Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur...Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву...This blog is dedicated to the National leader Heydar Aliev.

среда, 20 февраля 2013 г.

Heydər Əliyev milli əxlaqi dəyərlərimiz haqqında

Heydər Əliyev milli əxlaqi dəyərlərimiz haqqında

1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra təhsil sistemimizin təkmilləşdirilməsi, yeniləşdirilməsi, müasirləşdirilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilməsi zərurətə çevrildi.  Müstəqil dövlətin müstəqil təhsil sistemi olmalıdır. Bu müddəa əsas götürülərək milli təhsilin formalaşdırılması istiqamətində məqsədyönlü işlər görülməli idi.
 Azərbaycan xalqının arzusu və inamlı təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə,  o cümlədən təhsildə islahatlar həyata keçirilməyə başlandı.
1999-cu ildə ulu öndərimizin sərəncamı ilə  "Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı" qəbul olundu.
"2000-2005-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin tərbiyə işinin İnkişaf Proqramı" işlənib hazırlandı.
ümummilli liderimiz Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" (18 iyun 2001-ci il), "Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" (9 avqust 2001-ci il) fərmanlarını; "2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" (1 fevral 1997-ci il) sərəncamını; "Gənclər siyasəti haqqında" (9 aprel 2002-ci il) və "Uşaq hüquqları haqqında" (19 may 1998-ci il) Azərbaycan Respublikası Qanunlarını imzaladı.
Heydər Əliyev müxtəlif yığıncaqlardakı, görüşlərdəki, tədbirlərdəki məruzə və çıxışlarında, nitqlərində, bəyanatlarında təhsilə, gənc nəslin milli tərbiyəsinə, onların milli mənəvi dəyərlərə yiyələnmələrinin vacibliyinə, vətənpərvərliyə, adət və ənənələrimizin qorunması və yaşadılmasına aid çox qiymətli fikirlər irəli sürmüşdür.
Böyük öndər deyirdi: "Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Biz indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik...
Hər xalqın öz adət-ənənəsi var, öz milli mənəvi və dini dəyərləri var. Biz öz milli mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət və ənənələrimizlə fəxr edirik. Əsrlərin dərinliyindən bu günümüzə gəlib çatan adət-ənənələrimiz həmişə adamları saflığa, təmizliyə dəvət etmişdir".
ümummilli liderimiz gəncləri həyatda fəal mövqe tutmağa, vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırdı. Ulu öndər deyirdi: "Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun".
Heydər Əliyev gənclərə, onların qüvvəsinə, bilik və bacarığına inanır və yüksək qiymətləndirirdi. O, ümumtəhsil məktəbləri şagirdləri ilə "Bilik Günü"nə həsr olunmuş tədbirlərdə, ali məktəblərə qəbul olunmuş tələbələrlə  görüşlərində gənc nəsli biliklərə əzmlə yiyələnməyə, vətənin ləyaqətli övladları olmağa səsləyirdi: "Bizim məqsədimiz müstəqil Azərbaycanın gələcəyi üçün daha bilikli, zəkalı gənclər hazırlamaqdır...
Siz Azərbaycanın gələcəyini təmin edən insanlar olacaqsınız. Azərbaycan gələcəkdə sizin kimi gənclərin, formalaşmış insanların çiyinlərində yaşayacaqdır".
Ulu öndər gənclərdə yüksək mənəvi keyfiyyətlər tərbiyə etməyi tövsiyə edirdi: "Gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik".
Ulu öndərin dövlətçilik ənənələrinə sadiq qalan və onun kursunu layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyev də Azərbaycan təhsilinin dünyanın ən qabaqcıl dövlətlərinin təhsili səviyyəsinə qaldırılmasını, gənclərimizin milli, ümumbəşəri dəyərlərə, yüksək mədəniyyətə yiyələnmələrinə nail olmağı məqsədəuyğun hesab edir. Möhtərəm Prezidentimiz gənclərə böyük inamını ifadə edərək deyir: "Bilikli, savadlı uşaqlar, gənclər gələcəkdə Azərbaycanı idarə edəcəklər".
Heydər Əliyev xalqımızın mənəviyyatına yüksək qiymət verirdi: "Azərbaycan xalqının yüksək mənəviyyatı hər şeydən ucadır... Bu, həm xalq üçün, millət üçün, hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçündür".
