Ümummilli Lider Heydər Əliyev
Dünya miqyaslı siyasətçi
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində
müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət
adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və
əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli
lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi
Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu
dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə
siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər
tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti
ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də
özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar
dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi
qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai
həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən
ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın
milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc
yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O,
dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki,
siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb
püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda
fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir.
Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər
vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan
səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında
sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi
və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından
əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.
Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə
durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin
müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri
idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və
sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı
bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan
qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək
qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.
Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin
heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş
adamlara – zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir.
Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə,
çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək
intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları
heyrətləndirirdi.
Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar.
Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib
şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət,
fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm
də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə,
qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək
bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata
keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi
keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək
gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar,
təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər
Əliyevin fərdi naturasının özgün çalarları idi.
Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında
yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən
nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə
qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti
siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.
Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər,
qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və
obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları
heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır. Hətta
dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə
məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər.
Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. Onun
siyasətinin gücü nədə idi?!
- Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində,
ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində,
dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş
dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün
baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və
səbirliliyində, nəzəriyyəyə istinad etməsində və praktik həyatdan baş
çıxarmasında – bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində idi. Bu dahi
siyasətçi zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş qərarlar qəbul edirdi.
Onun fəaliyyəti haqsız yerə “təftiş” ediləndə belə irad tutulması,
“nöqsan deyiləsi” olan bir fakt belə tapa bilməmişlər. Yarım əsrlik
siyasi fəaliyyətin qızıl qaydası çoxları üçün təəccüblü idi. Təəccüb və
möcüzələr, başqalarını şok vəziyyətinə salan faktlar yüzlərlədir. Elə bu
keyfiyyətlər onu başqalarından fərqləndirirdi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili
və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına
nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə
Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir
dövlətə çevrilmişdi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının
Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli
və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici
siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri,
inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət
yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin
anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli
dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan,
antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan
neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın
qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi
bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və
uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, reallığı
düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən,
sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini
nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən
görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət
cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət
edir.
Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman
deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə bacarırdı. Ulu
öndər qeyd edirdi ki, “biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz
gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki,
Azərbaycanın milli mənafeləri müdafiə olunsun”.
Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Xalqımızın və
dövlətimizin elə bir problemi olmamışdır ki, həmin problemləri kimsə
Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun. O, hər hansı problemə həsr
olunmuş yığıncaqda məsələyə dərindən bələdliyi, verdiyi suallar,
qaldırdığı problem məsələlərlə həmin sahənin mütəxəssislərini belə
heyrətləndirirdi. Çünki o, istər sənaye, istər kənd təsərrüfatı, istərsə
də elm, maarif, mədəniyyət ilə bağlı məsələlərin müzakirəsində bütün
iştirakçıları həmin sahənin əvəzedilməz bilicisi kimi idarə edirdi. Onun
kimi təsərrüfatı təsərrüfatçıdan, tariximizi tarixçidən, incəsənətimizi
sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən, onun
problemlərini həll etməyə istiqamətləndirən ikinci adam tapmaq mümkün
deyil.
Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik,
hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti
ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici
siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və
tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən
tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətini
birmənalı olaraq qəbul edirdilər. Elə bu cəhətlərinə görədir ki,
xalqımız onu əsrin böyük Azərbaycanlısı, xalqın xilaskarı, müstəqil
Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi
qəbul edir, hörmət bəsləyir və ürəkdən sevirdi.
Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə,
siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər
Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün
dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu
minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək
rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur
duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən
ümummilli lideri olmuşdur.
Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə
idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli
siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər
sırasında çəkilib. Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olsa da,
Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü
təsdiq etməsinə heç vaxt mane olmayıb. Ən məşhur, tanınmış
siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq
sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında
Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə,
həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi.
Təkcə belə bir faktı göstərmək kifayətdir ki, hələ on ildən artıq bundan
əvvəl Brazilyanın “Planetin səsi” qəzeti doqquz dövlətin
jurnalistlərinə “dünyanın hansı üç super siyasətçisinin adını çəkə
bilərsiniz” sualını vermiş və altı dövlətin jurnalistləri birinci olaraq
ümummilli lider Heydər Əliyevin adını çəkmişdir.
Ulu öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz
xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti
düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın
demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır.
