Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda Gül bayramı təşkil edilmişdir
Mayın
10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibətilə paytaxtımızda, ulu öndərin
adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil
edilmişdir.
AzərTAc xəbər verir ki, səhər tezdən başlayaraq paytaxtımızın
sakinləri ilə yanaşı, şəhərimizin qonaqları da dünyanın bir sıra
ölkələrindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parkı həvəslə ziyarət
edirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək və
bitkilərdən, yarpaqlardan hazırlanmış rəngarəng kompozisiyalar görünüşü
və ifadəliliyi ilə seçilir, ziyarətçilərdə xoş ovqat yaradır.
Nağıllar
və gözəllik aləmini xatırladan parkın girişinə çiçəklərlə bəzədilmiş
qala qapıları formasında quraşdırılmış tağlar xüsusi yaraşıq verir.
Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu
Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş,
postament ağ güllərlə hörülmüşdür.
Sakinlər başdan-başa bahar ətirli güllərə qərq olmuş parkın gözəlliyini seyr edərək burada xatirə şəkilləri çəkdirirlər.
Parkda gəzintiyə çıxanlar sırasında hər yaşdan, müxtəlif millətlərdən olan insanları görmək mümkündür.
Parkdakı al-əlvan gül-çiçək çələnglərinə tamaşa edərkən bir daha bu
bayramın Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və
minnətdarlığının böyük təntənəsi olduğunu hiss edirsən. Parkboyu
sərgilənmiş gül kompozisiyaları, onlardan hörülmüş fiqurlar, dünyanın
fərqli yerlərindən paytaxta gətirilmiş nadir çiçəklər və bitkilər,
tətbiqi sənət nümunələri, rəsm, plakat, panno və müxtəlif əl işləri
hamını heyran edir.
Gül bayramında Nəsimi rayonundakı təhsil müəssisələrinin
hazırladıqları çoxsaylı əl işləri nümayiş etdirilir. Bu işlərdə 50
mindən artıq güldən istifadə edilmişdir. Həmin işlərin fonunda gül
bayramı açıq havada düzəldilmiş əsrarəngiz muzey təəssüratı yaradır.
Rayonun ali, orta ixtisas və ümumi təhsil məktəblərinin, səhiyyə
müəssisələrinin, uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin müxtəlif
çiçək və güllərdən, bitkilərdən hazırladıqları rəngarəng tablolar,
applikasiyalar Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının
diqqətini daha çox cəlb edir.
Bakı şəhərinin orta məktəblərinin təqdim etdikləri güldən
kompozisiyalar xüsusi maraq doğurur. Bu əsərlər yaradıcılarının böyük
istedadından və özünəməxsus fantaziyasından xəbər verir.
Parkdakı fəvvarələr güllərlə bəzədilmiş, gözəl və rəngarəng gül
kompozisiyaları, müxtəlif fiqurlar arasında ümummilli lider Heydər
Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva ilə
bağlı əl işləri də yer almışdır.
Burada müxtəlif dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki
kollarından, gözoxşayan eksponatlardan ibarət sadə və eyni zamanda
orijinal üslublu kompozisiyalar qurulmuşdur.
Bu ürəkaçan mənzərəni heyranlıqla seyr edərkən bir daha əmin olursan
ki, ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan
təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də böyük hörmət və
məhəbbətlə xatırlanır. Çünki builki gül bayramında hər yan göz oxşayır,
hər tərəf al-əlvan rəngə bürünmüşdür. Boyaların, rənglərin gözəlliyi bu
məkanı ziyarət edən hər kəsdə xoş ovqat yaradır.
Parkdakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi
şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin gözləri ilə baxmağa
vadar edir. Maraqlısı odur ki, minlərlə çiçəyin bir arada toplandığı bu
məkanda heç nə bir-birini təkrarlamır.
Şəhər sakini Nigar Zamanzadə deyir: Belə bir xoş ənənə ümummilli
liderin adını əbədiləşdirəcəkdir. Çünki bu bayram nəinki dahi şəxsiyyət
Heydər Əliyevin əziz xatirəsinə ümumxalq ehtiramının təntənəsidir,
həmçinin gözəl paytaxtımızı əlvan və rəngarəng güllərlə, çiçəklərlə
boyayır.
Güllərlə bəzədilmiş bu rəngarəng parkda gəzintiyə çıxan digər paytaxt
sakini Mirzə Paşayev də digərləri kimi rəngarəng gül kompozisiyalarına
tamaşa edərkən öz heyrətini saxlaya bilmir. Deyir ki, hər il məhz bu
günü səbirsizliklə gözləyirik. Çünki hər il Gül bayramının ümumxalq
təntənəsi ilə qeyd edilməsi ölkəmizin inkişafı, paytaxtımızın getdikcə
gözəlləşməsindən əlavə, insanların qəlbində əsl bahar ovqatı yaradır.
Təsadüfi deyildir ki, bu möhtəşəm bayramı seyr etmək üçün şəhərimizi
ziyarətə gələn xarici qonaqların da sayı ildən-ilə artmaqdadır.
Azərbaycan xalqının ümummilli liderinin abidəsinin ucaldığı parkda
gül bayramının təşkil olunması dahi şəxsiyyətin ruhuna ehtiram əlaməti
olmaqla yanaşı, həm də paytaxt sakinlərinin xoş istirahətinin təşkili
baxımından da gözəl addımdır.
Комментариев нет:
Отправить комментарий