Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

среда, 20 февраля 2013 г.

Ulu Öndər

Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizi geridə qalmış respubilkadan çiçəklənən, inkişaf edən bir diyara çevirmişdir. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.
 Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı isə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Bir məqamı da xüsusi qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən muxtar respublikada həyata keçirdiyi islahatlar sonradan daha böyük miqyasda, bütün Azərbaycanda tətbiq olundu. Onun Naxçıvanda yaşadığı illərə nəzər saldıqda aydın görürük ki, bu gün haqqında ürək dolusu danışdığımız və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran yeniliklərin, islahatların təməli məhz o çətin illərdə qoyulub. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ulu öndər Heydər Əliyevə nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ildə ölkəmizin üzərini qara buludların aldığı çətin bir vaxtda, xalqın çağırışına səs verərək düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq üçün heç bir dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi bir məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Ulu öndər müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların ehtiramını qazandı. 1993-cü il oktyabrın 3-də yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini təkrarlayan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm,”- deyə vurğulayırdı. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi.
 2005-ci ildə Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi mitinqdə
Prezident İlham Əliyev 1993-cü ilin iyunun 15-də müstəqil Azərbaycanın tarixinin yeni səhifəsinin açıldığını bildirərək bugünkü Azərbaycanı həmin dövrün Azərbaycanı ilə müqayisə edərək söyləmişdir: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərcilk var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk.” Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran ümummilli lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” söyləməklə dünya sivilizasiyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu. Ulu öndər demokratik, sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunmasını, çoxpartiyalı sistemin yaradılmasını, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılmışdır. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv olundu. Bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə, ölüm cəzasının hələ də ləğv olunmadığını və mütəmadi olaraq tətbiq edildiyini nəzərə alsaq, ulu öndərin bu addımının nə dərəcədə böyük hüquqi, tarixi dəyərini dərk etmiş olarıq. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin dövrdən etibarən imzalanmış sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşmuşdur. Ümummilli lider hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə, bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə qəbul olunmuş ilk müstəqil Konstitusiyada bu məsələ önə çəkilir. 1995-ci ildən imzalanan əfv fərmanları və amnistiya aktları da dövlətin insan amilinə yüksək dəyər verdiyini təsdiqləyir. Bu günədək imzalanan 45 əfv fərmanı əsasında on minlərlə məhbus cəzaçəkmədən azad edilib. Bu fərmanların 32-si ümummilli lider Heydər Əliyev, 13-ü Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bu günədək qəbul olunan 8 amnistiya aktı 40 mindən artıq məhbusa şamil edilib. Qəbul olunmuş hər bir amnistiya aktını humanizm prinsiplərinin, humanizm ideyalarının qələbəsi kimi dəyərləndirən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bildirir: “Əsası dahi Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuş bu siyasət nəticəsində minlərlə insan azadlığa buraxılaraq normal həyata qayıdıb və bu gün də bu ənənələr davam edir. Allah vergisi olan insan ömrü hər bir şeydən uca və dəyərlidir. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Eyni zamanda, hər bir insan öz ömrünün, öz taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətimizə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Hər zaman mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib.” Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində də ulu öndər Heydər Əliyevin atdığı addımlar daim təqdir olunur. Mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, KİV-nin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılmış və tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin “Bunu dəfələrlə demişəm. Azərbaycanın müstəqilliyi dönməzdir. Azərbaycanda verilmiş bütün bu azadlıqların hamısı dönməzdir. Azərbaycanda mətbuat, fikir azadlığı dönməzdir - burada heç bir şey ola bilməz, heç kəs də bundan narahat olmasın” fikri bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Mətbuatımızın inkişaf tarixinə nəzər salsaq qeyd edə bilərik ki, bu tərəqqi daha çox 1998-ci ildə senzuranın ləğvindən sonra nəzərə çarpmağa başladı. