Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

понедельник, 4 марта 2013 г.

Müstəqil Azərbaycanda qadın siyasəti

Müstəqillik hər bir xalqın ən böyük sərvətidir. Bunu əldə etmək nə qədər çətindirsə, qoruyub saxlamaq ondan da qat-qat çətindir. Bütün təsisatları ilə tam şəkildə formalaşana qədər müstəqillik qazanan ölkələrə qarşı daim təhdidlər, təzyiqlər olur. Müstəqilliyimizi əldə etməyimizdən böyük bir zaman keçməsə də, hər halda, bunun əbədi və dönməz olduğunu bütün dünyaya çatdıra bilmişik. Bu tarixi uğurun əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli dövlət adamı Heydər Əliyevin böyük xidməti danılmazdır.

Bu gün Azərbaycanın üçrəngli bayrağının dünyanın ən böyük beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatının iqamətgahında müstəqil dövlətlərin bayraqları ilə bir yerdə dalğalanması hər birimiz üçün fəxredici, qürurverici məsələdir. Bir daha qeyd edim ki, biz bunun üçün müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevə borcluyuq.
Müstəqillik həm də ölkədə demokratik təsisatların bərqərar olması üçün münbit şərait yaradır, yaxud da yaranmasında mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar isə bütövlükdə dövlət institutlarının inkişafına gətirib çıxarır. Bu mənada mən diqqəti bu gün Azərbaycanda qadın siyasətinə yönəltmək istəyirəm. Ulu öndər Heydər Əliyev və ümumən dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib.
Tarixi həqiqətdir ki, bütün dövrlərdə və dünyanın hər yerində qadına münasibət məsələsi həmişə gündəmdə olmuşdur. Qadına münasibət dedikdə heç də kişinin qadına və yaxud qadının kişiyə münasibəti nəzərdə tutulmur. Qadına münasibət məsələsi qadının cəmiyyətdəki yeri və rolu kimi götürülür.
Azərbaycanda qadına münasibət həmişə yüksək olmuşdur. Qadın anadır, həyat yoldaşıdır və həm də bəşəriyyətin yarıdan çoxunu təşkil edən varlıqdır.
Bu da bir həqiqətdir ki, Azərbaycan qadını XX əsrdən kişilərlə çiyin-çiyinə, bərabərhüquqlu vətəndaş kimi cəmiyyətdə çox fəal olmuşdur. Azərbaycan müstəqillik qazandıqdan sonra isə qadınlarımıza hörmət və diqqət daha da artmışdır. Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkəmizdə ümumi əhalinin 51%-ni qadınlar təşkil edir. Onların 52%-i şəhər, 48%-i kənd yerlərində yaşayırlar. Qadınların 23%-i 14 yaşınadək, 69%-i 15-64 yaşlarında, 8%-i isə 65 və daha yuxarı yaşlardadır.
Hazırda Azərbaycanda 28 doğum evi, 331 qadın məsləhətxanası, 596 uşaq poliklinikası və ambulatoriya, 1750 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Azərbaycanda qadınların orta yaş həddi 75,1 ildir. Bu, kişilərin orta yaş həddindən 5,4 il artıqdır.
Bu gün qadınlarımızın 49,5%-i əmək fəaliyyətilə məşğuldur. Ümumtəhsil məktəblərində müəllimlərin 71%-i, texnikumlarda 73%-i, ali məktəblərdə 47%-i, həkimlərin isə 61%-i qadınlardır.
15 yaşından yuxarı hər 1000 qadından 745-i ali və tam orta təhsilə malikdir. Ümumtəhsil məktəblərində şagirdlərin 48%-i, texnikumlarda 70%-i, ali məktəb tələbələrinin isə 50%-i qızlardır. Aspirant və doktorantların 28%-i qadınlardır.
Ölkəmizdə bütün elmi işçilərin 50%-ni qadınlar təşkil edir. Milli Məclisin deputatlarının 11,2%-i qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınlar 39%, sahibkarlar arasında isə 15%-dir. İdmançılarımızın 20%-ni qadınlar təşkil edir. Hazırda ölkənin ev təsərrüfatlarının 21%-nə qadınlar rəhbərlik edirlər. Bu rəqəmlər çağdaş dövrümüzün qadın siyasətinin göstəriciləridir. Hesab edirəm ki, arzuolunan bir nəticədir.
