«ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ DÜŞÜNƏRKƏN»
«ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ DÜŞÜNƏRKƏN»
Ş.Qurbanov adına şəhər 8 nömrəli orta məktəbin XI sinif şagirdi Humay
Məhərrəmova Azərbaycanın Təhsil Nazirliyi tərəfindən gerçəkləşdirilən
«Heydər Əliyev məktəblilərin gözü ilə» respublika inşa yazı
müsabiqəsinin nəticələrinə görə IV dərəcəli diploma layiq görülmüşdür.
Aşağıda Humay Məhərrəmovanın inşa yazısını ixtisarla oxucularımıza təqdim edirik.
Sevimli həmvətənlərim! Hər bir
azərbaycanlı kimi mənim də qəlbimdə uca və möhtəşəm bir məhəbbət
yaşayır. Heydər Əliyev məhəbbəti. Odur ki, qadir Allahdan bir diləyim
var. Mənə qüdrət versin. Elə bir qüdrət ki, bənzərsiz həyat yaşamış,
xalqımın tarix kitabının qızıl səhifələrini yazmış ulu öndər, dahi
Heydər Əliyevə olan ülvi məhəbbətimi, hüdudsuz sevgilərimi ifadə edə
bilim. Axı adi bir məktəbli üçün ürəyinin dərinliklərində coşub-çağlayan
duyğulardan söz açmaq o qədər də asan deyil.
Xalqı zirvələrə qaldırmaq üçün,
Sevgi şahlığının taxtına çıxdın.
Oğul xalq üçündür, zirvə dağ üçün,
Nə yaxşı bu xalqın baxtına çıxdın.
Bəli, bu, şirin bir həqiqətdir.
Heydər Əliyev Azərbaycan xalqının mənəvi sərvəti, bəxtinə düşmüş Tanrı
payıdır! Nadir, təkrarsız şəxsiyyət, millətinin və məmləkətinin yeni
tarixinin memarı, böyük düha, güclü və müstəqil Azərbaycanın, dünyanın
sayğı göstərdiyi, istiqlalı dönməz, gündən-günə qüdrətlənən çağdaş
Azərbaycanın qurucusur.
Əziz oxucum! Heydər Əliyev tarixi
yaradan idi, tarixin özü idi. Tarix isə yalnız böyük dühaların parlaq
əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı
dünyanın tarix kitabına Şəmsəddin Eldəniz, Cavanşir, Babək, Qızıl
Arslan, Şah İsmayıl Xətai kimi qüdrətli şəxsiyyətlərin adını qızıl
hərflərlə yazmışdır.
XX yüzillikdə xalqın daha bir dahisi
yetişdi-Heydər Əliyev. Atatürk, Vaşinqton, Nehru kimi Heydər Əliyev də
dünyanın nadir simaları arasında layiqli yer tutdu. O, dünya tarixinin
azərbaycanlı Dahisi oldu.
Aqillərdən biri demişdir: «Elə yaşa
ki, öləndən sonra da ölməyəsən». Ölməzlik, həmişəyaşarlıq isə ancaq
dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük
oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə xoşbəxtlərdəndir.
Bənövşə ətirli bir bahar günündə dünyaya göz açan bu bahar oğlu xalqına
əbədi bahar gətirmiş, öz ömür kitabını şərəfləndirən cahanşümul uğurlara
imza atmışdır. Hətta əynində gəzdirdiyi sovet dövlətinin general
mundiri belə qəlbində daşıdığı vətən, millət sevgisinə kölgə sala
bilməmişdi.
Zirvələr fatehi Heydər Əliyev ömrü
boyu xalq üçün, yurd üçün, dövlət üçün çalışdı. Müstəqil, suveren
Azərbaycan Respublikasını yaratdı. «Əsrin müqaviləsi»ni imzaladı.
Təhsilimiz, elmimiz dünya təhsil sisteminə inteqrasiya olundu. Torpaq
sahibinə-kəndliyə qaytarıldı.
Torpağının bir hissəsi işğal olunmuş
dövlətə güclü ordu lazım idi. Ulu öndər onu da yaratdı. Ətrafında
minlərlə vətənpərvəri birləşdirən Yeni Azərbaycan Partiyasının
yaradıcısı da o oldu. Müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul
olundu. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli istiqlal bayrağı
başımızın üstündə yenidən dalğalandı. Azərbaycan yenidən müstəqil
siyasi varlığa çevrildi.
Ulu öndər, Siz dağsınız. Arazın o
sahili və bu sahilində yaşayan soydaşlarımız iki dağa ən böyük dayaq,
nicat rəmzi, səadət nişanəsi kimi baxırlar. Cənubi Azərbaycanda
Heydərbaba dağına, Şimali Azərbaycan respublikasında Heydər baba dağına.
Əziz babam. Siz həmişə azərbaycanlı
olmağınızla fəxr etdiyiniz kimi, Azərbaycan xalqı da dünyaya sizin kimi
dahi bəxş etdiyi üçün qürurlanır. Heç bir lider xalqını sizin kimi
sevməyib, Sizdən bizə çox yadigar qalıb. Ən dəyərlisi isə «Yol» dur.
Böyük Heydər Əliyev yolu. Bu yolun yolçuları vətənə, xalqa sədaqəti məhz
sizdən öyrənirlər.
Həyatın acı qanunları da varmış. Əcəl
bir dahini sevdiyi xalqından ayırdı. Tarix səhnəsində millətin
taleyindəki ən baş rolu oynayan, müstəqil Azərbaycanın memarı və
qurucusu olan bir rəhbərin böyük arzularla döyünən qəlbi əbədi susdu.
Onu sevən milyonlar kimi mən də yoxluğuna inana bilmirəm. Dünyadan
vaxtsız getmiş ata-anamın ölümünə inanmadığım kimi. Xalqının müəllimi,
sərkərdəsi, rəhbəri, fəxri olan bir dahi də ölərmi?! Heydər Əliyev də
ölərmi?! Əsla yox!
Mən Ulu Öndəri, doğmalarımı
itirmişəm. Ancaq inamımı, ümidimi itirməmişəm. Çünki Heydər Əliyev
ocağının qılınc kimi kəsərli sözü, əməli olan İlham Əliyev, Tomris
qeyrətli, Sara xatun siyasətli Mehriban Əliyeva kimi varisləri var.
Onlar da biz gəncləri çox sevir, xoşbəxt gələcəyimiz üçün əllərindən
gələni əsirgəmirlər. Mən nikbinəm. Bilirəm ki, sabahım bu günümdən də
gözəl olacaq. Ali məktəbdə oxuyub müəllim olmaq arzusundayam. Bu peşəyə
yiyələndikdə isə ilk dərsim, əlbəttə ki, «Heydər Əliyev» olacaqdır.
Oxucu dostum! Dahi rəhbər vaxtilə
demişdir: «Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə
Azərbaycanda həmişə olacağam». O, doğrudan da həmişə bizimlə olacaq.
Nağıllarda, dastanlarda, şeirlərdə, nəğmələrdə, çiçəklənən vətənimizin
hər güşəsində onun abidəsi ucalır. Onun ən böyük abidəsi isə xalqın
ürəyindədir
Комментариев нет:
Отправить комментарий