Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

среда, 10 апреля 2013 г.

Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm


Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm


Hər bir insanın həyatında  əsas rolu olan kimlərisə olur. Bu həmin insanın anası, atası, müəllimi və başqa  yaxını və hətta kənar adam ola bilər. Həyatını, sağlamlığını, hətta deyərdim ki, bütün varlığını həmin insanın yaşaması, həyatda özünə layiqli yer tutması üçün fəda edən pərvanə insanlar...
Bu gün onlardan birisi haqqında sizlərlə bölüşmək istərdim. Onu nəinki ölkəmizdə hətta sərhədlərimizdən  çox-çox uzaqlarda belə hər kəs tanıyır. “Azərbaycanlıyam” – deyən kimi, ixtiyari xarici ölkə vətəndaşının dediyi ilk söz: “Sizin milli lideriniz Heydər Əliyevdir” kəlamı hər bir azərbaycanlıda fəxr hissi oyadır.
Bəli, bizim Ümummilli liderimiz, fəxrimiz, ölkəmizi sərhədlərindən çox-çox uzaqlarda tanıdan, vətənimizin adını yüksəklərə qaldıran, dilimizi, dinimizi, mədəniyyətimizi, millətlər arası münasibətlərdə tolerantlığımızı qoruyub gələcək nəsillərə miras qoyan əsil azərbaycanlı - Heydər Əlirza oğlu Əliyev...
Bəli, kiminsə həyatında rolu olan bir əziz insanı olur. Millətin, xalqın həyatında əvəzsiz rolu olan Böyük insan – onun Ümummilli lideri Heydər Əliyevdir.
Hərdən adamı təəccüb götürür. Bir insan ömrünə necə sığışır Onun gördüyü işlər? Axı adi insan həyatı boyu nə qədər işlər görə bilər? Özü üçün, vətəni üçün, ailəsi üçün hər hansı bir ata həyatı boyu nələrisə edir. Heydər Əliyev isə öz həyatını bütünlüklə milləti, xalqı, vətəni üçün fəda edərək, ölkəmizin suverenliyi və tərəqqisi, müstəqil Azərbaycanın təşəkkülü və inkişafına həsr etmişdir.
Heç kəsə sirr deyil ki, 34-illik hakimiyyəti dövründə Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı olmuşdur. Ən çətin vaxtlarda Azərbaycana  gəlmiş Ulu Öndər xarabalıqlar üzərində bir memar dəqiqliyi ilə vətənimizi yenidən qurmuş, yaşatmış və inkişaf etdirərək çiçəkləndirmişdir.
Tariximiz boyu Tanrı bizi çox sınaqlara çəkib və nə yaxşı ki, çətin anlarımızda ondan imdad diləyən analarımızın səsini eşidib və bizə Heydər Əliyev dühası bəxş edib.
Acı qanlar bahasına uzun illər həsrətində olduğumuz müstəqilliyimizi 1991-ci ildə qazanmağımıza baxmayaraq, 1993-cü ildə itirmək təhlükəsi vardı. O vaxt ölkədə olan qarışıqlıq, anarxiya, xaos, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi,qardaş qırğını təhlükəsi yaratmışdı, nəinki müstəqilliyimizin itirilməsi, bütövlikdə Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi vardı.
Tarixə nəzər salsaq, çox uzaq olmayan 1918-1920-ci illərdəki müstəqilliyi qoruyub saxlaya bilməməyimiz buna bir sübutdur. Hətta 1988-1990-ci illər, ermənilərin Dağlıq Qarabağı ayırmaq tələbləri, Sumqayıt hadisələri, hegemonluğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi Qanlı Yanvar hadisələri və səriştəsiz rəhbərlərin yeritdiyi siyasət nəticəsində torpaqlarımızın 20%-dən çoxunu itirməyimiz də bunun acı nəticəsidir.
Ölkənin, xalqın qüclü bir liderə ehtiyacı var idi. Və xalqın tələbi və təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Bu, çox böyük bir tarixi hadisə, Azərbaycan xalqının həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqil şəraitdə yaşamaq imkanı əldə etdik.
 Bəli, Azərbaycanı parçalanma və məhv olma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Və buna görə də xalqın qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıdan Azərbaycan xalqının Böyük oğlu, Ümummilli lider statusunu qazanmışdır.
Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı. Beləliklə, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz xilas edildi. AZƏRBAYCAN  RESPUBLİKASI PREZİDENTİNİN  ANDİÇMƏ  MƏRASİMİNDƏki  NİTQində dediyi kimi:
<<Müstəqil  Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri  Respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik.>>
Və məhz bu yolla gedən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artıraraq, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratmışdır. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başlamışlar. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə,qətiyyətli mövqe və müdriklik nümayiş etdirmişdir.
Ümummilli lider Heydər Əliyevin Lissabon sammiti zamanı göstərdiyi müdriklik xalqımızın tarixinə qızıl hərflərə yazılmışdır. Neçə illərdən bəri Ermənistan havadarları ilə birlikdə dünya diplomatiyası sahəsində Azərbaycanın düşmən obrazını yaratmış, nəticədə ölkəmiz siyasət aləmində təklənmişdi. Məzh Lissabon sammitində Heydər Əliyev Azərbaycan haqqında yaranmış qeyri-obyektiv münasibəti və səhv baxışları alt-üst etdi. Onun uzaqgörən siyasəti, BMT-nin yüksək kürsüsündən çıxışları nəinki Avropanı, bütün dünyanı Azərbaycan haqqındakı qeyri-obyektiv mövqeyini dəyişməyə məcbur etdi. Bunun bariz nümunəsi məzh Lissabon sammitində qoyuldu ki, burada səsvermədə 52 dövlət  Azərbaycanı müdafiə etdi. Bu, böyük qələbəni  xalqımıza məzh Heydər Əliyev qazandırdı.
Ümummilli lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynalxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Ulu öndərimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynalxalq təşkilatlar və işgüzar dairələrdə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmışdır. İşğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülməyə başlanmışdır. «Əsrin müqaviləsi» imzalanmış, təhsilimiz, iqtisadiyyatımız  yenidən qurulmağa başlanmış, elmimiz dünya təhsil sisteminə inteqrasiya olunmuşdur.
Umümmilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə təhsil sahəsində gördüyü işlər, təhsil sistemində islahatlar sadə azərbaycanlı müəllimi kimi məni də hədsiz sevindirir. Onun müəllim adını hər şeydən üstün tutması qəlbimi fərəhlə doldurur:
<< Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.>>
<< Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.>> deyən Ulu öndərimiz gördüyü işlərlə bunu bir daha sübuta yetirir.
 Adətən insan ömrünü onun gördüyü işlərin miqyası,dəyəri ilə ölçürlər. O insanlar dünyada,tarixdə əbədilik qazanırlar ki, onlar Tanrının bəxş etdiyi qeyri-adi istedadlarını, fövqəl güclərini, iradələrini insanların xoşbəxtliyi,xalqlarının azadlığı, dövlətlərinin çiçəklənməsi üçün sərf edirlər.Bu baxımdan xalqımızın böyük oğlu,dünya şöhrətli ictimai-siyasi  xadim,Ümummilli lider Heydər Əliyevin 80 illik ömrü tariximizə qızıl hərflərlə həkk olunmuş, dünya tarixində layiqli yer tutmuş, nadir şəxsiyyətlər cərgəsində dayanmışdır.
Ümummilli liderimizin zəngin həyatı həmişə təhsillə bağlı olmuşdur:
<<Məktəb,maarif,təhsil işi ilə həmişə sıx bağlı olmuşam…Hesab edirəm ki,cəmiyyət haradan olursa olsun,nədən olursa olsun,kəsib təhsilə xərcləməli,gənc nəslin təhsilinə ,müəllimə kömək etməlidir.Bu,mənim prinsipal mövqeyimdir.>>
Bu kəlamlar böyük rəhbərimizin təhsilə nə qədər önəm verdiyinin təzahürüdür.
