Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Həcc ziyarətinə gedən zəvvarların bir qrupu ilə görüşdə çıxışı - Prezident sarayı, 28 mart 1998-ci il
Mən elə bilirəm ki, hər birinizin deməyə
sözünüz vardır. Bu təbiidir. Ancaq siz mənə inanın, bu gün mən bir neçə
görüş keçirmişəm. Sizinlə bu görüşdən sonra isə Fransadan gəlmiş böyük
bir nümayəndə heyətini qəbul etməliyəm. Onlar indi məni gözləyirlər. Mən
sizinlə bir neçə saat söhbət etmək arzusundayam. Güman edirəm ki, biz
vaxt tapıb bunu edəcəyik. Ancaq siz indi yol üstündəsiniz, mənimsə
sizdən sonra daha bir görüşüm vardır.
Xoşbəxt adamlarsınız ki, Məkkə və
Mədinəni ziyarət etmək sizə nəsib olubdur. Bu, hər bir müsəlmanın
həyatdakı arzusudur. Bilirsiniz ki, keçmiş zamanlarda bizim ulu
babalarımız nə qədər çətinliklərin öhdəsindən gələrək, piyada, o vaxtkı
nəqliyyat vasitələrindən istifadə edərək, neçə aylar vaxt sərf edərək
gedib Məkkəni, Mədinəni ziyarət edirdilər. Hər bir müsəlman bu ziyarəti
edəndən sonra onda böyük bir dəyişiklik əmələ gəlir. Sizə belə bir
xoşbəxtlik qismət, nəsib olubdur. Mən bundan ötrü çox şadam. Bizdə hər
il həcc ziyarətinə gedənlər var. Hərə öz imkanından istifadə edir. Ancaq
siz, Azərbaycanın böyük bir qrup vətəndaşları iki müqəddəs şəhərin
xadimi, Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdüləziz əl-Səudun
Azərbaycana göstərdiyi qayğının nəticəsində, onun hesabına bu ziyarəti
edəcəksiniz. Mən Səudiyyə Ərəbistanı kralının nümayəndəsinə öz
təşəkkürümü bildirdim, bir daha sizinlə birlikdə ona təşəkkür edirəm.
Ümid edirəm ki, bu, ənənəyə çevriləcəkdir, gələn illərdə də bizim
ölkəmizə, Azərbaycana bu qayğı göstəriləcəkdir. Siz bu imkandan birinci
istifadə edirsiniz. Yolunuz uğurlu olsun!
Mən də vaxtilə çox illər Məkkəni,
Mədinəni ziyarət etmək arzusunda olmuşam. Əziz dostum, qardaşım kral
Fəhd ibn Əbdüləziz əl-Səudun dəvəti ilə mən 1994-cü ildə Səudiyyə
Ərəbistanında rəsmi səfərdə olmuşam. O zaman mənə bütün bu müqəddəs
yerləri ziyarət etmək imkanı verilibdir. Şeyxülislam həzrətləri burada
qeyd etdi, - Səudiyyə Ərəbistanında Kəbənin də qapısını mənim üzümə
açdılar. Mənimlə olan adamlar da böyük bir xoşbəxtlik hissi keçirdilər
ki, biz Kəbəyə də daxil ola bildik.
Bu mənim həyatımda çox böyük bir hadisə
olmuşdur. Mən bunu heç vaxt unutmayacağam. Şübhəsiz ki, imkan olanda mən
bunu təkrar da etmək istərdim. Ancaq uzun illər həsrətində olduğum
Məkkəni, Mədinəni ziyarət etmək mənim üçün böyük bir səadət olmuşdur.
Mən bunu heç vaxt unutmaram. İndi bu, sizə də nəsib, qismət olubdur.
Güman edirəm ki, sizin həcciniz qəbul olunacaqdır, sağ-salamat gedib
gələcəksiniz, bu ziyarəti edəndən sonra ölkəmizə, vətənimizə,
dövlətimizə daha da çox xidmət edəcəksiniz. Çünki bu ziyarət insanları
çox şeylərə dəvət edir. İnsanlar bu ziyarətdən sonra çox şeyləri daha da
doğru-düzgün dərk edirlər. Güman edirəm, siz özünüz bunu hiss
edəcəksiniz.
Mən sizə yaxşı yol arzulayıram. Sağ-salamat gedib gələsiniz. Siz həmişə belə gözəl işlərlə məşğul olasınız.
Sağ olun. Yaxşı yol!
Комментариев нет:
Отправить комментарий