizdən böyük bir zaman keçməsə də, hər halda, bunun əbədi və dönməz olduğunu bütün dünyaya çatdıra bilmişik. Bu tarixi uğurun əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli dövlət adamı Heydər Əliyevin böyük xidməti danılmazdır.

Bu gün Azərbaycanın üçrəngli bayrağının dünyanın ən böyük beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatının iqamətgahında müstəqil dövlətlərin bayraqları ilə bir yerdə dalğalanması hər birimiz üçün fəxredici, qürurverici məsələdir. Bir daha qeyd edim ki, biz bunun üçün müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevə borcluyuq.
Müstəqillik həm də ölkədə demokratik təsisatların bərqərar olması üçün münbit şərait yaradır, yaxud da yaranmasında mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar isə bütövlükdə dövlət institutlarının inkişafına gətirib çıxarır. Bu mənada mən diqqəti bu gün Azərbaycanda qadın siyasətinə yönəltmək istəyirəm. Ulu öndər Heydər Əliyev və ümumən dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib.
Tarixi həqiqətdir ki, bütün dövrlərdə və dünyanın hər yerində qadına münasibət məsələsi həmişə gündəmdə olmuşdur. Qadına münasibət dedikdə heç də kişinin qadına və yaxud qadının kişiyə münasibəti nəzərdə tutulmur. Qadına münasibət məsələsi qadının cəmiyyətdəki yeri və rolu kimi götürülür.
Azərbaycanda qadına münasibət həmişə yüksək olmuşdur. Qadın anadır, həyat yoldaşıdır və həm də bəşəriyyətin yarıdan çoxunu təşkil edən varlıqdır.
Bu da bir həqiqətdir ki, Azərbaycan qadını XX əsrdən kişilərlə çiyin-çiyinə, bərabərhüquqlu vətəndaş kimi cəmiyyətdə çox fəal olmuşdur. Azərbaycan müstəqillik qazandıqdan sonra isə qadınlarımıza hörmət və diqqət daha da artmışdır. Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkəmizdə ümumi əhalinin 51%-ni qadınlar təşkil edir. Onların 52%-i şəhər, 48%-i kənd yerlərində yaşayırlar. Qadınların 23%-i 14 yaşınadək, 69%-i 15-64 yaşlarında, 8%-i isə 65 və daha yuxarı yaşlardadır.
Hazırda Azərbaycanda 28 doğum evi, 331 qadın məsləhətxanası, 596 uşaq poliklinikası və ambulatoriya, 1750 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Azərbaycanda qadınların orta yaş həddi 75,1 ildir. Bu, kişilərin orta yaş həddindən 5,4 il artıqdır.
Bu gün qadınlarımızın 49,5%-i əmək fəaliyyətilə məşğuldur. Ümumtəhsil məktəblərində müəllimlərin 71%-i, texnikumlarda 73%-i, ali məktəblərdə 47%-i, həkimlərin isə 61%-i qadınlardır.
15 yaşından yuxarı hər 1000 qadından 745-i ali və tam orta təhsilə malikdir. Ümumtəhsil məktəblərində şagirdlərin 48%-i, texnikumlarda 70%-i, ali məktəb tələbələrinin isə 50%-i qızlardır. Aspirant və doktorantların 28%-i qadınlardır.
Ölkəmizdə bütün elmi işçilərin 50%-ni qadınlar təşkil edir. Milli Məclisin deputatlarının 11,2%-i qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınlar 39%, sahibkarlar arasında isə 15%-dir. İdmançılarımızın 20%-ni qadınlar təşkil edir. Hazırda ölkənin ev təsərrüfatlarının 21%-nə qadınlar rəhbərlik edirlər. Bu rəqəmlər çağdaş dövrümüzün qadın siyasətinin göstəriciləridir. Hesab edirəm ki, arzuolunan bir nəticədir.