Dünya siyasətçiləri, beynəlxalq içtimaiyyət və xalqımız bu dahi insanı
Heydər Əliyev olduğuna görə deyil, vətən və dövlət qarşısında gördüyü
böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və pozitiv
inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə
qiymətləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi
xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri
Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirmiş, ondan çox şey
öyrəndiklərini bildirmişlər. Onun haqqında deyilən söz, verilən qiymət
bu gün də, sabah da lazımdır, bunlar tariximizin yaddaşına
köçürülməlidir.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir
siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik
yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün
uğurlu qərarlar qəbul edirdi. Onun ağıllı və uzaqgörən siyasətində hər
şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış
siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət
adamı bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli rəhbər, xalq
məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu
təsdiq etmişdir. İnanmaq çətindir ki, dünyada xalqa bu qədər yaxın
ikinci bir siyasətçi olar. Siyasətçi üçün lazım olan keyfiyyətlərlə
yanaşı, onda idarəetmə keyfiyyətləri, dövlətçilik təcrübəsi ən yüksək
səviyyədə idi. Elə bunlar idi onun siyasətinin ucalığı, aliliyi,
uzaqgörənliyi və heyrətamizliyi.
Heydər Əliyev siyasəti bütün dünyanı ehtiva edə bilir, düzgün
istiqamətə yönəldirdi. Heydər Əliyevin beynəlxalq Atatürk sülh
mükafatına layiq görülməsi onun dünyada apardığı sülh siyasətinə verilən
qiymət idi. O, dünyanın bütün ölkələri və onların rəhbərləri ilə, hətta
məkrli düşmənlərimizlə də “sülh dili” ilə nəinki danışmağı bacarırdı,
onlara da bunu aşılaya bilirdi. Ulu öndərimizin ən ali insani
keyfiyyətləri, fenomen xarakteri, insanlarla dil tapmaq bacarığı, hərəni
öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi.
Hər dövlət xadiminə xas olmayan üstünlüklər ulu Tanrının Heydər Əliyevə
verdiyi ən ali keyfiyyətlər idi. Görəsən, bəşəriyyət belə nəcib, yüksək
intellekti ilə seçilən dövlət xadimləri, siyasət nəhəngləri ilə çoxmu
qarşılaşıb?! Təəssüf ki, buna heç də çox rast gəlinməyib. Heydər Əliyev
kimi dövlət və siyasət adamları bəşəriyyətin, insanların xeyrinə, sülhün
və əmin-amanlığın təmin edilməsinə yetərincə pay vermişlər.
Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə,
təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu
prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, Azərbaycan
tarixində bəlkə də yeganə siyasət adamıdır ki, onun fəaliyyəti yalnız
konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli
problemlərin aradan qaldırılmasına xidmət edir. Onun xalq işinə
sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq
hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas
qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv
mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi
və analitik təfəkkürü, sadə davranışı, heyrətamiz enerjisi… – bir dövlət
başçısı kimi onun ən yüksək keyfiyyətləri idi.
Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək
bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri
məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni
yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin nitq
və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur,
fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. O, məsələnin
mahiyyətini açmağa, mövzunun milli mənafe, dövlətçilik mövqeyindən
təhlil etməyə xidmət edən məsələni ustalıqla göstərməyi bacarırdı.
Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər
əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək
bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər
Əliyevə uyğun gələn siyasətçi çox azdır. Ümummilli lider Heydər Əliyevin
ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o,
başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı
təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi
idi. “Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan
əl çəkmir” – deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Ona görə
də bir sıra hallarda Heydər Əliyevi “siyasət nəhəngi”, “siyasət
qrosmeysteri”, “siyasət patriarxı”… kimi xarakterizə edirlər. Qüdrətli
dövlət xadimi siyasət aləminin müəllimi idi. Onun müəllimliyindən
çoxlarına pay düşmüşdür.
Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini,
xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu, on illərllə
formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin fəxri,
mili iftixarımız və liderimiz olan Heydər Əliyev bütün problemlərin həll
olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on
il bundan sonra görəcək işləri bu gün həyata keçirməyi bacaran nadir
keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi idi.
Onun siyasəti ölçülüb-biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi.
Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə
aid etmək olar. Müasirləri onun gördüyü işləri hələ layiqincə
dəyərləndirməyiblər: onun yer üzünə nə üçün gəldiyini və kim tərəfindən
göndərildiyini tam dərk edə bilmək üçün hələ olduqca az vaxt keçib. XX
əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət
xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz
siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına
istiqamət verəcəkdir.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və
faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi
cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti
yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev
siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın
uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu
dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi,
Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi
tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan
çıxmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə
aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan
inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam
etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə
olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın
görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha
sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə
davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun
mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir.
Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi
möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq
aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
сделанное им для нас всегда останется в нашей памяти
ОтветитьУдалитьАзербайджан не забудет!
ОтветитьУдалить