Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

воскресенье, 31 марта 2013 г.

Azərbaycanlıların Soyqırımı Günü ABŞ və Kanadada qeyd olunacaq


31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünyanın bir sıra ölkələrində Azərbaycan diasporunun təşkilatçılığı ilə müxtəlif tədbirlər keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.Az-a verilən məlumata görə, ABŞ və Kanadanın bir çox şəhərlərində soyqırım qurbanlarının xatirəsini anmaq, Azərbaycanın üzləşdiyi haqsızlıqları, erməni vəhşiliyini yerli ictimaiyyətə çatdırmaq üçün martın 30-31-nə müxtəlif tədbirlər planlaşdırılıb.       

Martın 30-da Amerika-Azərbaycan Şurası Los Anceles şəhərində “31 Mart qırğınından 95 il ötür” mövzusunda dəyirmi masa, Hyustonda isə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası “31 Mart Soyqırımı və erməni vəhşiliyi” adlı konfrans təşkil edəcək. Həmin gün Nyu-Yorkdakı Azərbaycan cəmiyyətləri də 31 Mart Soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri keçirəcəklər.

Martın 31-də isə ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan diaspor təşkilatları 1918-ci ilin mart-aprel aylarında baş verənlərə dair dəyirmi masa, konfranslar və
anım mərasimləri təşkil edəcək. Soyqırım günü Hyustonda, Kaliforniya ştatının Los Anceles, San Fransisko, San Xose şəhərlərində də konfrans və anım mərasimlərinin keçirilməsi gözlənilir.

1918-ci ildə ermənilərin Bakıda törətdiyi hadisələrin ildönümü Kanada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri tərəfindən də geniş qeyd olunacaq. Kanadadakı Azərbaycan diaspor təşkilatları martın 30-da Hamilton və Toronto şəhərlərində 31 Mart Soyqırımına həsr olunmuş konfrans, Montreal şəhərində ədəbi-bədii gecə təşkil edəcək. Martın 31-də isə bu ölkənin Edmunton, Toronto, London, Montreal, North York və Vankuver şəhərlərində 31 Mart mövzusunda rəsm sərgisi, xatirə gecəsi, müzakirələr, elmi konfranslar və anım mərasimləri keçiriləcək.

1918-ci il 31 Mart Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konfranslar Meksika, Estoniya və Rumıniyanın mərkəzi şəhərlərində də təşkil olunacaq. Litvanın nüfuzlu qəzetlərində və internet portallarında isə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında litva və rus dillərində məqalələr, tarixi icmallar və analitik materiallar, müsahibə və görüntülərin yerləşdirilməsi nəzərdə tutulub.

Nyu-York ştatının Senatı 31 Mart tarixini Azərbaycanlıların Soyqırımı günü kimi tanıyıb


ABŞ-ın Nyu-York ştatının Senatı 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi tanınmasına dair qanun layihəsini qəbul edib. Qanun layihəsi ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilib.
Amerika-Azərbaycan Cəmiyyətinin verdiyi açıqlamada qanun layihəsinin Nyu-York ştatının Roçester şəhərini təmsil edən senator Ceyms Alesi tərəfindən təqdim edildiyi deyilir.
2012-ci ildə martın 22-də qəbul edilmiş sənəddə Stepan Şaumyanın başçılığı ilə bolşeviklərin və Daşnak partiyasının 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi cinayətlərin detallatı açıqlanır.
Sənəddə qadınlar, uşaqlar və qocalar daxil olmaqla, təxminən 20 min günahsız insanın qətlə yetirildiyi, Təzə Pir məscidi və İsmailiyyə kimi memarlıq nümunəsi hesab edilən binanın yandırıldığı, Bakı sakinlərinin 400 milyon manatdan artıq dəyərə malik əmlakının müsadirə edildiyi qeyd edilir.
Burada qətliamın təkcə Bakı şəhərində baş vermədiyi, Şamaxı, Quba, Lənkəran və Dağlıq Qarabağda minlərlə insanın qətlə yetirildiyi göstərilir. Sənəddə həmçinin qeyd edilir ki, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasınən yaratdığı təhqiqat komissiya qətliama dair sənədləri toplayaraq hökumətə təqdim etmiş və 1919-cu ildə parlament martın 31-ni Azərbaycanlıların soyqırım günü elan etmişdir.
Sənəddə göstərilir ki, sovet dövrü bu tarix unudulsa da, Azərbaycan müstəqillik qazandıqdan sonra 1918-ci ildə martın 31-də baş vermiş hadisələr öyrənilmiş və bu mövzuda bir çox kitablar yazılmışdır.
Nyu-York ştatının Senatı bütün bunları nəzərə alaraq 1918-ci il 31 Mart hadisələrinin azərbaycanlıların soyqırımı kimi tanınmasına dair qanun layihəsini qəbul etmişdir.
Nyu-York ştatının qubernatoru Endrü Kuomo da 31 Mart tarixinin Azərbaycanın Anma Günü olaraq tanınmasına dair tövsiyələr vermişdir.