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, müstəqil elektron KİV-nin, jurnalist qurumların və bu sahədə qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi demokratik mətbuatın mövcudluğunu təsdiq edən amillərdir. Ümummilli lider Heydər Əliyevin milli mətbuatımız qarşısındakı xidmətləri ictimai-siyasi miqyasına, tarixi əhəmiyyətinə və mahiyyətinə görə olduqca böyükdür. Ölkədə azad və müstəqil mətbuatın inkişafı, jurnalistlərin hüquqlarının qorunması üçün köklü istlahatlar aparıldı, qanunlar qəbul edildi. “Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-nin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir” - bu fikirlərin müəllifi olan ulu öndər Heydər Əliyev daim azad mətbuatın inkişafına diqqət göstərmişdir. Ulu öndərin bu istiqamətdə atdığı addımların uğurlu nəticələri isə göz qabağındadır. Dahi şəxsiyyət demokratikləşmə prosesinin iqtisadi inkişafda rolunu daim önə çəkirdi. Bu fikirdə bildirilirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi digər sahələrin inkişafı üçün əsasdır. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. Neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu. “1994-cü ildən Azərbaycan özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən asılıdır.” Ulu öndərin proqram xarakterli bu sözləri tək neft sənayesinin deyil, iqtisadiyyatın bütün sahələrinin inkişaf yollarını aydın göstərir. Dünyada elə dövlət yoxdur ki, müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərin zənginliyinə, strateji əhəmiyyətinə görə fərqlidir. Bu gerçəkliyi də unutmaq olmaz ki, təbii ehtiyatlardan düzgün istifadə edildikdə o, zəngin sərvətə çevrilir. Neft strategiyasının əsasını da bu prinsiplər təşkil edir. Neft strategiyasının əsasını təşkil edən Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici ölkələrin tanınmış neft şirkətləri ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii qaz hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilirdi. Təbii ehtiyatların xalqa məxsusluğunun sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 20 milyard dollardan artıqdır. Dövlət siyasətinin əsas prioritetləri kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də ulu öndər tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur. “Əsrin müqaviləsi”nin, onun ilk bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin dünyada doğurduğu əks-səda Azərbaycana marağı artırmaqla respublikamızı Cənubi Qafqazda lider dövlət kimi tanıtdırdı. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyü də deyilənlərin təsdiqidir. “Biz təşəbbüsləri gerçəkliyə çeviririk” söyləyən dövlət başçısı İlham Əliyev bu layihələrin ölkələr arasında dostluğun, əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyəti olduğunu bildirir. Gerçəkləşən hər bir layihə yeni layihənin gündəmə gətirilməsinə stimul verir. Əhəmiyyətinə görə enerji layihələrindən heç də geri qalmayan, Avropaya açılan üçüncü qapı kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolunun gerçəkləşməsi istiqamətində addımların atılması da Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. Heç şübhəsiz ki, bütün prioritetlərin əsasında isə qüdrətli respublikanın inkişaf perspektivləri - düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, çoxmillətli respublika olan Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün vətən olması, biri-birindən məsuliyyətli digər vəzifələr dayanır. Müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan həlli vacib məsələləri önə çəkərkən ulu öndər Heydər Əliyev milli birliyi, həmrəyliyi xüsusi vurğulayırdı. Xarici siyasətin əsas tərkib hissələrindən biri kimi dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birliyi mühüm vəzifə kimi qarşıya qoyulurdu. Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə biri-birindən çətin, o dövrdə həyati əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin təminatı konsepsiyası hazırlandı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1991-ci il dekabrın 16-da ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. O illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. 19 ildir ki, Azərbaycanın milli bayramları sırasına bir möhtəşəm tarix də əlavə olunub: 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. 