Azərbaycan
Respublikasında dövlət qadın siyasətinin həyata
keçirilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
qadını öz idarəsi və mərdliyi, saflığı
və sədaqəti ilə cəmiyyətimizin
həyatında, xalqımızın milli-mənəvi
dəyərlər sisteminin formalaşdırılmasında
müstəsna rol oynamışdır. Xalq
yaradıcılığı nümunələrində, qədim
rəvayət və dastanlarımızda yüksək
mənəvi sifətlərlə səciyyələnən gözəl
qadın obrazlarının bədii təsviri verilmişdir.
Mənəviyyatımızın təməl kitabı olan
"Kitabi-Dədə Qorqud"un qadın surətləri bu
gün də öz məziyyətləri ilə bəşəri
idealların təntənəsinə xidmət edir.
Azərbaycan
gerçəkliyi şair və mütəfəkkirlərə
qadınları həyat mənbəyi və müdriklik
mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi
material vermişdir. Dahi Nizami öz əsərlərində Məhinbanu
və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə
və yeddi gözəl obrazlarını yaratmışdır.
Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən
ucaldılmış Möminə xatun türbəsi
əzəmətli memarlıq abidəsi olmaqla yanaşı
xalqımızın qadına göstərdiyi ehtiram parlaq
təcəssümüdür.
Azərbaycan
mədəniyyətinin və elminin inkişafında mühüm
mərhələ olan orta əsrlər dövründə Azərbaycan
qadınının fəaliyyəti xalqımızın milli-mədəni
ənənələrinin qorunub saxlanılması və
zənginləşdirilməsinə xidmət etmişdir. XII
əsr poeziyasının görkəmli
nümayəndələrindən olan Məhsəti
Gəncəvinin şer məclisləri Azərbaycan
qadınının adını uzaq ellərdə tanıtdı.
Orta
əsrlər tariximizdə Azərbaycan hökmdarlarından
Qızıl Arslanın arvadı Qətibə xanım,
Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin
anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu,
Şirvanşah Xəlilullanın arvadı Pəri xanım,
Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə
və başqaları kimi görkəmli siyasi və dövlət
xadimlərinin adları hörmətlə yad edilir.
XIX
əsr Azərbaycanın həyatında qadınların
fəallığı və böyük yaradıcılıq
uğurları ilə səciyyələnir. Bu mənada
Xurşid banu Nətəvanın, Ağa Bəyim Ağa
Ağabacının, Gönçəbəyimin, Fatma xanım Kəminənin,
Şahnigar xanımın, Qəmərbəyim Şeyda
Qarabağinin və başqalarının yaradıcılığı
diqqəti cəlb edir. Həmin əsrdən Azərbaycanda
baş verən siyasi, iqtisadi və mədəni proseslər
qadınların maariflənməsi və ictimai həyatda daha
fəal iştirak etməsinə güclü təkan verdi.
Dünyəvi
teatrın, demokratik mətbuatın, anadilli məktəbin,
qız məktəblərinin və qadın
gimnaziyalarının yaradılması Azərbaycan
qadınlarının hərtərəfli inkişafı üçün
yeni üfüqlər açdı. Bu dövrdə cəmiyyətdə maarifçiliklə
yanaşı xeyriyyəçilik də mühüm yer tuturdu. Gövhər
xanım Qəcar, Həmidə xanım Cavanşir, Nigar
xanım Şıxlinskaya, Məsmə xanım Talışinskaya,
Səltənət xanım Əhmədova və
digərlərinin yaratdıqları daqın xeyriyyə
cəmiyyətləri böyük iş aparırdı. O dövrün
möhtəşəm abidəsi olan Təzə-pir məscidi
də həmin xeyriyyə tədbirlərindən biri kimi Nabat
xanım Aşurbəyli-Rzayeva tərəfindən
tikdirilmişdir. Bütün bu işlərin məntiqi nəticəsi
olaraq tariximizdə il dəfə olaraq qadınlara
seçib-seçilmək hüquq verildi.
1918-ci
ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
Azərbaycan qadınının demokratik cəmiyyətin
fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı.