суббота, 30 марта 2013 г.

Film-1918 Qanlı Tarix

31 Mart-Azərbaycanliların Soyqırım Günüdür.

31 Mart-Azərbaycanliların Soyqırım Günüdür.



Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur.

Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər “Böyük Ermənistan” dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə etmişdilər.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir.

1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətini həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.





1918-1920-ci illər Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insaniarı diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.

1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirılmişdir. lrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.



28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda deyilir: "Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik. Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfıqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 mın nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər.

1948-1953-cü illər Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələdə Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoyur.

1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular, fıziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilir. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın 6-sı uşaq olur. Vardenis rayonunda isə 40 nəfər öldürülür. Ermənistanın digər rayonlarından - Yerevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovakan, Qoris, Sisian, Amasiya və Alaverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur - qadın və uşaqlar, yaşlılar qarlı dağlar aşaraq, dona-dona, insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırdılar. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur - İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı.



1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü.

Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən ölüm doğan o gecədə hələ də dəqiq olmayan məlumatlara görə, 613 nəfər xocalı şəhid oldu. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün olub. 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil.

Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər. Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər.



Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

31 Mart faciəsi tarixə qanlı bir ləkədir. Bu qanlı ləkə, bu faciə düşmənin üzündəki maskaların düşdüyü və canilərin bütün çılpaqlığı ilə ortaya töküldüyü gündə baş verib.



Bu qanlı faciənin gözə çarpan obyektiv mənzərəsi sadəcə kökündən yıxılmaq istəyən böyük bir imreratorluğun çökməsindən ibarətdir.

Hər şeydən əvvəl, hamımızın birinci vəzəfəsi millətimizin üzərindən bu qanlı ləkəni silmək, onları tarix önündə təsvir etmək və bu qanlı ləkəni bir daha təkrar etməmək, onların murdar və maskalı üzlərinə çırpmaqdır.

Milli intibah müsəlman Türk düşmənlərinin məzarı və ölümü olacaqdır.

26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası prezidenti H.Əliyevin “31 Mart Azərbaycanlıların soyqırımı Günü” kimi qeyd olunması üçün xüsusi fərmanı olmuşdur.

28 mart 2006-cı ildə Azərbaycan Respublikası prezidenti İ.Əliyevin “31 Mart Azərbaycanlıların soyqırımı Günü” münasibətilə Azərbaycan xalqına müraciəti olmuşdur.

Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbr diləyir, xalqımıza səadət, ümummilli vəzifələrimizin həlli yolunda uğurlar arzulayırıq.

“Azərbaycanlıların soyqırımı haqqında”

“Azərbaycanlıların soyqırımı haqqında”

Azərbaycan Respublikası Prezidentinin fərmanı

(26 mart 1998-ci il)

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı.
Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı.
Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı.
Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar.
Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kompaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar.
Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır.
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırıldırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı.
Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə qərara alıram:
1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 mart 1998-ci il

Heydər Əliyev


TARİXİMİZİN FACİƏLİ SƏHİFƏSİ

«Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha
başa gələ bilər.Azərbaycanlılara qarşı zaman-
zaman tördilən bu ağır cinayətləri unutmamaq, böyüyən
nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı
ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir».

