Azərbaycan Prezidenti Heydər Əliyevin Böyük Vətən Müharibəsində - İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 53-cü ildönümü münasibəti ilə təntənəli mərasimdə nitqi - 9 may 1998-ci il
Əziz və hörmətli veteranlar!
Mən sizi, Azərbaycan Respublikasının
bütün müharibə veteranlarını alman faşizmi üzərində qələbənin 53-cü
ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uzun ömür
və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
XX əsrin ən dəhşətli səhifələri olan
İkinci dünya müharibəsi və Böyük Vətən müharibəsi bizim üçün çoxlu
qurbanlarla başa çatdı. Amma eyni zamanda, bu müharibə dünyada misli
görünməmiş qələbə ilə başa çatdı və alman faşizminə qarşı müharibəyə
qalxmış xalqlar, ordular 1945-ci ildə tarixi bir qələbə çaldılar. Zaman
keçdikcə, illər ötdükcə bu qələbənin mənası, mahiyyəti və tarixi
əhəmiyyəti daha da aydın olur, bütün dünya üçün daha da açılır.
Azərbaycan xalqı da İkinci dünya
müharibəsində - Böyük Vətən müharibəsində qurbanlar vermişdir. Böyük
Vətən rnüharibəsinə Azərbaycandan 600 minə qədər insan cəlb olunmuşdu.
Onlardan 300 min Azərbaycan vətəndaşı müharibədə həlak olmuş, geriyə
dönməmişdir. Azərbaycanın qəhrəman oğulları Böyük Vətən müharibəsində
şücaət göstərmiş, xalqımızın qəhrəmanlıq nümunələrini dünyaya nümayiş
etdirmişlər və alman faşizmi üzərində çalman qələbədə Azərbaycan
xalqının da böyük payı vardır. Biz bu gün - Qələbə günü Böyük Vətən
müharibəsində, alman faşizminin qarşısını almaq uğrunda gedən müharibədə
həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük
minnətdarlıq hissi ilə yad edirik.
Bu gün biz İkinci dünya müharibəsində
həlak olmuş, alman faşizminə qarşı vuruşaraq həlak olmuş insanların
hamısının xatirəsini yad edirik. Onların qəhrəmanlığı heç vaxt
unudulmayacaqdır. Çünki bəşəriyyəti faşizmdən xilas etmək tarixi bir
qəhrəmanlıq nümunəsidir. Biz bütün həlak olanların xatirəsini həmişə yad
etmişik və yad edirik.
Biz bu gün Azərbaycanın qəhrəman oğlu
general Həzi Aslanovun qəbrinin önündə toplaşmışıq. İki dəfə Sovet
İttifaqı qəhrəmanı Həzi Aslanovun qəbri eyni zamanda Böyük Vətən
müharibəsində həlak olmuş bütün Azərbaycan övladlarının, Azərbaycan
vətəndaşlarının qəbirlərini təmsil edir. Biz qəhrəman general Həzi
Aslanovun qəbrinin qarşısında, Böyük Vətən müharibəsində həlak olmuş
bütün Azərbaycan övladlarının qəbirləri qarşısında, mübarizlərin
xatirəsi qarşısında dərin minnətdarlıq hissi ilə baş əyirik. Onların
qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Onların qəhrəman simaları bizim
qəlbimizdə daim yaşayacaqdır.
Qələbə günündən 53 il keçibdir. Biz
xoşbəxtik ki, bu 53 ili o dəhşətli müharibənin sona çatmasından indiyə
qədər yaşamışıq və Azərbaycan xalqı bu illərdə böyük imtahanlardan
keçərək nəhayət, öz milli azadlığına, dövlət müstəqilliyinə nail
olubdur, indi öz taleyinin sahibidir. Bu gün bizi ən çox sevindirən
cəhətlərdən biri də odur ki, Böyük Vətən müharibəsində, İkinci dünya
müharibəsində qələbə üçün vuruşanların, döyüşənlərin böyük bir dəstəsi
indi də bizim sıralarımızdadır. Onlar yaşayırlar, müstəqil Azərbaycanın
həyatında, dövlət quruculuğu prosesində, respublikamızda həyata
keçirilən müxtəlif proseslərdə fəal iştirak edirlər.
Əziz bacılar, qardaşlar!
Bu gün buraya - bu müqəddəs yerə
toplaşan müharibə veteranları, sizlər Azərbaycan xalqının ən mötəbər
insanlarısınız, ən hörmətli insanlarısınız. Sizi cəmiyyətimiz, xalqımız
həmişə yüksək qiymətləndirib və bu gün də yüksək qiymətləndirəcəkdir.