Sovet hakimiyyəti illərində də Azərbaycan
qadını çox mürəkkəb və şərəfli yol
keçmişdir. Qadın emansipasiyası, qısa bir
müddətdə qadınlar arasında
savadsızlığın ləğvi, qadınların
müəllim, həkim, mühəndis və sair
peşələrə yiyələnərək cəmiyyətdə
kişilərlə bərabər hüquqları malik olması, öz
istedad və bacarıqlarını gerçəkləşdirə
bilməsi həmin dövrün başlıca nailiyyətləridir.
1921-ci
il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili
kimi daxil olmuşdur. Nəriman Nərimanovun məruzə
ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini
qadın azadlığı ideyaları təşkil etdi.
Qurultaydan keçən qısa bir müddət ərzində
Azərbaycan qadınlarının maariflənməsi, ictimai
fəallığının artırılması
sahəsində böyük işlər həyata keçirildi. 1921-ci
ildə qızlar üçün təşkil olunmuş
məktəbəqədər tərbiyə institutu bir il sonra
Ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın
təşəbbüsü ilə yaradılmış ilk qadın
klubu bu dövrdə qadın hərəkatının
inkişafında mühüm rol oynadı. 1923-cü ildə
"Şərq qadını" jurnalının
nəşrə başlaması Azərbaycanda qadın
hərəkatı tarixində əlamətdar hadisə oldu.
İkinci
Dünya Müharibəsi qadınların əməyə daha geniş
surətdə cəlb edilməsinə təkan verdi. Bir çox
sahələrdə cəbhəyə gedən kişiləri
qadınlar əvəz etdi. Həmin dövrdə Leyla Məmmədbəyova,
Züleyxa Seyidməmmədova, Sona Nuriyeva kimi təyyarəçi,
Şövkət Səlimova kimi qadın gəmi kapitanı
yetişmişdi. Müharibə dövründə qadınlarımız
ön cəbhədə mərdliklə döyüşmüş, arxa
cəbhədə əmək rəşadəti,
fədakarlıq nümayiş etdirmişlər. Bütün bunlar
Azərbaycanda qadın hərəkatı tarixinin unudulmuş
səhifələridir.
Azərbaycan
qadınlarının sovet hakimiyyəti illərində elm
və mədəniyyət sahələrində əldə
etdikləri nailiyyətlər onların böyük istedad və
əməksevərliyinə dəlalət edən tutarlı
sübutdur. Teatr səhnəsinin mahir ustaları Mərziyyə
Davudova, Fatma Qədri, Hökumə Qurbanova, Münəvvər
Kələntərli, Barat Şәkinskaya, Leyla
Bədirbəyli, Nəsibə Zeynalova, Şəfiqə
Məmmədova, Amalya Pənəhova, Azərbaycan baletinin
ulduzları Qəmər Almaszadə, Leyla Vəkilova,
Rəfiqə Axundova, sevimli müğənnilərimiz
Şövkət Məmmədova, Həqiqət Rzayeva,
Şövkət Ələkbərova, Sarpa Qədimova , Rübabə
Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova,
Zeynəb Xanlarova, görkəmli bəstəkarlarımız
Ağabacı Rzayeva, Şəfiqə Axundova, Firəngiz
Əlizadə, böyük qadın rəssamlarımız Vәcihә
Səmədova, Reyhan Topçubaşova, Güllü Mustafayeva, Elmira Şaxtanxtinskaya,
Maral Rəhmanzadə milli mədəniyyətimizin
inkişafına öz layiqli töhfələrini vermişlər.
Azərbaycanın qadın şair və yazıçıları -
Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün, Hökumə
Billuri, Əzizə Cəfərzadə, Xanımana
Əlibəyli də Azərbaycan ədəbiyyatının
inkişafı tarixində silinməz izlər qoymuşlar.
Sovet
hakimiyyəti dövründə Azərbaycan qadınlarının
1957, 1967 və 1972-ci illərdə keçirilmiş qurultayları
da Azərbaycanda qadın hərəkatının
inkişafında, onun daha mütəşəkkil forma almasında
mühüm rol oynadı.
Azərbaycan
qadınları XX əsrdə qısa müddət ərzində
yüzilliklərə bərabər inkişaf yolu keçmişdir.
Onların cəmiyyətdə, ictimai həyatda,
ailədəki mövqeyində köklü dəyişikliklər baş
vermişdir.