31 Mart Azərbaycanlıların soyqırımı günüdür

31 Mart Azərbaycanlıların soyqırımı günüdür

İki əsr davam edən genosid
Tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni praktik işbirliyinin nəticəsi olub. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi, bu torpaqlarda erməni dövləti qurmağı məqsəd güdüblər.
Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini görüncə, "erməni kartını" işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi: “Onları (erməniləri) tovlayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun”.
I Pyotrun vəsiyyəti və Azərbaycan torpaqlarının erməniləşdirilməsi
I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Ruiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etdi. Həmin vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamililiyi barədə fərman verdi, 1802-ci ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərdi: "Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirməsində istifadə olunmalıdır". Bu, Rusiyanın Azərbaycan torpaqlarının işğalına başladığı dövr idi.
1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesini sürətləndirdi. Türkmənçay müqaviləsindən dərhal sonra, 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni vilayəti" təşkil edildi. Bu, tarixi Azərbaycan tarpaqlarında yaradılacaq gələcək Ermənistanın faktiki təməli idi.
Buradaca bir faktı qeyd edək ki, həmin vaxtın rəsmi statistikasına görə, "Erməni vilayəti"nin mərkəzi olan İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı. Buna paralel olaraq Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürüldü.
Analoji proses XIX əsrdəki Rusiya-Türkiyə müharibələrinin yekununda (1829, 1878) da özünü göstərdi, Türkiyə ərazisindən təxminən 85 min erməni köçürülərək sözügedən bölgələrdə məskunlaşdırıldı. Bu proses minlərlə azərbaycanlının doğma torpağından qovulması, qətlə yetirilməsi ilə müşayiət olunurdu.
Lakin ermənilərin Azərbaycan ərazilərinə köçürülmələrinə baxmayaraq, azərbaycanlılar bu ərazilərdə sayca ermənilərdən üstünlük təşkil edirdi.
Məsələn, 1886-cı ildə Gəncə quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən yalnız 81-i erməni kəndi olmuşdur. İrəvan qəzasında əhalinin 66 faizi azərbaycanlı, 34 faizi isə ermənilərdən ibarət idi. Bu ərazilərdə ermənilərin çoxluq təşkil etməsi məqsədilə azərbaycanlılara qarşı soyqırım siyasətinə əl atılmış, ermənilər çar Rusiyası tərəfindən gizli silahlandırılaraq, hərbi dəstələr yaradılmışdır.
XIX əsrin 2-ci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmağa başladı. Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində "Böyük Ermənistan" dövlət qurmağı niyyətləyən ermənilər "Qnçaq" (1887-ci ildə Cenevrədə qurulub), Daşnaksütyun (1890, Tiflis), "Erməni Vətənpərvərləri İttifaqı" (1895, Hyu-York) kimi siyasi-terror təşkilatları bu istiqamətdə yönəltdilər. Sözügedən təşkilatın fəaliyyət proqramında azərbaycanlılara ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək əsas yeri tuturdu. 1905-1907-ci illərin Rusiya inqilabı bu təşkilatların fəaliyyəti üçün "geniş imkanlar" açdı.
İnqilabi qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törətdilər, 75 azərbaycanlı kəndini talan etdilər. 1905-1907-ci il inqilabından sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi örtülü şəkildə davam edirdi. Bunu Rusiya imperiyasının o vaxtkı statistik məlumatları da təsdiqləyir. Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində yüzlərlə kənd yandırılmış, əhali uşaqdan böyüyə qədər amansızcasına qətlə yetirilmişdir.
1916-cı ildə nəşr olunan məlumatlara əsasən, İrəvan quberniyasının əhalisi 1830-1914-cü illər ərzində 40 dəfə artaraq, 570 min nəfər təşkil edib. Lakin bunun müqabilində bölgənin azərbaycanlı əhalisinin sayı cəmisi 4,6 dəfə artmışdı. Hətta bu qədər sıxışdırılma və deporatsiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılar idi.
1914-cü ildə başlanan I Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin "Böyük Ermənistan" iddiası üçün əlverişli şərait yaratdı. 1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin (həmin ərazilər Rusiyanın Qafqaz qoşunları tərəfinlən ələ keçirilmişdi) erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi.
Qanlı siyasətin dəst-xətti: 1918-ci ilin mart soyqırımı
Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda erməni əhalisi də köçüb gəlmişdi. Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmağa başladılar.
1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəriatindən istifadə edərək yerli müsəlman əhalisinə divan tutmağa başladılar.
Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı. Bu ərazidə yaşayan 135 min azərbaycanlı türkünün bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşdular. 
Bu qırğınlara 1917-ci ilin dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək və həmçinin də Türkiyədə rus ordusunun işğalı altında olan yerlərdə "Türkiyə Ermənistanı" yaratmaq səlahiyyəti verilmişdi. I Dünya Müharibəsinin gedişində baş verən dəyişikliklər də ermənilərin azğın planlarına uyğun idi. 
Brest-Litovsk (mart 1918-ci il) sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya qoşunları işğal etdikləri Qars, Ərdəhan və Batum tərk etməli idi. Bu ərazilər Türkiyəyə qaytarıldı. Öz növbəsində Türkiyə dövləti həmin vilayətlərin boşaldılmasını tələb etdi. İran və Türkiyə cəbhəsindən geri dönən rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdi.
