17 dekabr 2013
İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimdə iştirak etmişdir
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları mərasimdə iştirak etmişlər.
“Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci
mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac
edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub”
qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər
həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.
"Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə
1996-cı il iyunun 4-də imzalanıb. Razılaşmaya əsasən, müqavilə
iştirakçıları "bp" (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%,
"Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%-dir. "Şahdəniz"
yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində
proqnozlaşdırılır. Sözügedən dəniz qaz-kondensat yatağının işlənməsinin
ikinci mərhələsinin dəyəri isə 25 milyard dollar qiymətləndirilir.Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.
Qeyd edək ki, "Şahdəniz"in işlənməsi üzrə konsorsium iyun ayının sonunda qazın Avropa bazarlarına tədarükü üzrə marşrut qismində Trans-Adriatik boru kəmərini (TAP) seçib. TAP boru kəmərinin ilkin gücü ildə 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr təşkil edəcək. Qazın Türkiyə ərazisi ilə nəqli üçün Trans-Anadolu qaz kəməri (TANAP) tikiləcək ki, bu da tədarükü Avropa sərhədlərinədək təmin etməyə imkan verəcək.
Комментариев нет:
Отправить комментарий