Əldə
edilmiş nailiyyətlərlə yanaşı sovet dövründə
formalaşan stereotiplər milli və ənənəvi
xüsusiyyətləri, sırf qadına məxsus
cəhətləri bəzən nəzərə
almırdı. Qadın məsələlərinin həlli
və qadın inkişafı haqqında sovet konsepsiyasında
bir çox amillər diqqətdən kənarda qalırdı.
Məşğulluğun forması, göstəriciləri
qabardılır, əməyin keyfiyyətli, qadının
daxili tələbatı ilə bu əməyin uyğunluğu
və qadının əməkdə öz potensialını
ifadə etmək imkanları unudulurdu.
Azərbaycan
qadınları müstəqillik yollarında gedən
mübarizələrin ön sıralarında idilər. 1988-ci
ildən respublikada cərəyan edən mürəkkəb
proseslərdə qadınlar kişilərlə bərabər
iştirak edirdilər.1990-cı il yanvarın 19-20-də sovet
qoşunlarının Bakıda və respublikanın digər
şəhər və rayonlarında törətdikləri
qanlı faciənin qurbanları arasında qadınlar da var
idi. Azərbaycanın milli qəhrəmanları - Qarabağ cəbhəsində
həlak olmuş jurnalist Salatın Əsgərova və
həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq
rəmzi oldular. Erməni qəsbkarlarının
Azərbaycanın ərazisinin 20%-ni işğal etməsi
nəticəsində öz doğma ev-eşiyindən didərgin
düşmüş bir milyona qədər Azərbaycan
vətəndaşı arasında qadınların sayı
çoxdur. Qarabağ müharibəsinin nəticələrindən
doğan əsas problemlərin, o cümlədən
qaçqınlıq və köçkünlük həyatının
ağırlığı başlıca olaraq qadınların
- anaların, bacıların, qız-gəlinlərin
üzərinə düşdü. Həmişə sülhün, əmin-amanlığın
çarçısı olmuş Azərbaycan qadınları respublikada
baş verən mürəkkəb ictimai-siyasi proseslərin
gedişində daim milli dövlətçilik mövqeyindən
çıxış etmişlər.
Müstəqil
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul
olunmuş ilk konstitusiyası qadınların
kişilərlə bərabər hüququnu təsdiq etdi və
demokratik dövlət quruculuğu prosesində onların fəal
iştirakının hüquqi bazasını yaratdı.
Qadınlar
cəmiyyətimizdə gedən demokratikləşmə
proseslərindən istifadə edərək qısa bir
müddətdə yeni dövrün tələblərinə uyğun
qadın təşkilatları yaratdılar. Ümummilli miqyasda fəaliyyət
göstərən qadın təşkilatları öz əsas
məqsədi kimi Azərbaycanda qadının
vəziyyətinin yaxşılaşdırılmasını,
onun sosial-iqtisadi problemlərinin həllini və sair
məsələləri qeyd edirlər. Bu gün də yeni yeni
qadın təşkilatları formalaşır, mövcud
təşkilatlar isə öz şəbəkəsini,
fəaliyyət dairəsini genişləndirir.
1995-ci
ildə Pekində keçirilən IV Ümumdünya Qadınlar konfransına
hazırlıq dövründə Azərbaycanda fəaliyyət
göstərən Qadınların Milli Komitəsi Pekin
konfransına ümummilli məruzəni hazırlayıb təqdim
etmişdir. Konfransdan sonra ümummilli fəaliyyət
platformasına aid müzakirələr və konfranslar
keçirilmişdir. Azərbaycan Respublikası 1995-ci iyunun 30-da
Birləşmiş Millətlər Təşkilatının
"Qadınlara münasibətdə ayrı seçkiliyin bütün
formalarının ləğv olunması haqqında"
konvensiyasına qoşularaq öz üzərinə müvafiq
öhdəliklər götürmüşdür.
Pekin
konfransından keçən beş il ərzində onun
sənədlərində qeyd olunmuş prinsip və
tövsiyələrin həyata keçirilməsi istiqamətində çox
işlər görülmüş və Birləşmiş
Millətlər Təşkilatının müvafiq qurumlarına
bu barədə hesabatlar təqdim edilmişdir.
Respublikada
qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil
şəkildə həyata keçirilməsi məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli,
Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət
Komitəsi yaradıldı və Nazirlər Kabinetinə
ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında
qadınların rolunu artırmaq məqsədilə müvafiq
təkliflər işləyib hazırlamaq
tapşırıldı.