Şaumyan həmin qüvvələrdən azərbaycanlılara qarşı istifadə etmək qərarına gəldi. Həmin dövrdə isə Bakıda çox az sayda könüllü müsəlman əsgərləri var idi. Bu vəziyyətin özü də Şaumyana mənfur siyasətini həyata keçirmək üçün əlverişli imkan verirdi. Böyük qırğınlara başlamaq isə yalnız bəhanə lazım idi.
Nəhayət, bəhanə tapıldı. Müsəlman əsgərlərin Lənkəranda olan könüllülərə silah göndərmək istəməsi Şaumyan bu bəhanəni verdi. O, Lənkərana silah göndərilməsinin qarşısını almaq əmri verdi. Başlanan atışmada ölən və yaralananlar oldu. Şaumyan bu hadisəni bəhanə edərək ruslarla erməniləri azərbaycanlılara qarşı mübarizəyə sövq etdi və "sovet hökumətinə qarşı çıxan" azərbaycanlılara qarşı Bakıda görünməmiş qırğınlar başlandı.
Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər.
Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil aldı. Üç gün ərzində Bakıda 17 min insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisindən 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailliyyə"nin binasına od vurmuşdular.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir.
Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər".
Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilmişdir.
Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı (onlardan 2560-ı qadın, 1277-si uşaq idi) qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törədilmişdi.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill "İnsanlar belə imişlər" adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı 25 min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir (Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, Fövqəladə İstintaq Komissiyasının materialları).
70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi "vətəndaş müharibəsi", "müsavatçıların əks-inqilabi qiyamı" kimi saxtalaşdırılan mart hadisələri bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırım siyasəti idi.
Bu qırğının təşkilatçısı S.Şaumyan RSFSR XKS-yə 13 aprel 1918-ci il tarixli məktubunda etiraf edərək yazırdı: "Bizim süvari dəstəyə edilən silahlı hücumdan biz bir bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi".
Göründüyü kimi, azərbaycanlılara qarşı aşkar genosid həyata keçirən ermənilər Bakı da daxil bütün Azərbaycanı özlərinin ərazisi etmək əzmində idilər. Biz isə uzun illər bu gerçək tarixdən məlumatsız olmuşuq, saxta ideoloji ehkamlar və beynimizə yeridilən yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənib.
Halbuki hələ 1918-ci il iyulun 15-də Xalq Cümhuriyyətinin hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qətliamlarla bağlı çoxsaylı sənədlər, materiallar toplamışdı. 1919-cu ildə Xalq Cümhuriyyətinin parlamenti 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdi.
Lakin 1920-ci ilin aprelin Xalq Cümhuriyyətinin süqutu bu işləri də yarımçıq qoydu və Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilmədi. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasropu vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin (bu məsələdə onların mahiyyətcə elə bir fərqi yox idi) təbliğat maşınının köməyi ilə qondarma "soyqırımı" kampaniyasına geniş vüsət verdilər.
Azərbaycandakuı 70 illik sovet tarixi isə bizi gerçək tariximizdən uzaq saldı. Hətta dəhşətli genosidin qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbirstanlığın üstünü betonlayaraq üstündə Kirovun möhtəşəm heykəlini qurmuş, ətrafda isə istirahət parkı salmışdılar. Və illər boyu bu parkda istirahət edib, sovet hakimiyyətinin bizə bəxş etdiyi "bəxtəvərlik"dən dəm vuran bizlər təsəvvür etmirdik ki, ayaqlarımızın altında nələr var. Çünki o tarix və dəhşətlərin üstü sözün bütün mənalarında betonlaşdırılmışdı.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası
Ermənilərin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi qətliam və etnik tənzimləmə isə sovet dövründə də davam edirdi, sadəcə, indi bu proses qanun çərçivəsinə salınmışdı.
Bu xüsusda Stalin dövrünün deportasiyasını, 1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan SSR-dəki tarixi yurdlarından köçünülməsini ayrıca qeyd etmək lazımdır.
SSRİ Hazirlər Sovetinin "Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il dekabrın 23-də verilən qərarını ermənilər çoxdan gözləyirdilər.
Anastas Mikoyan başda olmaqla ermənilərin Moskvada əyləşən liderləri türksüz Ermənistan uğrunda fəaliyyətə hələ Böyük Vətən müharibəsindən əvvəl başlamışdılar. Bu xüsusda əsas səbəb kimi o göstərilirdi ki, xaricdə yaşayan on minlərlə erməni mütəxəssisi Ermənistana qayıdaraq, sovet dövlətinin inkişafı və tərəqqisi naminə çalışmaq əzmindədir, lakin onların yerləşdirilməsi ilə bağlı problemlər var. "Optimal" çıxış yolu isə Ermənistan SSR-də qeyri-ermənilərin yaşadığı torpaqların boşaldılması idi.
Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi bir müddət bu fəaliyyətin önünü ala bilsə də, Stalin ideyanı dəstəklədi və SSRİ hökumətinin "tarixi" qərarına imza atdı. Azərbaycanlıların yaşadığı 476 kənd tamamilə boşaldıldı. Həhayət, 1987-1989-cu il deporatsiyası Ermənistanda azərbaycanlılara qarşı etnik tənzimləməni başa çatdırdı. Hövbədə isə Azərbaycanın öz ərazisində, Dağlıq Qarabağdakı etnik təmizləmə dururdu.
Azərbaycanlıların 1988-1989-cu illərdə Ermənistandan deportasiyası
1988-ci ilin yanvarından etibarən "türksüz Ermənistan" siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər.
Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir.
Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir.
Xocalı soyqırımı
Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.

Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.

Tarixin qan yaddaşı
1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 martın Azərbaycanlıların soyqırım günü kimi qeyd olunması təsbitləndi.
Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın tam iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə çatdırmaq üçün xeyli iş görüb. Amma bu, yetərli deyil.
Çünki hələ də dünya miqyasında ermənilərin saxta "tarixi" bizim gerçək tariximixi üstələyir. Ən əsası isə odur ki, tarix boyu xalqımızın başına nələrin açıldığını, çəkdiyimiz müsibətlərin gerçək miqyas və mahiyyətini özümüz dərindən dərk etməliyik. Bunun üçün isə həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq.

воскресенье, 17 марта 2013 г.

Novruz Bayramı


Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Qədim Vavilona`da bu bayram Nisanın (mart, aprel) 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz Əyləncələri mövcud idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz Bayramı b.e.ə. 505-ci ildə yaranmışdır.
Sovet dövründə Novruz Bayramı qeyri-rəsmi qeyd olunurdu, çünki hökümət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.

 Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, TorpaqAxır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yer, dördüncü çərşənbə küləyin köməyi ilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür.
Çərşənbələrin içində ən vacibi axırıncı – Axır Çərşənbə axşamıdır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyatlardan paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. bişirilir. Süfrədə "S" hərfi ilə başlanan yeddi növ xörək olmalıdır. Süfrəyə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s., bunlardan başqa güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insanı bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir. Ənənəyə görə bayramın ilk günü hamı öz evində olmalıdır. Ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də öz evlərinə qayıtmalıdırlar.

Bayram həm də qədim oyunlarla zəngindir. Xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından ən çox nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərələr və s. istifadə olunur. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" – meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar. 

Su və odla bağlı maraqlı ənənələr də var. Tonqallar qalanır və Novruzdan əvvəl Axırıncı Çərşənbə günü yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanmaqla bərabər bu sözlər də deyilir: "Sarılığım sənə, qırmızılığın mənə". Tonqal heç vaxt su ilə söndürülmür. Özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Su ilə əlaqədar olan ənənələr Azərbaycan`da təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə, Axırıncı Çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.

 Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atışları açılır. Hələ XIX əsrdə N. Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycan`da Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atışları bildirirdi". Azəbaycan`da Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleariy hələ 1637-ci ildə yazırdı: "Münəccim (astroloq) tez-tez astronomik cihaz və günəş saatı vasitəsi ilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərlişdiyi anda elan etdi: "Təzə il gəldi!" və elə bu anda yaylım atışları başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı".

Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan". Bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.

Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini - quru və yaxud yağışlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci günü – yaz, ikinci – yay, üçüncü – payız, dördüncü günü isə - qış sayırlar.

Novruz - bir bayram kimi baharın gəlməsi münasibəti ilə geniş miqyasda qeyd olunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəliminə həsr olunur.

Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz Bayramınız Mübarək Olsun!!!

пятница, 15 марта 2013 г.

Heydər Əliyev Bakıda Novruz Bayramı şənliklərində

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda Novruz Bayramı şənliklərində iştirak edərkən nitqi - 21 mart 2000-ci il


