Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

суббота, 11 мая 2013 г.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda Gül bayramı təşkil edilmişdir

 
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə paytaxtımızda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, səhər tezdən başlayaraq paytaxtımızın sakinləri ilə yanaşı, şəhərimizin qonaqları da dünyanın bir sıra ölkələrindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parkı həvəslə ziyarət edirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək və bitkilərdən, yarpaqlardan hazırlanmış rəngarəng kompozisiyalar görünüşü və ifadəliliyi ilə seçilir, ziyarətçilərdə xoş ovqat yaradır.
Nağıllar və gözəllik aləmini xatırladan parkın girişinə çiçəklərlə bəzədilmiş qala qapıları formasında quraşdırılmış tağlar xüsusi yaraşıq verir.
Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament ağ güllərlə hörülmüşdür.
Sakinlər başdan-başa bahar ətirli güllərə qərq olmuş parkın gözəlliyini seyr edərək burada xatirə şəkilləri çəkdirirlər.
Parkda gəzintiyə çıxanlar sırasında hər yaşdan, müxtəlif  millətlərdən olan insanları görmək mümkündür.
Parkdakı al-əlvan gül-çiçək çələnglərinə tamaşa edərkən bir daha bu bayramın Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsi olduğunu hiss edirsən. Parkboyu sərgilənmiş gül kompozisiyaları, onlardan hörülmüş fiqurlar, dünyanın fərqli yerlərindən paytaxta gətirilmiş nadir çiçəklər və bitkilər, tətbiqi sənət nümunələri, rəsm, plakat, panno və müxtəlif əl işləri hamını heyran edir.
Gül bayramında Nəsimi rayonundakı təhsil müəssisələrinin hazırladıqları çoxsaylı əl işləri nümayiş etdirilir. Bu işlərdə 50 mindən artıq güldən istifadə edilmişdir.  Həmin işlərin fonunda gül bayramı  açıq havada düzəldilmiş əsrarəngiz muzey təəssüratı yaradır.
Rayonun ali, orta ixtisas və ümumi təhsil məktəblərinin, səhiyyə müəssisələrinin, uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin müxtəlif çiçək və güllərdən, bitkilərdən hazırladıqları rəngarəng tablolar, applikasiyalar Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini daha çox cəlb edir.
Bakı şəhərinin orta məktəblərinin təqdim etdikləri güldən kompozisiyalar xüsusi maraq doğurur. Bu əsərlər yaradıcılarının böyük istedadından və özünəməxsus fantaziyasından xəbər verir.
Parkdakı fəvvarələr güllərlə bəzədilmiş, gözəl və rəngarəng gül kompozisiyaları, müxtəlif fiqurlar arasında ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva ilə bağlı əl işləri də yer almışdır.
Burada müxtəlif dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, gözoxşayan eksponatlardan ibarət sadə və eyni zamanda orijinal üslublu kompozisiyalar qurulmuşdur.
Bu ürəkaçan mənzərəni heyranlıqla seyr edərkən bir daha əmin olursan ki, ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də böyük hörmət və məhəbbətlə xatırlanır. Çünki builki gül bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvan rəngə bürünmüşdür. Boyaların, rənglərin gözəlliyi bu məkanı ziyarət edən hər kəsdə xoş ovqat yaradır.
Parkdakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin gözləri ilə baxmağa vadar edir. Maraqlısı odur ki, minlərlə çiçəyin bir arada toplandığı bu məkanda heç nə bir-birini təkrarlamır.
Şəhər sakini Nigar Zamanzadə deyir: Belə bir xoş ənənə ümummilli liderin adını əbədiləşdirəcəkdir. Çünki bu bayram nəinki dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə ümumxalq ehtiramının təntənəsidir, həmçinin gözəl paytaxtımızı əlvan və rəngarəng güllərlə, çiçəklərlə boyayır.
Güllərlə bəzədilmiş bu rəngarəng parkda gəzintiyə çıxan digər paytaxt sakini Mirzə Paşayev də digərləri kimi rəngarəng gül kompozisiyalarına tamaşa edərkən öz heyrətini saxlaya bilmir. Deyir ki, hər il məhz bu günü səbirsizliklə gözləyirik. Çünki hər il Gül bayramının ümumxalq təntənəsi ilə qeyd edilməsi ölkəmizin inkişafı, paytaxtımızın getdikcə gözəlləşməsindən əlavə, insanların qəlbində əsl bahar ovqatı yaradır. Təsadüfi deyildir ki, bu möhtəşəm bayramı seyr etmək üçün şəhərimizi ziyarətə gələn xarici qonaqların da sayı ildən-ilə artmaqdadır.
Azərbaycan xalqının ümummilli liderinin abidəsinin ucaldığı parkda gül bayramının təşkil olunması dahi şəxsiyyətin ruhuna ehtiram əlaməti olmaqla yanaşı, həm də paytaxt sakinlərinin xoş istirahətinin təşkili baxımından da gözəl addımdır.

Комментариев нет:

Отправить комментарий