Fərmanın
yerinə yetirilməsi ilə əlaqədar respublika
həyatının müxtəlif sahələrində,
ayrı-ayrı nazirlik, idarə və
şirkətlərdə, ümumiyyətlə dövlət
idarəçiliyi sistemində qadınların təmsil
olunmasına dair əldə edilmiş statistik məlumat
göstərdi ki, respublikanın 80-dən çox şəhər
və rayon icra başçısından yalnız 5-i
qadındır və hətta əksər işçiləri
qadınlardan ibarət olan dövlət qurumlarında və
müxtəlif peşə sahələrində qərar qəbul
etmə mövqelərində qadınlar çox zəif təmsil
olunurlar. Şəhər və rayonlarda işçilərinin böyük
əksəriyyətini qadınların təşkil etdiyi
təhsil şöbələrinin 5-nə, səhiyyə
şöbələrinin isə 8-nə qadınlar rəhbərlik
edir.
Respublikada
müxtəlif səviyyələrdə qəbul olunan qanunvericilik
aktları, qərar və qətnamələr, xüsusilə
Nazirlər Kabineti, ayrı-ayrı nazirlik və
idarələrdə qəbul olunan qərarlar çox vaxt gender
siyasətinin tələbləri baxımından ekspertiza
olunmur.
Azərbaycan
öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr
qadınların qarşısında yeni məqsəd və
vəzifələr qoydu. Bazar iqtisadiyyatının
təşəkkül tapması, ölkəmizin müxtəlif
sahələrində aparılan islahatlar, vətəndaş
cəmiyyətinin formalaşmasında
vətəndaşların fəallığının
artırılması yolunda görülən işlər
qadınların cəmiyyətdəki rolunun
artırılmasını tələb edir. Bu baxımdan qeyd
edilməlidir ki, qadınlar üçün bəyan edilən
bərabər hüquqlar real bərabər imkanların olmaması
üzündən çox vaxt gerçəkləşə bilmir.
Qadın
problemlərinin həlli zərurəti Azərbaycan
qadınlarının 1998-ci il sentyabrın 25-də
keçirilmiş ilk qurultayında qeyd olundu. Respublikada
cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin
gedişində Azərbaycan qadınlarının daim milli
dövlətçilik mövqeyindən çıxış etdiklərini
nümayiş etdirən qurultay göstərdi ki, cəmiyyətdə
qadınların rolunun artırılması yolunda hələ
çox iş görülməlidir.
Qadınların
kişilərlə hüquq bərabərliyini, xüsusilə
onların dövlət idarəçiliyi sistemində lazımi
səviyyədə təmsil olunmasını əməli
surətdə təmin etmək məqsədilə qərara alıram:
1.
Azərbaycan Respublikasının bütün dövlət qurumlarında
fəaliyyət növü nəzərə alınmaqla
qadınların rəhbərlik səviyyəsində
kişilərlə bərabər təmsil olunması təmin
edilsin.
2.
Dövlət Statistika Komitəsi Qadınların Problemləri
üzrə Dövlət Komitəsi ilə birlikdə respublikada
qadınların vəziyyətinə dair beynəlxalq
standartlara cavab verən statistik məlumat hazırlasın.
3.
Nazirlər Kabinetinə tapşırılsın ki:
ölkədə
gedən iqtisadi islahatlar çərçivəsində həyata
keçirilən işlərdə gender siyasəti
tələblərini rəhbər tutmaqla qadınlar üçün
kişilərlə bərabər imkanlar
yaradılmasını təmin etsin;
qaçqın
və məcburi köçkün qadınların
məşğulluğunun təmin edilməsi
məqsədilə onların münasib işlə təmin
edilməsi proqramı hazırlayıb həyata keçirsin;
qadınların
hüquqlarının müdafiəsinin gücləndirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
qanunlarında müvafiq dəyişikliklər və
əlavələr edilməsi məqsədilə mövcud qanunvericiliyi
təhlil edib təkliflər versin;
hər
il martın 1-nə qədər bu Fərmanın yerinə
yetirilməsinin gedişi haqqında Azərbaycan
Respublikasının Prezidentinə məruzə təqdim etsin;
Bu
Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
№ 289
Комментариев нет:
Отправить комментарий