Hörmətli qonaqlar, dostlar!
Mən sizin hamınızı əziz bayramımız Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm və hər birinizə, hər bir Azərbaycan vətəndaşına cansağlığı, səadət və xoşbəxtlik arzulayıram.
Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır.
Novruz bayramının qədim tarixi vardır. Bizim tarixçilərimiz bunu indiyə qədər araşdırırlar. Amma nə qədər araşdırsalar da, onun o qədər dərin kökləri olduğunu aşkar edirlər. Məlumdur ki, Novruz bayramı bütün bayramlardan ona görə seçilir ki, bu, təbiətdən, elmi əsaslardan meydana gəlmiş bayramdır.
Dünən biz gecənin-gündüzün bərabərləşdiyini müşahidə etdik. Məhz bu dəqiqələrdə, bu gündə Novruz bayramı başlayıb və bir bayram kimi qeyd edilir. Yəni bu bayramın, yenə də deyirəm, bəlkə də dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu, təbiətlə, kainatla əlaqədardır, bunun elmi əsasları var. Bu bayram min illər boyu bizim xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir.
Vaxt var idi ki, bu bayram bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq həmin onillikləri biz hamımız bir yerdə yaşamışıq və hamımız da bilirik ki, heç kim bu qadağaya fikir verməyibdir və öz bayramını edibdir. Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaraq hər bir insan - zəngin adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan insan da onu bayram edir. O illər ki, bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütləq səməni də, rənglənmiş yumurtalar da, plov da var idi. Ən azı bu idi, hər kəs bunu edə bilirdi. Amma kimlər isə bundan çox edə bilirdi - şəkərbura, əlbəttə ki, paxlava, başqa şirniyyatlar... kimsə bundan çox edə bilsəydi də, elə ailə tapmaq olmazdı ki, bu bayramın əlamətlərindən o günlər istifadə etməsinlər və bayramı qeyd etməsinlər.
Ona görə bu, azərbaycanlıların, Azərbaycan xalqının qəlbinin bayramıdır. Bu bayramı heç kəs əmrlə yaratmayıbdır. Onu da demək istəyirəm ki, zorla, əmrlə insanları hansısa bayramı keçirməyə məcbur etmək çətindir. Təbii ki, olubdur - bəzən xüsusi, siyasi məqsədlərlə - hamı bunu bayram edib. Amma Novruz bayramımın fərqi ondan ibarətdir ki, bunun nə siyasi, nə də iqtisadi mənası var. Bu, ancaq bahar bayramıdır, təbiətin bizə bəxş etdiyi bayramdır, elmi əsaslardan irəliyə gələn bayramdır. Bu, azərbaycanlıların bayramıdır.
Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.
Bu bayram həmişə arzular bayramıdır. İnsan bu bayramı keçirərkən arzu edib. Bahar gəlir, yeni il gəlir, Novruz bayramıdır, hər kəsin arzusu var, hər insanın öz arzusu var. Eyni zamanda bizim xalqımızın, millətimizin arzusu vardır.
Mən bu bayram günü hamının öz arzularına, niyyətlərinə çatmasını istəyirəm. Arzu edirəm ki, hər bir insanın, hər bir Azərbaycan vətəndaşının arzusu bu il yerinə yetsin. Amma eyni zamanda, bizim hamımızın ümummilli, ümumxalq arzumuz vardır. Bu arzu ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin, inkişaf etsin.
Biz səkkiz ildir ki, bu bayramı bir müstəqil dövlət kimi, azad xalq kimi qeyd edirik. Ona görə də hamımızın ümumi arzumuz odur ki, bizim bu milli azadlığımız, bizim dövlət müstəqilliyimiz daimi olsun, əbədi olsun. Biz hamımız bu arzularla yaşayırıq və tam əminəm ki, bu arzularımıza ilbəil nail olacağıq.
Novruz bayramında adətən insanlar istəyirlər ki, dərddən-qəmdən xilas olsunlar, dərddən-qəmdən uzaqlaşsınlar, ya da bundan sonra dərd-qəm olmasın. Hamıya arzu edirəm ki, bu il, bu bayramdan sonra heç kəsin dərdi-qəmi olmasın. Olsa da elə olsun ki, insanlar o dərdi-qəmi, kədəri keçirə bilsinlər.
Amma yenə də xalqımızın, millətimizin ümummilli, ümumxalq dərdi, qəmi vardır. O da Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın böyük bir qisminin işğal olunmasıdır, işğal edilmiş torpaqlardan bir milyondan artıq soydaşlarımızın didərgin düşməsi və ağır vəziyyətdə yaşamasıdır. Bu, bizim ümumi qəmimiz, dərdimiz, kədərimizdir. Ancaq bu dərdi çəkərək biz heç də sınmırıq, ağlamırıq, inildəmirik. Biz bu dərdi mərdliklə, dəyanətlə çəkirik. Eyni zamanda çalışırıq və çalışacağıq ki, bu dərddən-qəmdən xilas olaq. Əminəm ki, biz bundan xilas olacağıq.
