Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

четверг, 9 мая 2013 г.

10 may 2013-cü il - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur

10 may 2013-cü il - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur

Xalqımızın qəlbində və dövlətimizin  tarixində özünə  əbədiyyət abidəsi ucaltmış ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər mərhələsi Azərbaycanın yüksəliş mərhələləri ilə üst-üstə düşür. Tarixi gerçəklik ondan ibarətdir ki, Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən milli müstəqillik duyğularının reallaşmasına  çalışan ulu öndər Heydər Əliyev  xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməmişdir.
Dahi şəxsiyyət öz parlaq zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən sonrakı dövrü tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969-cu ildən - məhz ümummilli liderimizin hakimiyyətə gəlişindən sonra başlamışdır. Əslində azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.
Ulu öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.
Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaratmışdır. Sərt sovet rejiminin qadağalarına baxmayaraq cəsarətlə Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Azərbaycanlı gənclərin keçmiş sovetlər ittifaqının nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməsi, elmi və kadr potensialının  yüksəldilməsi, milli zabit kadrlarının hazırlanması üçün Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması  gələcəyə tuşlanan uzaqgörən addımlardan idi. Ümummilli lider  respublikaya birinci rəhbərliyi dövründə Azərbaycan dilinə dövlət dili statusu qazandırmağa nail olmuş, dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər addım atılaraq 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edilmişdir.
Ümummilli liderimiz  Heydər Əliyevin  birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkə iqtisadiyyatı da intensiv və ekstensiv inkişaf etmişdir. 1969-1982-ci illərdə respublikada yüzlərlə yeni müəssisə, istehsalat sexləri  tikilmiş, neftayırma müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları və s. inşa olunmuşdur. 70-ci illərdən başlayaraq iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən zəruri olan azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. 80-cı illərin sonu, 90-cı illərin  əvvəllərində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.
Azərbaycanın faktiki olaraq bir dövlət kimi qurulması, bu dövlətin fəaliyyəti üçün zəruri əsasların formalaşdırılması dövrünün məhz Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi illərinə təsadüf etməsi danılmaz gerçəklikdir.
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu.
1993-cü ilin ortalarında  Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz- üzə qalmışdı. Xalqın təkidli tələblərinə cavab olaraq  yenidən  hakimiyyətə qayıdan  müdrik rəhbərimiz Heydər Əliyev dahi uzaqgörənliyi ilə çox ciddi  ictimai-siyasi problemlərlə, vətəndaş müharibəsi, düşmən təcavüzü ilə üzləşmiş Azərbaycanın parçalanmasının, müstəqilliyinin itirilməsinin qarşısını aldı. Dözülməz həddə çatmış anarxiya aradan qaldırıldı, ictimai-siyasi sabitlik qısa zaman ərzində təmin edildi. Xarici ölkələrlə pozulmuş münasibətləri qaydaya salan, Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirən ulu öndər ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirmiş,  Azərbaycan dövlətinin siyasi platformasını, iqtisadi əsaslarını, mənəvi və əxlaqi konsepsiyalarını yaratmışdır. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırmışdır.
Ulu öndər həm də Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlər imzalamaqla ölkəmizin iqtisadiyyatını yüksəliş yoluna çıxarmağa nail olmuşdur. Bakıda 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin  imzalanması, bir sıra digər müqavilə və layihələrin gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Görkəmli dövlət başçısı Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısında danılmaz xidmətləri qat-qat çoxdur. O, bütün siyasi fəaliyyəti dövründə azərbaycanlıların monolit birliyinin yaranmasına, qırılmaz həmrəyliyinin formalaşmasına, müstəqil Azərbaycan dövləti ətrafında sıx birləşməsinə və vahid bir milli ideya ətrafında toplaşmasına nail olmaq yolunda yorulmadan səy göstərirdi. Həm də talelərinə dünyanın müxtəlif ölkələrində yaşamaq qisməti düşmüş soydaşlarımızın belə bir mənəvi birliyə daha çox ehtiyacları vardı.  Dünya azərbaycanlılarının ölkəmizin milli mənafeləri ətrafında bir araya gətirilməsi, azərbaycançılıq ideologiyasının milli birliyin ən aparıcı amilinə çevrilməsi Heydər Əliyevin Azərbaycanımıza verdiyi minlərlə töhfələrindən biridir.
Yenidən hakimiyyətə qayıdışı ilə yeni dövrün tələblərinə uyğun, yalnız hüququn aliliyinə əsaslanaraq idarəetmə sistemini formalaşdıran mudrik rəhbərimizin qısa müddət ərzində dahi uzaqgörənliklə yaratdığı mükəmməl idarəetmə sistemi Azərbaycanın bir dövlət olaraq iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə, dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə səbəb olmuşdur.
Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini - İlham Əliyevi yetişdirməsi olmuşdur.
Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Dövlətimizin  başçısı  respublikanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə prosesini bir-birindən ayırmadan hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin mühüm şərti hesab edir. Prezident  İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyətinin inkişafından asılıdır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir.
Xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin də arzuladığı, uğrunda fədakarlıqla çalışdığı məqsədlərdən biri də məhz bu idi.

 

2 комментария:

  1. мы всегда должны помнить об этом великом человеке......

    ОтветитьУдалить
  2. Qeydar Aliyev sdelal dlya nashey strani vsyo to,chto ni odin chelovek ne delal..mi vsegda doljni s qordostyu proiznosit' yego imya!

    ОтветитьУдалить