31 Mart Azərbaycanlıların soyqırımı günüdür
İki əsr davam edən genosid
Tarix
boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən
rus-erməni praktik işbirliyinin nəticəsi olub. Rusiya imperiyası bu
yolla Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə Rusiyanın
havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi,
bu torpaqlarda erməni dövləti qurmağı məqsəd güdüblər.
Hələ 1721-ci ildə Qafqaza yürüşə
çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən
Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini görüncə,
"erməni kartını" işə salmış və azərbaycanlıların tarixi torpaqlarında,
xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə
göstəriş vermişdi: “Onları (erməniləri) tovlayıb bizim torpaqlara
gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun”.
I Pyotrun vəsiyyəti və Azərbaycan torpaqlarının erməniləşdirilməsi
I Pyotrun xələflərinə
ünvanladığı tarixi vəsiyyət isə təkcə Ruiya imperiyasının deyil, nəticə
etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını
təşkil etdi. Həmin vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə
imperiyanın ermənilərə məxsusi hamililiyi barədə fərman verdi, 1802-ci
ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat
göndərdi: "Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan
xanlıqlarının ələ keçirməsində istifadə olunmalıdır". Bu, Rusiyanın
Azərbaycan torpaqlarının işğalına başladığı dövr idi.
1813-cü ilin Gülüstan və 1828-ci
ilin Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi Şimali
Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesini sürətləndirdi.
Türkmənçay müqaviləsindən dərhal sonra, 1828-ci il martın 21-də
imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının
ərazisində "Erməni vilayəti" təşkil edildi. Bu, tarixi Azərbaycan
tarpaqlarında yaradılacaq gələcək Ermənistanın faktiki təməli idi.
Buradaca bir faktı qeyd edək ki,
həmin vaxtın rəsmi statistikasına görə, "Erməni vilayəti"nin mərkəzi
olan İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı. Buna
paralel olaraq Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40
min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürüldü.
Analoji proses XIX əsrdəki
Rusiya-Türkiyə müharibələrinin yekununda (1829, 1878) da özünü göstərdi,
Türkiyə ərazisindən təxminən 85 min erməni köçürülərək sözügedən
bölgələrdə məskunlaşdırıldı. Bu proses minlərlə azərbaycanlının doğma
torpağından qovulması, qətlə yetirilməsi ilə müşayiət olunurdu.
Lakin ermənilərin Azərbaycan
ərazilərinə köçürülmələrinə baxmayaraq, azərbaycanlılar bu ərazilərdə
sayca ermənilərdən üstünlük təşkil edirdi.
Məsələn, 1886-cı ildə Gəncə
quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən yalnız 81-i erməni kəndi
olmuşdur. İrəvan qəzasında əhalinin 66 faizi azərbaycanlı, 34 faizi isə
ermənilərdən ibarət idi. Bu ərazilərdə ermənilərin çoxluq təşkil etməsi
məqsədilə azərbaycanlılara qarşı soyqırım siyasətinə əl atılmış,
ermənilər çar Rusiyası tərəfindən gizli silahlandırılaraq, hərbi
dəstələr yaradılmışdır.
XIX əsrin 2-ci yarısından
ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı
siyasət kimi aparılmağa başladı. Azərbaycan, Türkiyə və Gürcüstan
ərazisində "Böyük Ermənistan" dövlət qurmağı niyyətləyən ermənilər
"Qnçaq" (1887-ci ildə Cenevrədə qurulub), Daşnaksütyun (1890, Tiflis),
"Erməni Vətənpərvərləri İttifaqı" (1895, Hyu-York) kimi siyasi-terror
təşkilatları bu istiqamətdə yönəltdilər. Sözügedən təşkilatın fəaliyyət
proqramında azərbaycanlılara ardıcıl terror və qırğın aksiyaları həyata
keçirmək əsas yeri tuturdu. 1905-1907-ci illərin Rusiya inqilabı bu
təşkilatların fəaliyyəti üçün "geniş imkanlar" açdı.