Ancaq indi bu bayramı çadırlarda keçirənlər də vardır. Evini-eşiyini itirmiş, ayrı-ayrı yerlərdə əlverişsiz şəraitdə yaşayanlar da vardır. Mən şübhə etmirəm ki, - bu da bayramın xüsusiyyətidir, - hər bir çadırda bu gecə şam yandırılıbdır, bayram yeməyi bişirilib, bayram keçirilibdir. Əvvəl mən bunu dedim ki, xalqımız ən ağır zamanlarda, ən ağır yaşayış şəraitində bu bayramı edibdir. İnanıram ki, bu gün qaçqınların və köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərində də belə bayram əhval-ruhiyyəsi vardır.
Onlar da sizin kimi, hamımız kimi çalırlar, oynayırlar, bayram edirlər. Çünki bu, bizim millətimizin xüsusiyyətidir - sınmamaq, əyilməmək, dərdə dözümlü olmaq. Bəli, bizim millətimiz məğrur, cəsur, qəhrəman millətdir. Bizim millətimiz eyni zamanda çox dərdə dözümlü millətdir. Bunların hamısı ilə birlikdə, bizim millətimiz öz iradəsinə inanan və öz məqsədlərinə nail olmağa inanan millətdir. Bunları deyərək, bunları hər gün hiss edərək mən sizə və bütün Azərbaycan vətəndaşlarına deyirəm ki, bu günlər çadır şəhərciklərində yaşayan insanlar da bayram edirlər.
Mən sizin hamınızı təbrik edirəm. Ancaq o soydaşlarımızı xüsusi təbrik edirəm. Onlara bir daha bildirirəm ki, bizim apardığımız işlər, həyata keçirdiyimiz tədbirlər, - bu işləri ardıcıl aparırıq, - Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını, respublikamızın ərazi bütövlüyünü təmin edəcək, işğal olunmuş torpaqlardan didərgin düşmüş insanlar öz elinə-obasına qayıdacaq və o gün gələcəkdir ki, o yerlərdə bayram tonqalı yandıracaqdır, bayram şənlikləri, yığıncaqları keçiriləcəkdir. O yerlərdə hər kəs öz evində bayram axşamı plov, paxlava bişirəcəkdir, bayramı öz evində edəcəkdir.
Əziz dostlar, əziz bacılar və qardaşlar!
Bizim həyatımızın son illər çox müsbət cəhətləri də var, ancaq eyni zamanda bizi narahat edən cəhətləri də vardır. Biz bunların hamısını ədalətli qiymətləndiririk. Çatışmazlıqları, nöqsanları heç vaxt gizlətmirik. Amma nailiyyətləri də qeyd edirik və onlarla fəxr edirik. Çətinliklərə, nöqsanlara baxmayaraq indi, bu gün Bakıda da, Azərbaycanın hər bir yerində də insanlar bayram əhval-ruhiyyəsindədirlər. Buraya toplaşanların hamısı, təkcə burada deyil, mən bilirəm ki, indi Bakının bütün meydançalarında, küçələrində insanlar bayram şənlikləri keçirirlər, bayram əhval-ruhiyyəsindədirlər.
Bu günlər, axşamlar fişəng partlamasının səsindən qulaq batır. Bizim hüquq-mühafizə orqanları bundan qorxurlar və onu qadağan edirlər. Amma indi təsəvvür edin, bizdə fişəng istehsal olunmur. Bunu insanlar hansısa ölkələrdən alırlar, gətirib burada satır, pul qazanırlar. İnsanların imkanları vardır ki, gedirlər, həmin o fişəngə pul verirlər, alırlar və onu bir saat, iki saat içərisində partladırlar. Kimsə bundan narahat olur. Bəlkə, deyək ki, bu, onun əhval-ruhiyyəsinə təsir edir. Amma məsələn, mən narahat olmuram. Bu, bizim xalqımızın keçmiş adət-ənənəsidir. Amma o vaxtlar heç də bu qədər fişəng olmayıbdır. Kim ki bir-iki fişəng qayıra bilirdisə, o bunu edirdi. Amma indi Bakının küçələrində, orada-burada nə qədər fişəng səsləri eşidirik. Bu, nəyi göstərir? Deməli, insanların əksəriyyəti elə yaşayırlar ki, hətta onların fişəng almağa və çox fişəng atmağa da imkanları vardır. Demək istəmirəm ki, onların hər şeyi vardır. Yox. Amma bu bayram elə bayramdır ki, kimsə bəlkə ona lazım olan başqa şeydən imtina edir, onu almır, yəni, neçə deyərlər, boğazından kəsir, amma o fişəngi alır, bu bayramı qeyd edir. Bax, budur bizim Novruz bayramımız.
Ona görə də bu bayram əhval-ruhiyyəsi, təbiidir ki, bizim hamımıza nikbinlik verir, hamımızda nikbin əhval-ruhiyyə yaradır. Mən sizi əmin edirəm ki, bu nikbinliyə haqqımız var, əsasımız vardır. Çünki apardığımız iqtisadi siyasət, daxili və xarici siyasət Azərbaycanın həyatını gündən-günə yaxşılaşdıracaq, Azərbaycan yüksələcək və respublikamızda hər bir vətəndaş öz hüququndan istifadə edib rahat yaşayacaqdır.
Mən sizin hamınızı bir də təbrik edirəm, sizə cansağlığı arzu edirəm ki, həmişə belə gözəl əhval-ruhiyyədə olasınız!
Çox sağ olun.

понедельник, 4 марта 2013 г.

8 Mart - Beynəlxalq Qadınlar bayramı

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar bayramına həsr olunmuş təntənəli mərasimdə nitqi - "Gülüstan" sarayı, 7 mart 2000-ci il


Hörmətli xanımlar, analar, bacılar!
Sevimli qadınlar!
Sizi 8 Mart - Beynəlxalq qadınlar günü, qadın bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu gün bu salon həmişəkindən daha da gözəldir. Çünki salonun əksəriyyətini təşkil edən qadınlardır. Qadın gözəlliyi bu salona daha da çox işıq verir və salondakı kişilərə, o cümlədən mənə də ilham verir.
Zəhra xanım dedi ki, siz bu bayramı həmişə səbirsizliklə gözləyirsiniz. Amma bilin ki, biz kişilər də bu bayramı səbirsizliklə gözləyirik. Ona görə ki, bu bayramda kişilər qadınlara həmişə xüsusi diqqət göstərirlər, öz kişiliyini, yəni qadına olan hörmətli münasibətini daha da nümayiş etdirmək istəyirlər. Qadınlara mütləq hədiyyə bəxş edirlər, güllər verirlər. Onları bəlkə də əvvəlki vaxtlardan çox öpürlər.
Amma təkcə buna görə yox. Bu bayram doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadınların rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur. Qadınsız həyat yoxdur. Bu, həmişə belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.
Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır. XX əsr dünyada qadınların emansipasiyası əsri olmuşdur. Bu gün böyük iftixar hissi ilə qeyd etmək olar ki, Azərbaycan qadınları bu imkanlardan çox səmərəli istifadə edib, dərhal cəmiyyətdə öz hüquqlarının bərpa olunmasına çalışıb və onlar üçün yaranmış imkanlardan çox yaxşı bəhrələniblər. Beləliklə, demək olar ki, XX əsrin əvvəllərindən və xüsusən 20-ci ildən sonra Azərbaycanda qadınların azadlığa çıxması, tam müstəqil olması, qadınlarla kişilərin hüquqlarının bərabərləşməsi üçün və qadınlara cəmiyyətdə öz istedadlarını nümayiş etdirmək üçün, həyatın müxtəlif sahələrində çalışmaq, zəhmət çəkmək üçün və beləliklə də qadının nəyə qadir olduğunu bir daha nümayiş etdirmək üçün imkanlar yaranıbdır.
Bu gün Azərbaycanda bu problem artıq yoxdur. Çünki Azərbaycan qadını hələ 30-cu illərin əvvəllərində çadranı atdı, öz azadlığını elan etdi, öz hüquqlarının sahibi olduğunu bəyan etdi və tarixi nöqteyi-nəzərdən qısa bir zamanda Azərbaycanda qadınlar cəmiyyətdə, həyatın bütün sahələrində özlərinə məxsus olan yeri tutdular.
Biz fəxr edirik ki, Azərbaycan qadınları həm elmdə, mədəniyyətdə, təhsildə, səhiyyədə, həm də iqtisadiyyatın bütün sahələrində - sənayedə, kənd təsərrüfatında, ticarətdə, hər sahədə özlərini göstərdilər və ölkəmizin, millətimizin inkişafına öz töhfələrini verdilər. Məhz qadınların bu cür geniş fəaliyyəti nəticəsində Azərbaycanda qısa müddətdə təhsil inkişaf etdi, insanlar savadlandı və Azərbaycan təhsili belə yüksək səviyyəyə qalxdı. Qadınların fədakar zəhməti nəticəsində Azərbaycanın səhiyyəsi belə yüksəklərə qalxdı. Mən bu sahələri ona görə xüsusi qeyd edirəm ki, bildiyiniz kimi, Azərbaycanda qadınlar bu sahələrdə işləyənlərin 60 faizini, bəlkə də çoxunu təşkil edir.
Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar, onlar bizim nəslimizi artırırlar. Qadınlarla kişilərin bərabərliyinə gəldikdə, açıq demək lazımdır ki, qadınlar həmişə kişilərdən çox zəhmət çəkiblər. Qədim zamanlardan belə təsəvvür var ki, kişi işləyir, pul qazanır, ailəni saxlayır, qadın isə ev işi görür. Bu, belə olubdur. Amma indi belə deyildir. İndi kişi də işləyir, qadın da işləyir, kişi də qazanır, qadın da qazanır.
Demək olar ki,