Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

суббота, 17 мая 2014 г.

среда, 19 марта 2014 г.

Novruz bayramınız mübarək olsun!

Bayramlar Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.

Novruz, novruz bahara,
Güllər, güllər nübara,
Bağçamızda gül olsun,
Gül olsun bülbül olsun,
Bahar gəldi, Bahar gəldi, Xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.
Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. ….. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar:

Novruz deyimləri

Novruz mətləbini versin
Novruz gülünə dönəsən
Novruz payı yeyəsən
Novruza niyaz eləyəsən
Novruz üzünə gülsün
Novruzda bəxtin açılsın
Novruz falın uğurlu olsun
Novruz xonçan düşərli olsun
Novruz köməyin olsun
Ürəyin Novruz qədər qutlu olsun
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.
Xalqın adətinə görə bayram günü süfrə dolu olmalı, qız-gəlin təzə yaylıq, çəkmə geyməliydir, evlərdə hanalar qoyular, bayram xalçaları toxuyardılar.
Novruz bayramının  Novruz  süfrəsi, Novruz  xonçası var. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirnilər bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və s. aiddir.
Bayram süfrəsində  adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və s, çərəzlər olur. Bəzən axır çərşənbə həm də yeddiləvin gecəsi adlanır. Bu zaman süfrədə yeddi növ çərəz olmalıdır.
Çox vaxt yeddi sin süfrəsi də açılır. Yeddi sin süfrəsi sin “s” hərfi ilə başlayan sirkə (dad və zövqə işarədir), sarımsaq (sağlamlıq), səbzə(ümid), sumax (bərəkət), sikkə (varlıq), saat( uzun ömür) və su (aydınlıq) deməkdir. Süfrənin ortasında qırağı şamlarla bəzədilmiş səməni qoyulur.
Səməni, saxla məni,
İldə göyərdərəm səni
Səməni sazana gəlmişəm
Uzana-uzana gəlmişəm

Azərbaycanda lap qədimlərdən novruz şənliklərində “Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvkəs”, “Kosa-kosa”, “Qaravəlli” və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə “Kəndirbaz”, “Masqara”, tamaşaları hazırlanır.
Bu oyunların içərisində ən geniş yayılmışı “Kosa-kosa” oyunudur. Cavanlar bir yerə toplaşıb, zirək, hazırcavab bir oğlana dəri kürkü tərsinə geydirib. Başına uzun motal papaq taxıb aşağıdakı mahnını oxuya-oxuya gəzirlər:

A kosa-kosa, gəlsənə,
Gəlib salam versənə
Çömçəni doldursana
Kosanı yola salsana
 
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər
Yığar bayram xonçasın
Hər yerdə düyün eylər.
Bayram şənliyində  keçirilən bu oyunlar özünəməxsus yer tutur. Novruz bayramının çərşənbələrində həyətlərdə tongal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır. Odun üstündən hoppananlar nəğmələrdə oxuyarlar.
Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.
Yaxud:
Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.
Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.
Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.
Onların qurşaqlarına qovurqa, boyanmış yumurta, alma, armud, ərik, qavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar. Azərbaycanın böyük şairi Şəhriyar da " Heydərbabaya salam" əsərində bu qurşaq sallamadan danışıb:
Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydaydı şal sallamaq,
Bəy şalına bayrampayı bağlamaq.

Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın.
Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.
Bu əziz bayram ərəfəsində hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına, onların ailələrinə bir daha səadət, firavanlıq, cansağlığı arzu edirik və uğurlar diləyirik 



18:38, 18 mart 2014
 



 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.



"Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və bahar əhval-ruhiyyəsi arzulayıram.

Milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. Kainatın dəyişməz ahəngi və əbədi qanunları ilə bağlı bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür. Novruz ənənələri dəyərlər sistemimizdə müstəsna yer tutmuş, xalqımızın təfəkkürünün ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Cəmiyyət üzvləri arasında qarşılıqlı ünsiyyətə çağırması, səmimiyyəti gücləndirməsi və yüksək əxlaqi keyfiyyətlər formalaşdırması onu ən ali insani xüsusiyyətlərin daşıyıcısı kimi ümumbəşəri mədəni sərvətlər sırasına daxil etmişdir.

Bahar bayramı keçmişimizin ən çətin dövrlərində belə zehinlərdən silinməyib gələcəyə inamımızı sarsılmağa qoymamışdır. Qəlbimizin dərinliklərində kök salaraq milli özünüdərk məfkurəsini yaşatması sayəsində o, ötən əsrin sonlarına doğru Azərbaycanda müstəqil dövlətçilik ideallarının gerçəkləşməsini təmin edən mühüm amillərdəndir. Mənəvi mədəniyyətimizin zənginliklərini özündə toplamış qədim Novruz mərasimlərini qloballaşmanın vüsət aldığı, sürətlə dəyişən dünyada bütün rəngarəngliyi ilə layiqincə qoruyub saxlaması müasir Azərbaycanın tarixi-mədəni və milli-mənəvi irsə bağlılığının rəmzidir.

Yazın gəlişi onun yeniləşdirici ovqatına uyğun, yurdumuzun hər bir guşəsində aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri və insanlarımızın rifahını əsaslı surətdə yaxşılaşdıran çoxsaylı nailiyyətlərlə səciyyələnir. Bizimlə birgə baharı azərbaycançılıq düşüncəsi işığında minlərlə soydaşımız ölkəmizin hüdudlarından uzaqlarda qarşılayırlar. Həmrəyliyimizin rəmzi olaraq bu ümumxalq bayramı qoy hər bir ailəyə bol sevinc və ruzi-bərəkət bəxş eləsin.

Hamınızın əziz Novruz bayramınız mübarək olsun!"