YAP-ın V qurultayı bu il keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb
YAP-ın 600 mindən çox üzvünü təmsil edən nümayəndələr partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevi hərarətlə qarşıladılar.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının
sədri İlham Əliyev qurultayın açılışında geniş nitqlə çıxış edib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı
illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə
gəlib. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili
siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti
qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk
növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni
böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu.
Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya
yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona
müraciət ünvanladılar. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə
Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Konfransda
Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil
edən 550 nümayəndə iştirak edirdi. Beləliklə, Azərbaycanın
ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra
ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə
dəyişən partiya meydana çıxdı. Yeni Azərbaycan Partiyası qısa bir
müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və
kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş,
ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdı.
1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə
partiyanın həyatında yeni dövrün əsası qoyulub. Partiyanın statusu yeni
şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin
siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi
qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail
olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ildə
keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların
əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar
partiyasına çevrilib, ona olan ümumxalq inamı bir daha təsdiq edilib.
Yeni Azərbaycan Partiyasının 1999-cu ilin dekabrında və 2001-ci ilin
noyabrında keçirilən I və II qurultayları təşkilatın həyatında taleyüklü
qərarlar qəbul etmişdir. YAP-ın II qurultayında partiyanın
nizamnaməsinə dəyişikliklər edilib və yeni təsis olunan sədrin birinci
müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilib. Qurultay partiyanın
rəhbər orqanlarını – 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və
onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçib.
Yeni Azərbaycan Partiyası parlament tipli sağ mərkəzçi siyasi
partiyadır. Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz
Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və
vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil
dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq
insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü
və sosial yönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan
vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.
Комментариев нет:
Отправить комментарий