2001-ci ilin noyabrın 9-10-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi ilə soydaşlarımızın həmrəyliyi təmin edildi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan etdi. Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Məlumdur ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın bir sıra problemlər yaşamasında ölkəmiz haqqında məlumatsızlıq da mühüm rol oynamışdı. 1992-ci ildə ölkəmizə qarşı tətbiq olunan “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəliş də bu məlumatsızlığın nəticəsidir. Dünyada cərəyan edən proseslərə təsir imkanlarına malik erməni diasporu ölkəmiz barədə mənfi rəy yaratmaqla həmin ədalətsiz qərarın tətbiqinə nail oldu. Bu düzəlişin ölkəmizə maddidən çox, mənəvi ziyanını önə çəkən ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Erməni yalanları faktlarla ifşa olundu. Ulu öndər Heydər Əliyev diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı, “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik” söyləyərək ordu qurculuğu sahəsində mühüm addımlar atdı. 1994-cü ilin mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı. Ümummilli lider eyni zamanda, müasir Azərbaycanın siyasi həyatının ən əlamətdar hadisələrindən olan Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Partiyanın hansı şəraitdə, hansı zərurətdən yarandığı aydındır. Bu o dövr idi ki, Azərbaycanın o vaxtkı rəhbərliyi, AXC-Müsavat iqtidarı Azərbaycanı uçurum qarşısında qoymuşdu. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Bir tərəfdən ölkədəki siyasi gərginlik, digər tərəfdən torpaqlarımızın ermənilər tərəfindən işğalı xalqın səbir kasasını doldururdu. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. 91 nəfər Azərbaycan ziyalısının ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir” müraciəti ölkə ictimaiyyəti arasında böyük canlanma yaratdı. Bu, yalnız 91 nəfərin deyil, ölkədə baş alıb gedən özbaşınalıqdan, siyasi gərginlikdən səbir kasası dolmuş bütöv bir xalqın Heydər Əliyevə böyük ümidinin ifadəsi idi. Müraciətdə deyilirdi: “İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respubilkada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduraraq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. ... Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar.” Ulu öndər Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabında isə bildirilir: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir.” Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zəruriyyətdən doğduğunu söyləyən ulu öndər Heydər Əliyev bildirmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və ulu öndər Heydər Əliyev YAP-ın sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550-dən artıq nümayəndə iştirak etdi. Bu gün partiyanın sıralarında 520 mindən artıq üzvün birləşməsi məhz Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri danılmazdır. Bugünkü müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan onun şah əsəridir. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan, “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyən cənab İlham Əliyev “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir” vədini doğrultdu. Azərbaycanın dinamik və sabit inkişafı üçün müstəsna əhəmiyyəti olan neft strategiyasının incəliklərinə dərindən bələd olan Prezident İlham Əliyevin əsası ulu öndər tərəfindən qoyulan yeni neft strategiyasını uğurla davam etdirməsi ilə Azərbaycan mühüm uğurlara imza atır. Vaxtilə neft ölkəsi kimi tanınan Azərbaycan bu gün həm də qaz ixracatçısıdır. Dünyanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin artan rolu ən yüksək səviyyələrdə qeyd edilir. Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, hər birimizin gələcək fəaliyyəti bütün sahələri əhatə edən uğurlu nəticələrdən asılıdır. Bu məqsədlə xüsusi proqramların hazırlanması dövlət siyasətinin başlıca vəzifəsi kimi qarşıya qoyulur. Atdığı addımlarda Heydər Əliyev siyasi kursunun, ulu öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Qazanılan hər uğur isə ümummilli lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərinin əməli nəticəsi kimi diqqət çəkir.
 Ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan demokratiyasının nümunə göstərilməsi, dinamik iqtisadi inkişafa malik qüdrətli ölkə kimi tanınması, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin alternativsizliyinin dünyanın tanınmış siyasətçiləri, politoloqları, nüfuzlu araşdırmalar mərkəzləri tərəfindən xüsusi qeyd edilərək, ən yüksək mükafatlara layiq görülməsi də bu fikrin təsdiqi, Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir.

Комментариев нет:

Отправить комментарий