XX əsrin 60-cı illərinin sonlarından ölkəmizə rəhbərlik etməyə başlayan Heydər Əliyev qadın azadlığına, qadınların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət verib. Buna misal, ötən əsrin 70-ci illərinin sonlarında Azərbaycanda həkimlərin 62%-ni qadınların təşkil etməsini göstərmək olar. O zaman Ali Sovetin deputatlarının 37 nəfərinin qadın olması demək olar ki, Şərq qadınına sayğının, etimadın bariz nümunəsi idi. Müqayisə üçün bildirək ki, o zamanlar Amerikada 12, İngiltərədə 26, Fransada 2, İtaliyada 33, İranda 7 qadın deputat var idi. Bu rəqəmləri təsadüfən diqqətə çatdırmıram. Baxın, Avropanın indi problem olaraq gördüyü məsələni Ulu öndər hələ ötən əsrin 70-ci illərində gerçək həyata çevirmişdi. Hələ o zamanlar Heydər Əliyev ali məktəb və texnikumlarda təhsil alan qadınların sayının artırılmasına və onların elmlə məşğul olmasının stimullaşdırılmasına diqqət verməyi vacib məsələ kimi qarşıya qoyurdu. Göründüyü kimi, Azərbaycanda bu sahədə elə də ciddi problemlər yaşanmayıb. Məhz Heydər Əliyevin uğurlu fəaliyyəti sayəsində və onun siyasi xəttinin nəticəsində Azərbaycanda qadınlar həmişə özlərini sözün həqiqi mənasında cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss ediblər. Bu, Heydər Əliyev siyasətinin tərkib hissəsidir.
Söz yox ki, qadınlara münasibətlə bağlı müəyyən problemlər mövcuddur. Bəziləri bunu şərqli olmağımızla əlaqələndirirlər. Lakin mən düşünürəm ki, bunu yalnız Azərbaycan, yaxud da Şərq problemi kimi qabartmaq düz deyil. Çünki bu məsələ qlobal xarakterli məsələdir və təsadüfi deyil ki, hələ ötən əsrin 70-ci illərindən BMT gender tədqiqatlarına xüsusi diqqət ayırır. Bu qurumun təşəbbüsü ilə 1975-ci ilin dünya səviyyəsində Beynəlxalq qadın ili kimi qeyd edilməsi də bu fikri bir daha təsdiqləyir.
Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycan qadınına olan sayğını daha da artırdı. Onun ölkəmizdə açıq cəmiyyət uğrunda gördüyü işlər gender probleminin həlli üçün hərtərəfli baza yaratdı. Burada bir məsələni xüsusi vurğulamaq istəyirəm. Heydər Əliyevin qayıdışı Azərbaycanın müharibə şəraitində olduğu bir zamana təsadüf edirdi. Yəqin ki, müharibə dövründə qadınların daha böyük məhrumiyyətlərlə üzləşdiyini hamı təsdiqləyər. Çünki hər hansı insan itkisi bir ananın övladını, bir qadının ailə başçısını, bir qızın nişanlısını itirməsi deməkdir. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra analarımızın, gəlinlərimizin, qızlarımızın göz yaşları qurudu, atəşkəs əldə edildi. Düzdür, bu gün də Ermənistanın təcavüzkar və terrorçu siyasəti ucbatından bu atəşkəs pozulur, ara-sıra müəyyən itkilər olur. Ancaq bu, kütləvi deyil. Bu mənada hər birimiz Ümummilli liderin siyasi dəsti-xəttinə və bu dəsti-xəttin layiqli davamçısı cənab Prezident İlham Əliyevə minnətdarıq.
Məhz Heydər Əliyevin müəllifliyi ilə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib. Bununla demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarıb. Ümumiyyətlə, Heydər Əliyev siyasi xəttinin bərqərar olduğu zamanlarda qadınlarımızın hüquqlarının qorunması, onların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün mümkün olan bütün işlər görülüb. Nəzərinizə çıtdırmaq istəyirəm ki, bu gün Heydər Əliyev dedikdə müstəqil Azərbaycan dövləti, müstəqil Azərbaycan dedikdə isə Heydər Əliyev yada düşür. Bu ifadələr leksikonumuzda sinonim kimi işlədilir. Ona görə də Heydər Əliyevin Azərbaycan qadınına cəmiyyətdə yüksək yer verməsindən danışarkən, bu həm də elə Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü iş kimi qəbul edilməlidir.