İnqilabi qarışıqlıqdan istifadə
edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi
qırğınlar törətdilər, 75 azərbaycanlı kəndini talan etdilər.
1905-1907-ci il inqilabından sonra azərbaycanlıların deportasiyası və
soyqırımı prosesi örtülü şəkildə davam edirdi. Bunu Rusiya imperiyasının
o vaxtkı statistik məlumatları da təsdiqləyir. Azərbaycanın Zəngəzur,
İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində yüzlərlə kənd
yandırılmış, əhali uşaqdan böyüyə qədər amansızcasına qətlə
yetirilmişdir.
1916-cı ildə nəşr olunan
məlumatlara əsasən, İrəvan quberniyasının əhalisi 1830-1914-cü illər
ərzində 40 dəfə artaraq, 570 min nəfər təşkil edib. Lakin bunun
müqabilində bölgənin azərbaycanlı əhalisinin sayı cəmisi 4,6 dəfə
artmışdı. Hətta bu qədər sıxışdırılma və deporatsiya müqabilində yenə
1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri
azərbaycanlılar idi.
1914-cü ildə başlanan I Dünya
müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il)
ermənilərin "Böyük Ermənistan" iddiası üçün əlverişli şərait yaratdı.
1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin (həmin
ərazilər Rusiyanın Qafqaz qoşunları tərəfinlən ələ keçirilmişdi) erməni
əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi
qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o
ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi.
Qanlı siyasətin dəst-xətti: 1918-ci ilin mart soyqırımı
Türkiyə
ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına,
Qarabağa və Zəngəzura böyük miqdarda erməni əhalisi də köçüb gəlmişdi.
Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda,
ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara
divan tutmağa başladılar.
1917-ci ilin dekabrında
Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında
bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan
rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq
şəriatindən istifadə edərək yerli müsəlman əhalisinə divan tutmağa
başladılar.
Nəticədə hələ 1918-ci ilin
martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı.
Bu ərazidə yaşayan 135 min azərbaycanlı türkünün bir qismi ermənilər
tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət
etdiyi ərazilərə qaçmağa məcbur olmuşdular.
Bu qırğınlara 1917-ci ilin
dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri
üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi.
Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək və
həmçinin də Türkiyədə rus ordusunun işğalı altında olan yerlərdə
"Türkiyə Ermənistanı" yaratmaq səlahiyyəti verilmişdi. I Dünya
Müharibəsinin gedişində baş verən dəyişikliklər də ermənilərin azğın
planlarına uyğun idi.
Brest-Litovsk (mart 1918-ci il)
sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya qoşunları işğal
etdikləri Qars, Ərdəhan və Batum tərk etməli idi. Bu ərazilər Türkiyəyə
qaytarıldı. Öz növbəsində Türkiyə dövləti həmin vilayətlərin
boşaldılmasını tələb etdi. İran və Türkiyə cəbhəsindən geri dönən rus və
erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdi.
Şaumyan həmin qüvvələrdən
azərbaycanlılara qarşı istifadə etmək qərarına gəldi. Həmin dövrdə isə
Bakıda çox az sayda könüllü müsəlman əsgərləri var idi. Bu vəziyyətin
özü də Şaumyana mənfur siyasətini həyata keçirmək üçün əlverişli imkan
verirdi. Böyük qırğınlara başlamaq isə yalnız bəhanə lazım idi.
Nəhayət, bəhanə tapıldı. Müsəlman
əsgərlərin Lənkəranda olan könüllülərə silah göndərmək istəməsi Şaumyan
bu bəhanəni verdi. O, Lənkərana silah göndərilməsinin qarşısını almaq
əmri verdi. Başlanan atışmada ölən və yaralananlar oldu. Şaumyan bu
hadisəni bəhanə edərək ruslarla erməniləri azərbaycanlılara qarşı
mübarizəyə sövq etdi və "sovet hökumətinə qarşı çıxan" azərbaycanlılara
qarşı Bakıda görünməmiş qırğınlar başlandı.
Martın 30-da səhər tezdən
erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular.
Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq
amansız qətllər törətdilər.