Heydər Əliyev Vətəni ata ocağı adlandırır, insanın doğma yurda, torpağa bağlılığını vacib şərt hesab edirdi. Ulu öndərin düzgün qənaətinə görə, xalqın yüksək mədəniyyəti, mənəviyyatı, istedadı onun Vətəni ilə bağlıdır. ümummilli lider vətənpərvərlik hisslərindən danışarkən göstərirdi: "Hara getsək də, bizim fikirlərimiz, xəyallarımız daim bu torpaqdadır. Dünyada nə qədər ideyalar, məramlar varsa, hamısının kökü insanın torpağa bağlılığından inkişaf edir, insanları yüksək amallara səsləyir; insanlar birgə yaşayırsa, humanizmə, mədəniyyətə ilk əvvəl Vətən torpağında yiyələnirlər. Buna görə də xalqın yüksək mədəniyyəti, mənəviyyatı, istedadı onun Vətəni ilə bağlıdır. Vətənin tarixi, mədəniyyəti dünya sivilizasiyasında tutduğu yerlə ölçülür".
Bütün yuxarıda deyilənləri xüsusi vurğulayan Heydər Əliyev belə bir qənaətə gəlir ki, hər bir xalq, millət, insan yaratdıqları ilə Vətən torpağına şərəf gətirir, onun adını uca edir.
ümummilli lider dinimizin insana, o cümlədən böyüyən nəslə göstərdiyi böyük tərbiyəedici təsiri xüsusi qeyd edir və bu barədə deyirdi: "İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün nemətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməlidir və xüsusən cəmiyyətdə davranışında islam dininin tələblərinə uyğun olaraq özünü göstərməlidir".
Heydər Əliyev gənclərə öz vaxtlarının qədrini bilməyi, bu vaxtı səmərəsiz keçirməməyi, öz sağlamlıqları qayğısına qalmağı məsləhət görürdü. O, sağlam həyat tərzi keçirməyin vacibliyini xüsusi vurğulayırdı. Onun aşağıdakı fikirləri diqqəti cəlb edir: "Mən həyatın bütün mərhələlərini keçmiş bir adam kimi sizə deyirəm: Bu illəri boş keçirməyin, bu illəri itirməyin. öz fiziki sağlamlığınıza fikir verin. Onun üçün də gərək siz sağlam həyat tərzində yaşayasınız".
Ulu öndər ölkə vətəndaşlarına, xüsusən gənclərə öz tarixi keçmişini, Azərbaycan tarixini və coğrafiyasını, milli adət və ənənələrini, mədəniyyətini, ana dilini yaxşı bilməyi tövsiyə edirdi. Bu baxımdan ümummilli liderimizin aşağıdakı fikirləri son dərəcə qiymətlidir: "Hər bir Azərbaycan gənci... birinci növbədə, gərək öz dilini, ana dilini bilsin. çünki bu, anasının dilidir. Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, zəngin mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin. Dil hər bir millətin milliliyinin əsasıdır... Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin".
ümummilli lider tariximizi dərindən bilməyin vacibliyini vurğulayarkən diqqəti aşağıdakı məsələlərə yönəldirdi: "Əgər bunu bilmirsə, o, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər onu  bilməsə, o, millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz".
Heydər Əliyev irsində azərbaycançılıq ideyası xüsusi yer tutur. Ulu öndər respublikamızda yaşayan xalqların vahid ailədə yaşamalarının vacibliyini vurğulayır və diqqətə çatdırırdı ki, Azərbaycan bu ölkədə yaşayan xalqların hamısı üçün Vətəndir: "Biz azərbaycanlıyıq. Hamımızın Vətəni Azərbaycandır. Bizi bir xalq, bir millət, bir insan olaraq bu torpaq ərsəyə gətirmişdir. Buna görə də bizim hər birimizin canında azərbaycançılıq ruhu yaşayır. Bizi bir-birimizə bağlayan və daha çox birləşməyə sövq edən də azərbaycançılıq ruhu, azərbaycançılıq ideyası olmalıdır.  Hər bir dövlətin milli ideologiyası olur. Müstəqil Azərbaycan Respublikasının milli ideologiyası da azərbaycançılıq ideologiyasıdır".
Heydər Əliyev insanın formalaşmasında müəllimin rolunu yüksək qiymətləndirməklə yanaşı, onlardan öz peşələrinə daim hörmətlə yanaşmağı, öz elmi-nəzəri və metodik hazırlıqlarını, pedaqoji ustalıqlarını daim artırmağı tələb edirdi. Bu barədə deyirdi: "Müəllimlərə müraciət edirəm ki, onlar nəinki bu gün üçün, gələcək üçün də öz vəzifələrini, məsuliyyətlərini həmişə düşünsünlər".
ümummilli liderimiz, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tövsiyələri bu gün də aktualdır və həmişə öz aktuallığını saxlayacaq! Bu fikirlər bizi milli adət və ənənələrimizi, milli əxlaqımızı qoruyub-saxlamağa, vətənpərvər olmağa səsləyir.
Akif ABBASOV,
Təhsil Problemləri
İnstitutunun elmi katibi,
pedaqoji elmlər  doktoru, professor

Комментариев нет:

Отправить комментарий