<<Təhsil millətin gələcəyidir.>> deyən Ümumilli liderimiz Heydər Əliyev təhsil sistemimizdə olan problemlərin optimal həlli üçün Azərbaycan tarixində ilk dəfə Təhsil sahəsində islahatlar aparılması üçün tapşırıqlar vermiş,bu məqsədlə 1998-ci il martın 30-da Prezident sərəncamı ilə Azərbaycan Respublikasında Təhsil Sahəsində İslahatlar üzrə Təhsil naziri M.Mərdanovun sədirliyi ilə Dövlət Komissiyası yaradılmışdır.
1998-ci ildə müstəqil  Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirilmiş və xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etmişdir.Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün bir proqram idi.Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradılmışdır.
Ulu öndər 1999-cu ilin iyunun 15-də Milli Qurtuluş günündə Təhsil Sahəsində İslahat Proqramını xüsusi sərəncamla təsdiq edərək təhsil sistemində islahatların əsas məqsədini  müəyyən etmişdi:
<<Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki,Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın….On illərlə  əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir.Əgər biz bu yolla gedəriksə,qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik>>.
Ümummilli liderimizin rəhbərliyi,tövsiyəsi ilə hazırlanmış proqramlar,strateji yol Azərbaycan təhsilinin, onun maddi-texniki bazasının uzunmüddətli,dinamik inkişafını təmin etmişdir: <<Məktəbə, təhsilə qayğı  və kömək Azərbaycan dövlətinin siyasətində mühüm yer tutur.>>
Ulu öndərimizin daxili və xarici siyasəti,iqtisadi plan və proqramları bu gün Heydər Əliyev məktəbinin layiqli yetirməsi, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir və edəcək.
Respublikamızın Prezidenti cənab İlham Əliyev Ümumilli liderimizin ideyalarını ləyaqətlə davam etdirərək təhsilimizin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət yetirir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və  İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva  bu gün Azərbaycan təhsilinin qayğıkeşidir.
<<Məktəblərimizdə Azərbaycan dövlət müstəqilliyinin, azadlığının mənası geniş tədris olunmalıdır. Bu, çox əhəmiyyətlidir, çünki vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır.>>
Bugünkü azərbaycan məktəblisi böyük fəxarətlə Cavanşiri, Babəki, Tomrisi, Atabəy Şəmsəddin Eldənizi, Uzun Həsəni, Qara Yusifi, Şah İsmayıl Xətaini, Səttarxanı, M.Ə.Rəsulzadəni, F.Xoyskini, S.Mehmandarovu, Ə.Şıxlinskini və b. bu kimi bir çox tarixi şəxsiyyətləri, onların vətən tarixində rolunu öyrənir.
 XX yüzillikdə xalqın daha bir Dahisi yetişdi-Heydər Əliyev. Mustafa Kamal Atatürk, Corc Vaşinqton, Cəvahirləl Nehru və başqaları kimi  Heydər Əliyev də dünya tarixində layiqli yer tutmuş  tarixi yaradan idi, tarixin özü idi...
Tarix sübut edir ki, istənilən dövrdə hər hansı bir xalqın qəhrəmanlıq salnaməsini dahi şəxsiyyətlər, xalqı öz arxasınca apara bilən liderlər yazırlar. Bəli, Azərbaycanın müasir tarixini Ulu öndər Heydər Əliyev vətənə təmənnasız xidmətiylə, qəlbində döyünən Azərbaycan eşqiylə, min bir əzablarla, vətənpərvər dəyanətiylə yazdı. Ömrünü Azərbaycan Respublikasının inkişafına, xalqımızın tərəqqisinə sərf etmiş Heydər Əliyevin fenomen bir şəxsiyyət kimi ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi misilsiz işlər, uzaqgörənliklə apardığı konstruktiv siyasi xətt, ümumiyyətlə, Heydər Əliyev vətənpərvərliyi müasir gənclər üçün örnək olmalı və bir ibrət dərsi kimi öyrədilməlidir.
Buna görə hər  bir  Azərbaycan  müəlliminin  ən əsas vəzifə borcu   Vətənimizə layiqli şəxsiyyətlər, düşməndən qisas ala biləcək  vətənpərvər əsgərlər yetişdirmək, müstəqil və demokratik Azərbaycanı yaşadacaq  vətəndaşlar tərbiyə etməkdir.

Məmmədova Sənubər

1 комментарий: