“Azərbaycanlıların soyqırımı haqqında”
Azərbaycan Respublikası Prezidentinin fərmanı
(26 mart 1998-ci il)
Azərbaycan Respublikası müstəqillik
qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini
yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə
qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl
qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə
törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış
soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
1813-cü və 1828-ci illərdə imzalanan
Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının,
tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının
bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa
bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə
Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı
Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ
xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan
azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz
havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati
bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə,
əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi
siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ
olunmağa başlandı.
Bu uydurma dövlətin Azərbaycan
torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni
xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı
proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin
təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
"Böyük Ermənistan" yaratmaq xülyasından
ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı
açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər.
Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki
Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə
yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı
vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin
mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə
maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin
avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci dünya müharibəsi, Rusiyada baş
vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə
edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa
nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı
ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı
quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan
həyata keçirilməyə başlandı.
Həmin günlərdə ermənilərin törətdikləri
cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə
dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv
edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri
yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları,
məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini
xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı,
Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda
və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata
keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb
məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan
sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir.
Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə
Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi.
Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri,
İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri
araşdırdı.
Dünya ictimaiyyətinə bu həqiqətləri
çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı.
1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq
Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.
Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən
artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə
siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz
çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və
Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan
etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya
edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl
atdılar.
Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin
23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa
azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi
haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz
tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət
səviyyəsində nail oldular.
Erməni millətçiləri öz havadarlarının
köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin
mənəvi təcavüz kompaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm
şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin,
klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni
xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar.
Eyni zamanda, onlar tərəfindən bütün
dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də
güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin
əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur,
azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi
qələmə verilirdi.
Əsrin əvvəlində əksər əhalisi
azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər
bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə
qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına
pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı
repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları
dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin
müasir adlarla əvəzolunma prosesi baş verir.
Saxtalaşdırılmış erməni tarixi gənc
ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət
siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən
Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni
nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır.
Azərbaycan xalqının mənəviyyatına, milli
qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün
ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti
özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet
mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir
çaşdırıldırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata
keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən
antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi
vaxtında lazımi qiymət vermədi.
1988-ci ildən ortaya atılan qondarma
Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə
azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada
düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar
Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında
ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti
Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən
çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi
aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı.
Respublikada keçirilən mitinqlər zamanı
torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azərbaycan
rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi
olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını
boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv
və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı
şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı
soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv
edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq
Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir
milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma
yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum
edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən
işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən
bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin
azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi
soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu
hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət
vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi
Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi
qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət
vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə qərara alıram:
1. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin.
2. Azərbaycan Respublikasının Milli
Məclisinə tövsiyə olunsun ki, azərbaycanlıların soyqırımı ilə bağlı
hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxsın.
Комментариев нет:
Отправить комментарий