1995-ci ilin iyununda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə bütün ayrı-seçkilik formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşuldu. Elə həmin ilin yayında Heydər Əliyev Çində keçirilən Qadınların IV Beynəlxalq Konfransında qadınlarımızın yüksək səviyyədə təmsil olunmaları üçün Milli Hazırlıq Komitəsinin yaradılması barədə sərəncam imzaladı. Tarixə Pekin Konfransı kimi düşən beynəlxalq toplantının qəbul etdiyi qərar və qətnamələr dünyada qadın problemlərinin həllinin tezləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Amma bütün dünyanın bu şəkildə qəbul etdiyi Pekin Konfransından öncə məhz Heydər Əliyevin siyasi düşüncəsi, Azərbaycan qadınına böyük sayğısı bu işlərin ölkəmizdə hələ xeyli illər öncədən həyata keçirilməsinə start vermişdi.
Azərbaycan Prezidenti Heydər Əliyevin 14 yanvar 1998-ci il fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi isə görülən işlərin zirvə nöqtəsi oldu. Bununla qadınlara əlavə səlahiyyət verildi, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradıldı. Bu sənəd hər bir mənada ölkəmizdə qadınların daha fəal olmasına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət siyasətinin göstəricisidir.
Bu bir həqiqətdir ki, 2000-ci ilin mart ayının 6-da Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. Təqdirəlayiq haldır ki, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı sənəd kimi qəbul olunub.
Bütün bunlar onu göstərir ki, Azərbaycanda qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Azərbaycan bu sahədə problemlərin həllinin tərəfdarıdır. Ümumən götürdükdə, mən ölkəmizdə gender məsələləri ilə bağlı hər hansı problemin olmadığı fikrindəyəm. Ölkəmizin milli xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Bunu təsadüfən xatırlatmadım. Çünki bəzən əcnəbilərin tövsiyə etdikləri gender bərabərliyi ilə bizim milli adət-ənənələrimiz bir araya sığmır. Mən düşünürəm ki, belə məqamlarda mütləq milliliyə üstünlük verilməlidir. Sevindirici haldır ki, bu gün dövlətimizin gördüyü işlərdə bu məsələlər gözlənilir.
Ümumən Azərbaycanda qadınların fəallığının qısa müddət ərzində hərəkat halına gəlməsi Heydər Əliyev siyasəti nəticəsində özünün yüksək mərhələsini yaşayır. Azərbaycan qadınları Ümummilli liderin qayğısını heç zaman unutmayacaqlar.
Bu gün Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyir. Şərq və Qərb xüsusiyyətlərini özündə cəmləşdirən, milli dəyərlərimizin və mədəniyyətimizin təbliğatçısı, Azərbaycan adət-ənənələrinin qoruyucusu, ümummilli problemlərimizin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyeva ideal bir qadın obrazıdır və əminəm ki, bu obraz Azərbaycan qadınlarının dünyabaxışında, gələcəyində mühüm rol oynayacaqdır. Ona görə də ümumən qadınlarımız yaranmış bu imkan və şəraitdən istifadə etməlidirlər. Şübhə etmirəm ki, dövlətimizin diqqət və qayğısından yararlananlar yaxşı ana, nümunəvi həyat yoldaşı olacaqlar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə böyük və faydalı işlər görür və dövlətimizin bu sahədəki siyasətini uğurla həyata keçirir.

Комментариев нет:

Отправить комментарий