Sizin Böyük Vətən müharibəsindəki rəşadətiniz, şücaətiniz və qələbənin
çalınmasındakı xidmətləriniz bütün Azərbaycan xalqının milli, mənəvi
sərvətidir.
Əziz bacılar, qardaşlar!
Siz Böyük Vətən müharibəsinin
cəbhələrində, döyüşlərdə iştirakınızla, göstərdiyiniz qəhrəmanlıqla,
şücaətlə Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya sübut
etmisiniz. Siz Azərbaycan xalqının hörmətini ucalara qaldırmısınız. Siz
Azərbaycan xalqını dünyaya tanıtmısınız. Sizin döşünüzdəki dövlət
ordenləri, medalları, nişanları mənim dediyim bu sözlərə əyani sübutdur.
İndi Müstəqil Azərbaycan Respublikasında Böyük Vətən müharibəsinin,
İkinci dünya müharibəsinin veteranlarına xüsusi qayğı göstərilir və
bundan sonra da göstəriləcəkdir. Siz əmin ola bilərsiniz ki,
Azərbaycanın dövləti, Azərbaycanın prezidenti sizin probleminizlə daim
məşğul olur və bundan sonra da məşğul olacaqlar. Biz həyatın bu çətin,
ağır dövründə bütün imkanlarımızdan istifadə edərək Böyük Vətən
müharibəsinin veteranlarına lazımi qayğılar göstərmişik və göstərəcəyik
də. Mən bu gün bir daha bəyan edirəm ki, bizim üçün İkinci dünya
müharibəsində, faşizmə qarşı aparılan Böyük Vətən müharibəsində iştirak
etmiş hər bir şəxs yüksək hörmətə malikdir. Bizim cəmiyyətdə sizin
xüsusi yeriniz vardır. Biz heç vaxt sizin xidmətlərinizi unutmayacağıq.
Azərbaycanda ictimai-siyasi vəziyyət
dəyişəndən sonra, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra
Böyük Vətən müharibəsinin veteranlarına və ümumiyyətlə, ikinci Dünya
müharibəsinin qəhrəmanlarına müəyyən bir dövrdə nümayiş etdirilən
etinasızlıq və bəzən də hörmətsizlik halları indi aradan götürülübdür. O
insanlar ki, müvəqqəti olaraq Azərbaycanda hakimiyyətə gəlmişdilər və
Azərbaycanın keçmiş tarixinin hamısını inkar etməyə çalışırdılar, o
cümlədən yüz minlərlə Azərbaycan övladlarının Böyük Vətən müharibəsində,
İkinci dünya müharibəsində, faşizmə qarşı müharibədə tökülən qanını,
aldıqları yaraları, verilən qurbanları unutdurmağa çalışırdılar və
onlara qarşı hörmətsizlik edirdilər, - artıq bunların hamısı aradan
götürülübdür. Sadəcə olaraq, bunlar o dövrün ayrı-ayrı adamları
tərəfindən xalqa qarşı hörmətsizlik və deyə bilərəm ki, vəfasızlıqdır.
Siz bilin, bu gün də, müstəqil
Azərbaycanın gələcək nəsilləri də sizləri sevəcək, həmişə sizlərə hörmət
edib və edəcəklər. Siz bu gün Azərbaycanın həyatında fəal iştirak
edirsiniz, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində öz
təcrübənizi, biliklərinizi əsirgəmirsiniz. Mən bütün bunlara görə sizə
təşəkkür edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, siz, müharibə
veteranları Azərbaycanın hörmətli, ağsaqqal insanları bundan sonra da
müstəqil Azərbaycanın dövlətçiliyinin qorunmasında, dövlətçiliyin
inkişaf etdirilməsində fəal iştirak edəcəksiniz və öz xidmətlərinizi
göstərəcəksiniz.
Mən sizə öz hörmət və ehtiramımı
bildirirəm. Sizin hamınıza keçmiş xidmətlərinizə görə, Böyük Vətən
müharibəsində göstərdiyiniz qəhrəmanlıq nümunələrinə görə, tökdüyünüz
qanlara görə bütün Azərbaycan xalqı, dövləti adından təşəkkür edirəm.
Sizə bir daha cansağlığı, uzun ömür arzu edirəm. Həyatınızda, gələcək
işlərinizdə sizə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun! Qələbə günü mübarək olsun!
Sağ olun.
я горжусь тем,что являюсь гражданином этой страны!!!!!!!!
ОтветитьУдалить