Martın 31-i və aprelin 1-də
qırğınlar xüsusilə kütləvi şəkil aldı. Üç gün ərzində Bakıda 17 min
insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı
əhalisindən 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların
bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri
Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən
sayılan "İsmailliyyə"nin binasına od vurmuşdular.
Üç gün davam edən qırğın zamanı
erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların
yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan
böyüyədək qətlə yetirmişdir.
Həmin dəhşətli günlərin şahidi
olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə
bunları yazmışdır: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə
soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik
edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87
azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları
yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara
acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər".
Daşnakların azərbaycanlılara
qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə
Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da
azərbaycanlıların qırğını törədilmişdir.
Martın 30-dan aprelin 2-dək
sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər
tərəfindən 8027 azərbaycanlı (onlardan 2560-ı qadın, 1277-si uşaq idi)
qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16
mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə
soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı
kəndi tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törədilmişdi.
İrəvan quberniyası,
Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların
qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes
Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden
Hartvill "İnsanlar belə imişlər" adlı kitab yazmışdır. Ovanes Apresyan
kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və
Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə
Bakıda mart qırğını zamanı 25 min azərbaycanlının qətlə yetirildiyini
bildirmişdir.
Cavanşir qəzasının 28 kəndi,
Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv
edilmişdir. 1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən
qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik
azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Naxçıvan
qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115
azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq
öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və
ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində
yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan
edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş,
1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd
dağıdılımış, əhalisi məhv edilmişdir (Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti, Fövqəladə İstintaq Komissiyasının materialları).
70 illik sovet ideologiyasının
tarixşünaslığımıza tətbiq etdiyi "vətəndaş müharibəsi", "müsavatçıların
əks-inqilabi qiyamı" kimi saxtalaşdırılan mart hadisələri
bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırım
siyasəti idi.
Bu qırğının təşkilatçısı S.Şaumyan
RSFSR XKS-yə 13 aprel 1918-ci il tarixli məktubunda etiraf edərək
yazırdı: "Bizim süvari dəstəyə edilən silahlı hücumdan biz bir bəhanə
kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min
nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik
silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz
onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi.
Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə
getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın
paytaxtı elan edilə bilərdi".
Göründüyü kimi,
azərbaycanlılara qarşı aşkar genosid həyata keçirən ermənilər Bakı da
daxil bütün Azərbaycanı özlərinin ərazisi etmək əzmində idilər. Biz
isə uzun illər bu gerçək tarixdən məlumatsız olmuşuq, saxta ideoloji
ehkamlar və beynimizə yeridilən yalan tarix nəticəsində yaddaşımız uzun
illər tamamilə yad istiqamətdə köklənib.
Halbuki hələ 1918-ci il
iyulun 15-də Xalq Cümhuriyyətinin hökumətinin yaratdığı Fövqəladə
Təhqiqat Komissiyası bu qətliamlarla bağlı çoxsaylı sənədlər,
materiallar toplamışdı. 1919-cu ildə Xalq Cümhuriyyətinin parlamenti 31
martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar
qəbul etmişdi.
Lakin 1920-ci ilin aprelin Xalq
Cümhuriyyətinin süqutu bu işləri də yarımçıq qoydu və Azərbaycan
erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya,
beynəlxalq aləmə çatdıra bilmədi. Əvəzində ermənilər istər dünyaya
səpələnmiş böyük diasropu vasitəsilə, istərsə də Ermənistanda daşnak
hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin (bu məsələdə onların
mahiyyətcə elə bir fərqi yox idi) təbliğat maşınının köməyi ilə qondarma
"soyqırımı" kampaniyasına geniş vüsət verdilər.
Azərbaycandakuı 70 illik sovet tarixi isə bizi gerçək tariximizdən uzaq saldı. Hətta
dəhşətli genosidin qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu
qəbirstanlığın üstünü betonlayaraq üstündə Kirovun möhtəşəm heykəlini
qurmuş, ətrafda isə istirahət parkı salmışdılar. Və illər boyu bu parkda
istirahət edib, sovet hakimiyyətinin bizə bəxş etdiyi "bəxtəvərlik"dən
dəm vuran bizlər təsəvvür etmirdik ki, ayaqlarımızın altında nələr var.