XX əsrin 60-cı illərinin sonlarından ölkəmizə rəhbərlik etməyə başlayan Heydər Əliyev qadın azadlığına, qadınların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət verib. Buna misal, ötən əsrin 70-ci illərinin sonlarında Azərbaycanda həkimlərin 62%-ni qadınların təşkil etməsini göstərmək olar. O zaman Ali Sovetin deputatlarının 37 nəfərinin qadın olması demək olar ki, Şərq qadınına sayğının, etimadın bariz nümunəsi idi. Müqayisə üçün bildirək ki, o zamanlar Amerikada 12, İngiltərədə 26, Fransada 2, İtaliyada 33, İranda 7 qadın deputat var idi. Bu rəqəmləri təsadüfən diqqətə çatdırmıram. Baxın, Avropanın indi problem olaraq gördüyü məsələni Ulu öndər hələ ötən əsrin 70-ci illərində gerçək həyata çevirmişdi. Hələ o zamanlar Heydər Əliyev ali məktəb və texnikumlarda təhsil alan qadınların sayının artırılmasına və onların elmlə məşğul olmasının stimullaşdırılmasına diqqət verməyi vacib məsələ kimi qarşıya qoyurdu. Göründüyü kimi, Azərbaycanda bu sahədə elə də ciddi problemlər yaşanmayıb. Məhz Heydər Əliyevin uğurlu fəaliyyəti sayəsində və onun siyasi xəttinin nəticəsində Azərbaycanda qadınlar həmişə özlərini sözün həqiqi mənasında cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss ediblər. Bu, Heydər Əliyev siyasətinin tərkib hissəsidir.
Söz yox ki, qadınlara münasibətlə bağlı müəyyən problemlər mövcuddur. Bəziləri bunu şərqli olmağımızla əlaqələndirirlər. Lakin mən düşünürəm ki, bunu yalnız Azərbaycan, yaxud da Şərq problemi kimi qabartmaq düz deyil. Çünki bu məsələ qlobal xarakterli məsələdir və təsadüfi deyil ki, hələ ötən əsrin 70-ci illərindən BMT gender tədqiqatlarına xüsusi diqqət ayırır. Bu qurumun təşəbbüsü ilə 1975-ci ilin dünya səviyyəsində Beynəlxalq qadın ili kimi qeyd edilməsi də bu fikri bir daha təsdiqləyir.
Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycan qadınına olan sayğını daha da artırdı. Onun ölkəmizdə açıq cəmiyyət uğrunda gördüyü işlər gender probleminin həlli üçün hərtərəfli baza yaratdı. Burada bir məsələni xüsusi vurğulamaq istəyirəm. Heydər Əliyevin qayıdışı Azərbaycanın müharibə şəraitində olduğu bir zamana təsadüf edirdi. Yəqin ki, müharibə dövründə qadınların daha böyük məhrumiyyətlərlə üzləşdiyini hamı təsdiqləyər. Çünki hər hansı insan itkisi bir ananın övladını, bir qadının ailə başçısını, bir qızın nişanlısını itirməsi deməkdir. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra analarımızın, gəlinlərimizin, qızlarımızın göz yaşları qurudu, atəşkəs əldə edildi. Düzdür, bu gün də Ermənistanın təcavüzkar və terrorçu siyasəti ucbatından bu atəşkəs pozulur, ara-sıra müəyyən itkilər olur. Ancaq bu, kütləvi deyil. Bu mənada hər birimiz Ümummilli liderin siyasi dəsti-xəttinə və bu dəsti-xəttin layiqli davamçısı cənab Prezident İlham Əliyevə minnətdarıq.
Məhz Heydər Əliyevin müəllifliyi ilə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib. Bununla demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarıb. Ümumiyyətlə, Heydər Əliyev siyasi xəttinin bərqərar olduğu zamanlarda qadınlarımızın hüquqlarının qorunması, onların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün mümkün olan bütün işlər görülüb. Nəzərinizə çıtdırmaq istəyirəm ki, bu gün Heydər Əliyev dedikdə müstəqil Azərbaycan dövləti, müstəqil Azərbaycan dedikdə isə Heydər Əliyev yada düşür. Bu ifadələr leksikonumuzda sinonim kimi işlədilir. Ona görə də Heydər Əliyevin Azərbaycan qadınına cəmiyyətdə yüksək yer verməsindən danışarkən, bu həm də elə Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü iş kimi qəbul edilməlidir.
1995-ci ilin iyununda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə bütün ayrı-seçkilik formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşuldu. Elə həmin ilin yayında Heydər Əliyev Çində keçirilən Qadınların IV Beynəlxalq Konfransında qadınlarımızın yüksək səviyyədə təmsil olunmaları üçün Milli Hazırlıq Komitəsinin yaradılması barədə sərəncam imzaladı. Tarixə Pekin Konfransı kimi düşən beynəlxalq toplantının qəbul etdiyi qərar və qətnamələr dünyada qadın problemlərinin həllinin tezləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Amma bütün dünyanın bu şəkildə qəbul etdiyi Pekin Konfransından öncə məhz Heydər Əliyevin siyasi düşüncəsi, Azərbaycan qadınına böyük sayğısı bu işlərin ölkəmizdə hələ xeyli illər öncədən həyata keçirilməsinə start vermişdi.
Azərbaycan Prezidenti Heydər Əliyevin 14 yanvar 1998-ci il fərmanı ilə