Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

пятница, 22 февраля 2013 г.

Milli mənəvi dəyərlərimiz haqqında

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Həcc ziyarətinə gedən zəvvarların bir qrupu ilə görüşdə çıxışı - Prezident sarayı, 28 mart 1998-ci il


  

Mən elə bilirəm ki, hər birinizin deməyə sözünüz vardır. Bu təbiidir. Ancaq siz mənə inanın, bu gün mən bir neçə görüş keçirmişəm. Sizinlə bu görüşdən sonra isə Fransadan gəlmiş böyük bir nümayəndə heyətini qəbul etməliyəm. Onlar indi məni gözləyirlər. Mən sizinlə bir neçə saat söhbət etmək arzusundayam. Güman edirəm ki, biz vaxt tapıb bunu edəcəyik. Ancaq siz indi yol üstündəsiniz, mənimsə sizdən sonra daha bir görüşüm vardır.
Xoşbəxt adamlarsınız ki, Məkkə və Mədinəni ziyarət etmək sizə nəsib olubdur. Bu, hər bir müsəlmanın həyatdakı arzusudur. Bilirsiniz ki, keçmiş zamanlarda bizim ulu babalarımız nə qədər çətinliklərin öhdəsindən gələrək, piyada, o vaxtkı nəqliyyat vasitələrindən istifadə edərək, neçə aylar vaxt sərf edərək gedib Məkkəni, Mədinəni ziyarət edirdilər. Hər bir müsəlman bu ziyarəti edəndən sonra onda böyük bir dəyişiklik əmələ gəlir. Sizə belə bir xoşbəxtlik qismət, nəsib olubdur. Mən bundan ötrü çox şadam. Bizdə hər il həcc ziyarətinə gedənlər var. Hərə öz imkanından istifadə edir. Ancaq siz, Azərbaycanın böyük bir qrup vətəndaşları iki müqəddəs şəhərin xadimi, Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdüləziz əl-Səudun Azərbaycana göstərdiyi qayğının nəticəsində, onun hesabına bu ziyarəti edəcəksiniz. Mən Səudiyyə Ərəbistanı kralının nümayəndəsinə öz təşəkkürümü bildirdim, bir daha sizinlə birlikdə ona təşəkkür edirəm. Ümid edirəm ki, bu, ənənəyə çevriləcəkdir, gələn illərdə də bizim ölkəmizə, Azərbaycana bu qayğı göstəriləcəkdir. Siz bu imkandan birinci istifadə edirsiniz. Yolunuz uğurlu olsun!
Mən də vaxtilə çox illər Məkkəni, Mədinəni ziyarət etmək arzusunda olmuşam. Əziz dostum, qardaşım kral Fəhd ibn Əbdüləziz əl-Səudun dəvəti ilə mən 1994-cü ildə Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuşam. O zaman mənə bütün bu müqəddəs yerləri ziyarət etmək imkanı verilibdir. Şeyxülislam həzrətləri burada qeyd etdi, - Səudiyyə Ərəbistanında Kəbənin də qapısını mənim üzümə açdılar. Mənimlə olan adamlar da böyük bir xoşbəxtlik hissi keçirdilər ki, biz Kəbəyə də daxil ola bildik.
Bu mənim həyatımda çox böyük bir hadisə olmuşdur. Mən bunu heç vaxt unutmayacağam. Şübhəsiz ki, imkan olanda mən bunu təkrar da etmək istərdim. Ancaq uzun illər həsrətində olduğum Məkkəni, Mədinəni ziyarət etmək mənim üçün böyük bir səadət olmuşdur. Mən bunu heç vaxt unutmaram. İndi bu, sizə də nəsib, qismət olubdur. Güman edirəm ki, sizin həcciniz qəbul olunacaqdır, sağ-salamat gedib gələcəksiniz, bu ziyarəti edəndən sonra ölkəmizə, vətənimizə, dövlətimizə daha da çox xidmət edəcəksiniz. Çünki bu ziyarət insanları çox şeylərə dəvət edir. İnsanlar bu ziyarətdən sonra çox şeyləri daha da doğru-düzgün dərk edirlər. Güman edirəm, siz özünüz bunu hiss edəcəksiniz.
Mən sizə yaxşı yol arzulayıram. Sağ-salamat gedib gələsiniz. Siz həmişə belə gözəl işlərlə məşğul olasınız.
Sağ olun. Yaxşı yol!

Комментариев нет:

Отправить комментарий