Çünki o tarix və dəhşətlərin üstü sözün bütün mənalarında
betonlaşdırılmışdı.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası
Ermənilərin
azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi qətliam və etnik tənzimləmə
isə sovet dövründə də davam edirdi, sadəcə, indi bu proses qanun
çərçivəsinə salınmışdı.
Bu xüsusda Stalin dövrünün
deportasiyasını, 1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan
SSR-dəki tarixi yurdlarından köçünülməsini ayrıca qeyd etmək lazımdır.
SSRİ Hazirlər Sovetinin
"Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz
ovalığına köçürülməsi haqqında" 1947-ci il dekabrın 23-də verilən
qərarını ermənilər çoxdan gözləyirdilər.
Anastas Mikoyan başda
olmaqla ermənilərin Moskvada əyləşən liderləri türksüz Ermənistan
uğrunda fəaliyyətə hələ Böyük Vətən müharibəsindən əvvəl başlamışdılar.
Bu xüsusda əsas səbəb kimi o göstərilirdi ki, xaricdə yaşayan on
minlərlə erməni mütəxəssisi Ermənistana qayıdaraq, sovet dövlətinin
inkişafı və tərəqqisi naminə çalışmaq əzmindədir, lakin onların
yerləşdirilməsi ilə bağlı problemlər var. "Optimal" çıxış yolu isə
Ermənistan SSR-də qeyri-ermənilərin yaşadığı torpaqların boşaldılması
idi.
Azərbaycan SSR-in o vaxtkı
rəhbərliyi bir müddət bu fəaliyyətin önünü ala bilsə də, Stalin ideyanı
dəstəklədi və SSRİ hökumətinin "tarixi" qərarına imza atdı.
Azərbaycanlıların yaşadığı 476 kənd tamamilə boşaldıldı. Həhayət,
1987-1989-cu il deporatsiyası Ermənistanda azərbaycanlılara qarşı etnik
tənzimləməni başa çatdırdı. Hövbədə isə Azərbaycanın öz ərazisində,
Dağlıq Qarabağdakı etnik təmizləmə dururdu.
Azərbaycanlıların 1988-1989-cu illərdə Ermənistandan deportasiyası
1988-ci ilin yanvarından etibarən "türksüz Ermənistan" siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan
hökuməti, "Qarabağ" və "Krunk" komitələri, Eçmiədzin kilsəsinin
nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların
qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər.
Etnik təmizləmə nəticəsində
Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq
azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217
azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir.
Bunlardan 49 nəfəri ermənilərin
əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə
yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər
yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək
infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş,
digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək,
başları kəsilərək qətlə yetirilmişdir.
Xocalı soyqırımı
Azərbaycan xalıqının XX əsrdə
üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı
faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş
qanlı olaydır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan
silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni
silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı
alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə
Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək,
Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.
Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.
Tarixin qan yaddaşı
1998-ci il martın 26-da prezident
Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı.
Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya
siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 martın
Azərbaycanlıların soyqırım günü kimi qeyd olunması təsbitləndi.
Ötən dövr ərzində Azərbaycan
dövləti tarixi gerçəklikləri, xalqımızın tam iki əsr boyu məruz qaldığı
soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə
çatdırmaq üçün xeyli iş görüb. Amma bu, yetərli deyil.
Çünki hələ də dünya miqyasında
ermənilərin saxta "tarixi" bizim gerçək tariximixi üstələyir. Ən əsası
isə odur ki, tarix boyu xalqımızın başına nələrin açıldığını, çəkdiyimiz
müsibətlərin gerçək miqyas və mahiyyətini özümüz dərindən dərk
etməliyik. Bunun üçün isə həmin tarixi təkcə 31 mart günü deyil, hər gün
xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq.
мы обязаны думать об этом и помнить всегда
ОтветитьУдалить